Azərbaycan Respublikası Ali Məhkəməsi

Xüsusi, yoxsa ictimai-xüsusi ittiham qaydasında
 
XÜSUSİ, YOXSA İCTİMAİ-XÜSUSİ İTTİHAM QAYDASINDA?
 
Hüquq nəzəriyyəsinə görə xüsusi ittiham dedikdə cinayət işləri üzrə elə icraat forması başa düşülür ki, belə icraatlar yalnız zərərçəkmiş şəxsin (və ya onun nümayəndəsinin) şikayəti üzrə başlanır və zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda icraata xitam verilir. Belə işlər üzrə məhkəmədə ittiham prokuror tərəfindən deyil, zərərçəkmişin özü tərəfindən həyata keçirilir. Zərərçəkmiş (xüsusi ittihamçı) üzürlü səbəblər olmadan məhkəməyə təkrar gəlmədikdə işin icraatına xitam verilir.
 
Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş cinayət qanunvericiliyinə görə qəsdən bədənə yüngül xəsarət yetirmə, döymə və işgəncə vermə, böhtan və təhqirlə əlaqədar cinayət işlərinə xüsusi ittiham qaydasından baxılırdı. Bu kateqoriyadan olan işlər üzrə zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olduqda, təqsirkardan asılı vəziyyətdə olduqda və özünü müdafiə etmək imkanı olmadıqda, baş vermiş cinayət hadisәsi xüsusi ictimai əhəmiyyət kəsb etdikdə prokuror öz təşəbbüsü ilə, yəni zərərçəkmiş şəxsin şikayəti olmadan da cinayət işi başlaya və ya başlanmış işə qoşula bilər.
 
Yeni qanunlar qəbul edilərkən bir çox hallarda baza kimi istifadə etdiyimiz Rusiya Federasiyasının qanunvericiliyi indi də həmin mövqedə durur. Lakin Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Cinayət Prosessual Məcəlləsi bu müddəalardan demək olar ki, imtina etmişdir. Yəni prosessual qanuna görə yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1 (ixtiraçılıq ə patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zәrәrçәkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir (CPM-nin 37.2-ci maddəsi). İctimai həyatda ən çox təsadüf edilən və CM-nin 128-ci və 132-ci maddələri ilə nəzərdə tutulan cinayətlər isə (qəsdən sağlamlığa yüngül zərər vurma və döymə cinayətləri) ictimai-xüsusi ittiham qaydasında təqib edilən cinayətlərə aid edilmişdir (CPM-nin 37.3-cü maddəsi).
 
Cinayətlərin prosessual baxımdan bu cür təsnifatı anlaşılan deyildir və əslində, burada müəyyən paradoks mövcuddur. Belə ki, əvvəla, sübut etməyə ehtiyac yoxdur ki, CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan əməl, yəni ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə şəxs haqqında onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrinə yayılması, həm təbiətinə, həm də bu cinayətlər üçün nəzərdə tutulan cəzaya görə CM-nin 132-ci maddəsində nəzərdə tutulan döymə (məsələn, ərin arvadına bir sillə vurması) cinayətinə nisbətən daha ağır və mürəkkəb cinayətdir. Belə ki, CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti CM-nin 15-ci maddəsi ilə müəyyən edilən təsnifata görə az ağır cinayətlər kateqoriyasına aiddir və bu cinayətə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətin törədilməsinə görə isə təqsirkara ən çoxu 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilə bilər. Bundan əlavə, böhtan cinayətləri üzrə zərərçəkmiş üçün sübutların əldə edilməsi (məsələn, böhtan xarakterli kütləvi çıxışların şahidlərinin müəyyən edilməsi, audio və video kassetlərin, kütlәvi informasiya vasitələrindəki yazıların müəlliflərinin müəyyən edilməsi və s.) heç də asan deyildir. Belə hallarda yalnız prokurorun işə qarışması işin obyektiv həllinə kömək edərdi.
 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ağırlaşdırıcı hallarda böhtan və təhqir cinayətləri Rusiya Federasiyasının yeni cinayət-prosessual qanunvericiliyində də ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər sırasına aid edilmişdir. Bizim cinayət qanunvericiliyində isə ağır olmayan təhqir və böhtan kimi əməllər nədənsə, ümumiyyətlə, cinayət sayılmır. Belə əməllər cinayət və ya inzibati qaydada təqib olunan əməllər sırasına deyil, mülki hüquq normaları ilə nizama salınan əməllər sırasına aid edilmişdir. Məlum olduğu kimi, şikayətə mülki hüquq normaları əsasında baxılarkәn təqsirkar (cavabdeh) haqqında əmlak sanksiyaları tətbiq olunur. Deməli, ərin arvadını döyməsi zamanı ər haqqında əmlak sanksiyası tətbiq olunmalıdır. Belə hallarda nəinki təqsirkar şəxs olan ər, həmçinin onunla bir ailədə olan zərərçəkmiş arvad da maddi ziyan çəkməli olur. Çünki ər-arvadın birgə yaşayış dövründə əldə etdikləri əmlak qanuna görə onların ümumi birgə mülkiyyəti hesab olunur.
 
İkincisi, anlamaq olmur ki, ictimai asayişin pozulması ilə əlaqədar olmayan, zərərçəkmişə ən çoxu yüngül xəsarət yetirilməsi ilə müşayiət olunan hərəkətlər, məsələn, ər-arvad, gəlin-qayınana, gəlin-baldız, bacı-qardaş arasında baş verən dalaşma hadisəsi niyə ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayәtlәr hesab edilməlidir və hər bir halda belə işlərə mütləq prokuror qarışmalıdır. Belə əməllər həmişə xüsusi ittiham qaydasında təqib olunan cinayətlər hesab edilmiş və məhkəmə müşavirə otağına gedənə qədər zərərçəkmişin təqsirləndirilən şәxslә barışdığı hallarda işin icraatına xitam verilməsi ilə nəticələnmişdir. Fikrimizcə, bu təcrübə özünü doğrultduğundan yeni qanunvericilikdə də öz əksini tapmalı idi. Doğrudur, keçmiş qanunvericilikdə də düzünə göstəriş olmadığından işin icraatına xitam verilməsi xüsusi ittihamlı materialların məhkəməyə daxil olmasından sonra mümkün olurdu. Halbuki, məntiqə görə belə şikayətlər üzrə zərərçəkmiş şikayətindən imtina etdikdə və ya təqsirləndirilən şəxslə barışdıqda təhqiqatın, ibtidai istintaqın və məhkəmə istintaqının hər hansı mərhələsində (məhkəmə müşavirə otağına gedənə qədər) işin icraatına xitam verilməlidir. Çünki qanuna görə xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi və ya ondan imtina edilməsi yalnız zərərçəkmiş şəxsin idarəsindən asılıdır. Fikrimizcə. Bu məsələdə mövcud cinayət-prosessual qanun əvvəlkindən daha düşgün mövqe tutulmuşdur. Belə ki, CPM-nin 41.1-ci maddəsinə görə təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən hallar aşkar edərsə,cinayət təqibinə xitam verilməsi (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi) barədə qərar çıxarır. Məlum olduğu kimi, 39-cu maddədə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması halı da (xüsusi ittihamlı işlər üzrə) nəzərdə tutulmuşdur. Lakin CPM-nin 37-ci maddəsi xüsusi ittiham qaydasında cinayət təqibi ilə əlaqədar işlərin dairəsini məhdudlaşdırdığından təcrübədə CPM-nin 41.1-ci maddəsinin tətbiqinə demək olar ki, rast gəlinmir.
 
Bu dediklәrimiz cinayət-prosessual qanunla cinayət təqibi xüsusi ittiham qaydasında təqib edilməli olan əməllərə aiddir. Bizim yazımızın isə əsas mövzusu ondan ibarətdir ki, Cinayət Məcəlləsinin 128-ci və 132-ci maddələri ilə nəzərdə tutulan əməllərin xüsusi ittiham qaydasında deyil, ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər kateqoriyasına aid edilməsi məntiqə ziddir. Bu sahədə çoxillik praktiki iş stajına malik şəxs kimi mən qüvvədə olan cinayət-prosessual qanunun həmin müddəası ilə razılaşa bilmərəm. İnanmıram ki, nəzəriyyəçi hüquqşünaslar da bu məsələdə mənim dediklərimi təkzib edən ciddi arqumentlər gətirə bilsinlər.
 
Bu mövzu yeni prosessual qanunun qüvvədə olduğu 4 il ərzində praktiki işçilərlə keçiriləm seminarlarda hakimlər arasına diskussiya predmetinə çevrilmişdir. Məsələ burasındadır ki, mövcud qanunvericiliyə görə cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildiyi hallarda zərərçəkmişin təqsirləndirilən şəxslə barışması cinayət təqibini istisna edən haldır və belə hallarda şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilir (CPM-nin 39.1.9-cu və 41.7-ci maddələri) CM-nin 128-ci və 132-ci maddələri ilə nəzərdə tutulan əməllər ictimai-xüsusi ittiham qaydasında təqib olunan əməllər sırasına aid edildiyindən zərərçəkmişin təqsirləndirilən şəxslə barışması belə prosessual nəticəyə səbəb olmur. Elə bu səbəbdəndir ki, son illərdə məhkəmələrdə baxılan həmin kateqoriyalı işlərin sayı xeyli artmışdır. Məsələn, yeni cinayət-prosessual qanun tətbiq edilməmişdən əvvəl – 1999-cu ildə yüngül xəsarət yetirmə və döymə cinayətləri ilə əlaqədar respublika üzrə məhkəmələrdə cəmi 299 nəfər haqqında işə baxılmışdısa, müvafiq göstəricilər 2001-ci ildə 2613, 2002-ci ildə 3388, 2003-cü ildə 2315 nəfər olmuşdur.
 
CPM-nin 37-ci müddəaları məhkəmə təcrübəsində çətinliklər və anlaşılmazlıqla yaratdığından Ali Məhkəmənin Plenumu CM-nin 128-ci və 132-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin xüsusi ittiham qaydasında təqib olunan əməllər sırasına daxil edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında hələ 2001-ci ildə Milli Məclisə təkliflər vermişdi. Milli Məclisə verilən təkliflərlə qismən razılaşmış və hesab etmişdir ki, problem CPM-nin 37.4-cü maddəsinə “Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa”, sözlərini əlavə etməklə həll oluna bilər. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsində qeyd edilən hallar olduqda, yəni ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Bu düzəliş 2001-ci 2 iyul tarixli Qanunda öz əksini tapmışdır.
 
Lakin problemi belə kosmetik dəyişikliklə həll etmək mümkün olmamışdır. Belə ki, CM-nin 73-cü maddəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərdən söhbət gedir. Məhkəmə təcrübəsində isə qısa zaman kəsiyində bir neçə dəfə belə cinayətlər törətmiş şəxslərə rast gəlinir. Belə çıxır ki, il ərzində məsələn, ər-arvadın təkrar dalaşması zamanı zərərçəkmişin təqsirləndirilən şəxslə barışması işin icraatına xitam verilməsinə səbəb ola bilməz. Yəni, zərərçəkmiş təqsirləndirilən şəxslə barışdıqda belə dövlət ittihamçısı ittihamdan imtina etmədikdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır.
 
Bundan əlavə, nәzәrә almaq lazımdır ki, təkrar məhkumluqlar zamanı cinayətlərin residivi yaranır və təqsirləndirilən şəxsə cəza təyin edilərkən CM-nin 65-ci maddəsi ilə müəyyən edilən normalar işə düşür. Məlum olduğu kimi, CM-nin 65-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az da ola bilməz. Bu o deməkdir ki, məsələn, ərin arvadına bir sillə vurması ilə əlaqədar cinayət işinə zərərçəkmiş təqsirləndirilən şəxslə barışmağına görə xitam verilmişsə, ər sonradan törətdiyi eyni xarakterli əmələ görə arvadının onunla barışmasına baxmayaraq, CM-nin 132-ci maddəsi ilə ən azı 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.
 
Cinayət təqibinin növləri ilə əlaqədar CPM-nin 37-ci maddəsində verilmiş təsnifat məhkəmə təcrübəsində digər anlaşılmazlıqlara da səbəb olur. Çünki CPM-nin 37.5-ci maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərərçəkmiş şəxsin şikayəti olmadan da, konkret hallarda prokuror tərəfindən başlanıla bilər. Belə hallar sırasına cinayətin hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədilməsi, cinayətin hamilə vəziyyətdə olan qadın barəsində törədilməsi halları da aiddir.
 
Qanunun bu göstərişinə əməl edilsə baldız hamilə vəziyyətində olan qardaşı arvadı ilə, hər hansı şəxs hakimiyyət nümayəndəsi olan qonşusu ilə dalaşdıqda prokuror zərərçəkmişlərin şikayəti olmadıqda da (axırıncı halda cinayətin hakimiyyət nümayəndəsi və ya dövlət orqanları vəzifəli şәxslәrinin vəzifələri ilə əlaqədar olması qanunda şərtləndirilməmişdir) cinayət işi başlaya bilər. Belə göstərişi məntiqi hesab etmək olmaz. Çünki bu, nəinki vətəndaşların hüquqlarının qorunması kimi, əksinə onların hüquqlarının pozulması kimi də qiymətləndirilə bilər. Həm də vətəndaşlar arasındakı münasibətə dövlət tərəfindən bu qaydada müdaxilə edilməsi həmin münasibətlərin yaxınlaşmasına deyil, korlanmasına xidmət edir.
 
Göründüyü kimi, Cinayət Məcəlləsinin 128-ci və 132-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin xüsusi ittiham qaydasında təqib olunan cinayətlər kateqoriyasından çıxarılıb ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər kateqoriyasına aid edilməsi müsbət mənada heç nəyi həll etməmiş, əksinə bu növ şikayətlərə baxılmasında anlaşılmazlıqlar və çətinliklər yaratmışdır. Fikrimizcə, bu dolaşıqlıqlar yalnız həmin cinayətlərin əvvəllər aid edildiyi təsnifata qaytarılması yolu ilə aradan qaldırıla bilər.
 
Beləliklə, yazının əvvəlində verilmiş sualları yenidən təkrarlamaq istəyirəm. Gəlin-qayınana, baldız-gəlin, ər-arvad, ictimai qaydanın pozulmasına səbəb olmayan qonşular arasında baş verən dalaşma hadisələrinin ictimai-xüsusi qaydasında təqib olunan əməllər sırasına aid edilməsi və belə işlərə prokurorun qarışması nə dərəcədə məntiqidir?
 
Bu barədə mütəxəssislərin mülahizələrini bilmək istərdik.
 
M.AĞAZADƏ,
Ali Məhkəmənin hakimi