Azərbaycan Respublikası Ali Məhkəməsi

Məhkəmələrə göndərilmiş icmal məktublardan
MƏHKƏMƏLƏRƏ GÖNDƏRİLMİŞ İCMAL MƏKTUBLARDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI APELLYASİYA MƏHKƏMƏSİNƏ AZƏRBAYCAN RESPUBLİKASI İQTİSAD MƏHKƏMƏSİNƏ NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİNƏ RESPUBLİKANIN BÜTÜN MƏHKƏMƏLƏRİNƏ
 
Son vaxtlar texniki üsul vasitələrdən istifadə etməklə sənədlərin dəyişdirilməsi və saxtalaşdırılması halları çoxalmışdır. Təcrübə göstərir ki, əksər hakimlər iş üçün əhəmiyyətli olan sənədlərin əslini qəbul edirlər. Lakin ayrı-ayrı işlərdə sənədlərin notariat qaydada təsdiq olunmayan ksero və yaxud fotosurətlərinə də təsadüf olunur.
 
Ali Məhkəməyə daxil olmuş mülki işlər öyrənilərkən müəyyən edilir ki, bəzi işlər üzrə hakimlər iddai ərizələrini qəbul edərkən ərizənin qəbul edilməsi barədə qeyd aparmır, ərizələr daxil olarkən məhkəmənin ştampı vurulmur, ərizənin nə vaxt verilməsi və qəbul edilməsi barədə məlumat olmur.
 
İddia ərizəsi verilərkən iddia ərizəsini verən şəxsin şəxsiyyəti müəyyən edilmir. Onun iddia vermək hüququnun olub-olmaması yoxlanılmır.
 
Bəzən də hakimlər onlara aid olmayan hüquqları öz üzərlərinə götürməklə qanunun tələbinə əməl etmirlər. Azərbaycan Respublikası MPM-nin 11-ci maddəsinə əsasən dövlət rüsumundan azad etmə hüququ İcra hakimiyyəti orqanlarına verilmişdir, məhkəmə yalnız xərcləri ödəməyə möhlət verə bilər, hissə-hissə ödətdirə bilər və ya həmin xərcləri azalda bilər.
 
Bundan əlavə, məhkəmələr işə baxarkən zərurət olmadığı halda eyni sənədlərin (ərizələrin, məktubların, şikayətlərin) makinada çoxaldılmış bir neçə nüsxəsini işə əlavə etməklə, işlərin yuxarı məhkəmələrdə öyrənilməsini ağırlaşdırırlar.
 
Məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə, kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əslləri tələb edilməlidir. Düzgünlüyü yoxlanıldıqdan sonra bu sənədlərin surətlərini qəbul etmək, habelə rəsmi sənədlərin yalnız notarial qaydada təsdiq olunmuş surətlərini işə əlavə etmək və eyni sənədləri təkrar qəbul etməmək tövsiyə olunur.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
S.C.HƏSƏNOVA
 
15 fevral 2002-ci il                                                       №2-9
 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİNƏ AĞIR CİNAYƏTLƏRƏ DAİR İŞLƏR ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASI MƏHKƏMƏSİNƏ AĞIR CİNAYƏTLƏRƏ DAİR İŞLƏR ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİNƏ AZƏRBAYCAN RESPUBLİKASININ RAYON (ŞƏHƏR) MƏHKƏMƏLƏRİNƏ
 
AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏLƏRİNƏ
 
M E T O D İ K   M Ə K T U B
 
(AR CM-nin 60-cı maddəsinin tətbiqinə dair)
 
Azərbaycan Respublikası Apellyasiya və Ali məhkəmələrinə apellyasiya və kassasiya qaydasında baxılmaq üçün daxil olan cinayət işlərinin öyrənilməsi göstərir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi məsələsində bir sıra hakimlər arasında fikir ayrılıqları vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66 və 83-cü maddələrinə uyğun olaraq aşağıdakıları bildirməyi vacib hesab edirik.
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə həmin Məcəllənin 59.1.9. və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirici hallar olduqda, təyin olunan cəzanın müddəti və ya həcmi (burada cəzanın miqdarı başa düşülməlidir) bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
 
Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan cəzanın yüngülləşdirilməsinə əsas verən hallar məhkəmələrə imkan verir ki, CM-nin Ümumi hissəsinin bütün müddəalarını nəzərə almaqla konkret cinayətə görə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etsin.
 
Bununla yanaşı qanunvericilik müəyyən etmişdir ki, işdə CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində sadalanan halların olması müəyyən edildikdə təqsirkar şəxsə konkret cinayət şəxsə konkret cinayətə görə qanunda nəzərdə tutulmuş daha cəza növünün son həddinin dörddə üçündən artıq cəza verilə biıməz.
 
Qanunun məzmununa görə belə hallarda təyin olunan cəza maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddindən də az ola bilər.
 
Məsələn, adamları girov götürmədən bəhs edən Azərbaycan Respublikası CM-nin 215.3-cü maddəsinin sanksiyasında 12 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Maddənin sanksiyasının aşağı həddi 12 il azadlıqdan məhrumetmə cəzası olmasına baxmayaraq CM-nin 60-cı maddəsinin mənasına görə CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən hallar olduqda təqsirləndirilən şəxsə 15 ilin dörddə üç hissəsindən artıq, yəni 11 il 3 aydan artıq cəza təyin etmək olmaz. Həm də bu göstəriş imperativ norma olduğundan belə hallarda CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
 
Həm də nəzərə almaq lazımdır ki, cəzanın bu əsasla yüngülləşdirilməsi o zaman mümkündür ki, işdə cəzanı ağırlaşdıran hallar olmasın. Bu zaman CM-nin 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran hallar başa düşülməlidir.
 
Bəzi hakimlər belə hesab edirlər ki, CM-nin 60-cı maddəsində nəzərdə tutulan qaydada cəza təyin edilərkən CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində sadalanan bütün cəzanı yüngülləşdirici halların mövcudluğu zəruridir. Bu səhv fikirdir. Qanunun məzmunana görə CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində sadalanan cəzanı yüngülləşdirən hallardan hər hansı biri mövcud olduqda CM-nin 60-cı maddəsinin müəyyən etdiyi qaydada cəza təyin edilməlidir. Yuxarıda deyildiyi kimi, bu qaydada cəza təyin edərkən əsas şərt CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların mövcud olmamasıdır.
 
Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublika CM-nin 60-cı maddəsində nəzərdə tutulan əsaslarla cəza təyin edərkən, CM-nin 59.1.9 və 59.1.10-cu maddəsində sadalanan məhz hansı halın (halların) buna əsas verdiyini hökmdə əsaslandırmalıdır.
 
Nəhayət, məhkəmə işin konkret müstəsna hallarını nəzərə alıb təqsirləndirilən şəxsə ittiham olunduğu maddədə nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin dörddə üçündən də az cəza təyin edə bilər. Lakin bu zaman mütləq CM-nin 62-ci maddəsinə istinad edilməlidir.
 
S.C.HƏSƏNOVA                                       G.L.RZAYEVA
Ali Məhkəməsinin Sədri                         Apellyasiya Məhkəməsinin Sədri
 
15 mart 2002-ci il