Azərbaycan Respublikası Ali Məhkəməsi

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə әlaqәdar Azərbaycan Respublikasının Məhkəmələri tәrәfindәn 2002-ci ildə və 2003-cü ilin birinci yarısında baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən 2002-ci ildə və 2003-cü ilin birinci yarısında baxılmış cinayət işləri üzrə məhkəmə icraatının
 
Ü M U M İ L Ə Ş D İ R İ L M Ə S İ
 
(İxtisarla)
 
Respublikamızın iqtisadiyyatının yüksəlməsi ilə əlaqədar olaraq avtomobil nəqliyyatının inkişaf tempi də fasiləsiz olaraq yüksəlir və nəticədə nəqliyyatın hərəkət intensivliyi artır ki, bu isə avtomobil yollarında, şəhərin küçələrində və başqa yaşayış məntəqələrində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsini çətinləşdirir.
 
Avtomobilləşmənin inkişafı müsbət keyfiyyətlərlə yanaşı, bir sıra mənfi keyfiyyətlər də yaradır ki, bu mənfi keyfiyyətlər isə özünü bir qayda olaraq yol nəqliyyat hadisələrində göstərir ki, belə hadisələr isə insan ölümü və yaralanması, külli miqdarda maddi zərər və sairə xoşagəlməz hallarla nəticələnir.
 
Nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.
 
Qanuna görə nəqliyyat vasitələri və digər özügedən maşınları idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduqda və bu qanunda nəzərdə tutulan nəticələrin baş verməsinə səbəb olduqda CM-nin 263-cü maddəsi ilə cinayət məsuliyyəti yaranır.
 
Nəqliyyat vasitələrini idarə edən şəxslərin əməlləri CM-nin 263-cü maddəsində qeyd olunan nəticələrə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla deyil, yüklərin boşaldılması və ya yüklənməsi, nəqliyyat vasitələrinin təmiri, tikinti işlərinin aparılması zamanı olduqda, bu halda əməl baş vermiş nəticələrdən və təqsirin formasından asılı olaraq, CM-nin şəxsiyyət əleyhinə olan cinayətlərə, yaxud müəyyən işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozmağa görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri (CM-nin 162-ci. 222-ci, 268-ci və s. maddələri) ilə tövsif olunmalıdır.
 
Yol hərəkəti Qaydalarına müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, “Təcili tibbi yardım”maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedə nəqliyyat vasitəsilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsilə yaxınlıqdakı müalicə idarəsinə çatdırmağa borcludur (“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsi).
 
Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərin ağırlığı üzündən ona təcili tibbi yardım göstərilməsi mümkün olmadıqda və s. bu kimi obyektiv səbəblər üzündən təqsirkar zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə CM-nin 264-cü maddəsinin tərkibi istisna edilir.
 
Bu, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücünün özünün aldığı xәsarәtlәrdәn şok vəziyyətində olduğu və bu səbəbdən də zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir.
 
Qanunun mənasına görə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində CM-nin 263-cü maddəsinin müxtəlif hissələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli nəticələr baş verdikdə, subyekt baş vermiş nəticələrin hamısına görə təqsirləndirilir, onun əməli isə daha ağır nəticələrə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilir.
 
Qeyd olunan müxtəlif ictimai təhlükəli nəticələri olan cinayət əməlləri onlar müxtəlif vaxtlarda törədilmiş olduqda və baş vermiş kriminal nәticәlәr yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının bir-birilə əlaqədar olmayan bir neçə pozuntusunun törədilməsi üzündən yarandıqda əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir.
 
Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmamasını və bu hadisənin qarşısını almağa onların imkanının olub-olmamasını müəyyən etmək məqsədilə cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq tədqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı ilə ekspertiza təyin edilir.
 
“Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsində məhkəmə ekspertizası fəaliyyətinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanlarının məhkəmə ekspertizası idarәlәri tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli fərmanının 2-ci bəndinin 2-ci abzasında “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin həyata keçirmələri qeyd olunmuşdur.
 
Azәrbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli 517 aylı fərmanı ilə “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli Fərmanına dəyişiklik edərək, həmin fərmanın 2-ci bəndinin 2-ci abzasından Daxili İşlər Nazirliyi sözləri çıxarılmışdır. Yәni bu Fərmanla ekspertizanın aparılması səlahiyyəti Ədliyyə və Səhiyyə nazirliklərinin ekspertiza idarələrinə həvalə edilmişdir.
 
Qeyd etmək lazımdır ki, elmi-texniki tərəqqinin inkişafı, daha sürətli avtomobillərin istehsalı və avtomobilləşmənin kütləvi surətdə artması ilə mütənasib olaraq yol-nəqliyyat hadisələrinin ilbəil artması da müşahidə olunur.
 
Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış rəsmi məlumatlardan görünür ki, respublika üzrə -
 
2001-ci ildə - 797,
2002-ci ildə – 919,
2003-cü ildə isə - 1099 yol-nәqliyyat hadisələri qeydə alınmışdır ki, bu hadisələrdən –
2001-ci ildə 303-ü, yəni 38 faizi,
2002-ci ildə 389-u, yəni 42,2 faizi
2003-cü ildə isə 437-si, yəni 39,8 faizi ölümlə nəticələnmişdir.
 
Bundan əlavə, 200-ci ildə qeydə alınmış yol-nəqliyyat hadisələrindən 426-sı, yəni 53,4 faizi, 2002-ci ildə qeydə alınmış hadisələrdən 382-si, yəni 52,4 faizi, 2003-cü ildə isə qeydə alınmış hadisələrdən 560-ı, yəni 51 faizi Bakı şəhərində baş vermişdir ki, 2001-ci ildə 121-i, yəni 28,4 faizi, 2002-ci ildə 156-sı, yəni 32,4 faizi, 2003-cü ildə isə 168-i, yəni 30 faizi ölümlə nəticələnmişdir.
 
Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmağa görə cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında məsələ Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunda son dəfə 1962-ci ildə müzakirə olunmuş və həmin qərara 1965-ci il 7 may, 1973-cü il 26 iyul və 1983-cü il 25 mart tarixli qərarlarla dəyişikliklər edilmişdir.
 
Həmin vaxtdan keçən dövr ərzində respublikamızın həyatında çox böyük dəyişikliklər baş vermiş, respublikamız öz müstəqilliyini əldə etdikdən sonra ölkənin əsas Qanunu olan Azərbaycan Respublikasının yeni Konstitusiyası, Avropa Standartlarına cavab verən və hüququn bütün sahələrini əhatə edən yeni Qanunlar, o cümlədən Cinayət Məcəlləsi qəbul edilmişdir ki, Cinayət Məcəlləsinin “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını” pozmağa görə məsuliyyəti nəzərdə tutan 263.1-ci maddəsinin dispozisiyası xeyli təkmilləşdirilmiş və cəza siyasətində köklü dəyişikliklər əldə edilmişdir.
 
Respublika məhkəmələri tərəfindən bu qəbildən olan cinayət işlərinə baxılarkən qanunun eyni cür tətbiq olunmasını təmin etmək məqsədilə bu işlər üzrə məhkəmə təcrübəsi ümumiləşdirilmişdir.
 
Ümumiləşdirmə ilə əlaqədar öyrənilmiş cinayət işlərindən görünür ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar olaraq –
 
CM-nin 263.1 maddəsi ilə - 539 nəfər, yəni 60,2 faiz
CM-nin 263.1.2 maddəsi ilə 326 nəfər, yəni 36,4 faiz
263.3-cü maddəsi ilə 31 nəfər, yəni 3,4 faiz məhkum olunmuşdur.
 
Statistik məlumatlardan görünür ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmağa görə məhkum edilənlərdən 94 nəfəri həm də CM-nin 264-cü maddəsi ilə yəni, yol nəqliyyat hadisəsi yerindən qaçmağa görə cinayətlərin məcmusu qaydasında məsuliyyətə cəlb olunmuşlar.
 
Bu qəbildən olan cinayətlərə görə məhkum edilənlərin tərkibi göstərir ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə məhkum olunanlardan 958 nəfəri, yəni 99,2 faizi kişilər, 8 nəfəri, yəni 0,8 faizi isə qadınlar olmuşdur.
 
Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğuna görə məhkum edilənlərin böyük əksəriyyəti – 672 nəfəri, yəni 69,6 faizi ictimai faydalı əməklə məşğul olmayan şəxslər olmuşdur.
 
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə məhkum edilənlərdən 8 nəfəri, yəni 0,9 faizi cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış gənclər olmuşdur.
 
Ümumiləşdirmənin əhatə etdiyi dövrdə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğuna görə respublika üzrə məhkum olunmuş 966 nəfərdən 193 nəfər haqqında, yəni 20 faiz məhkumlar barəsində azadlıqdan məhrumetmə növündə, 6 nəfər haqqında, yəni 0,6 faiz məhkumlar barəsində islah işi cəzası, 13 nəfər haqqında, yəni 1,3 faiz məhkumlar barəsində cərimə cəzası, 425 nəfər haqqında, yəni 44 faiz məhkumlar barəsində azadlığın məhdudlaşdırılması cəzası, 16 nəfər haqqında, yəni 1,: faiz məhkumlar barəsində digər cəzalar təyin olunmuş, məhkum edilənlərdən 313 nəfər haqqında, yəni 32,4 faizi barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi əsasında şərti məhkumluq tətbiq olunmuş, 94 nəfər haqqında, yəni 9,7 faiz barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla onların barəsində istinad olunan maddənin sanksiyasının aşağı həddindən də aşağı cəzalar təyin olunmuşdur.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirməsi göstərir ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar nəticə verilmiş işlər üzrə cəza təyinetmənin ümumi prinsiplərinə əsasən düzgün əməl olunmuşdur.
 
Bununla yanaşı, müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçilərkən, cəzanın fərdiləşdirilməsi ilə əlaqədar qanunun tələblərinə həmişə əməl olunmamış, bəzi hallarda cəza təyin edilməsinin ümumi əsaslarını və şərti məhkum etməni təsbit edən CM-nin 58.3-cü və 70.2-ci maddələrin tələbləri kifayət qədər nəzərə alınmamış, yəni bəzi hallarda təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dәrәcәsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar lazımi qaydada nəzərə alınmadığından, cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmədiyindən və habelə maddi və prosessual hüquq normaları pozulduğundan həmin işlər üzrə birinci instansiya məhkəmələrin yekun aktları yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və ya dəyişdirilmişdir.
 
Belə ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar nəticə verilmiş cinayət işləri üzrə cəmi 120 nəfər haqqında, o cümlədən 92 nəfər haqqında, yəni 9,5 faiz məhkumlar barəsində apellyasiya şikayəti, 28 nəfər haqqında, yəni 2,9 faiz məhkumlar barəsində isə apellyasiya protesti verilmişdir.
 
Apellyasiya şikayəti verilmiş hökmlərdən 3 nəfər haqqında, yəni 3,3 faiz məhkumlar barəsində hökmlər ləğv edilmiş, 36 nəfər haqqında, yəni 39,1 faiz məhkumlar barəsində isə hökmlər dəyişdirilmiş, 28 apellyasiya protestindən 17-si təmin olunmuşdur.
 
Bu növ işlərə baxılarkən məhkəmələr tərəfindən yol verilmiş nöqsanları aşağıdakı misallardan daha aydın şəkildə görmək olar.
 
Belə ki, R.Mahmudov Gədəbəy rayon məhkəməsinin 26 dekabr 2002-ci il tarixli hökmü ilə (hakim A.Cavadov) CM-nin 263.1, 263.2 maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, ona görə ki, o, 11 avqust 2002-ci il tarixdə saat 17 radələrində ona məxsus VAZ-2111 markalı AZ 60-VV-689 dövlət nömrə nişanlı avtomaşını Gədəbəy-Novo Saratovka avtomobil yolunun 26-cı kilometrliyində idarə edərkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qarşıdan gələn R.Ələkbərovun idarə etdiyi VAZ-2121 markalı AZ 21-VA-753 dövlət nömrə nişanlı avtomaşının yoluna çıxaraq toqquşmuş və nəticədə VAZ-2121 markalı avtomaşında olan azyaşlı Ələkbərov Kərəm Rafiq oğlu almış olduğu qapalı kəllə beyin travması, beyin toxumasına qansızmadan ölmüş, Ələkbərov Kərəm Abbasəli oğlunun sol said sümüklərinin qapalı sınığı kimi sağlamlığına az ağır, sürücü Ələkbərov Radif Kərəm oğlunun sol budun yuxarı üçdə birinin qapalı, qəlpəli, yerini dəyişmiş sınığı kimi sağlamlığına az ağır və özü idarə etdiyi VAZ-2111 markalı avtomaşında olan azyaşlı qızı Z.Misirovaya isə sağ bud sümüyünün orta üçdə birinin qapalı, yerini dəyişmiş sınığı kimi sağlamlığına az ağır zərər yetirmişdir.
 
Dövlət ittihamçısı hökmdən apelyasiya protesti verərək, protesti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə görə bu məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri etmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusu yaranır. Həmin Məcəllənin 17.4-cü maddəsinə görə bu Mәcәllәnin Xüsusi Hissəsində həm ümumi, hə də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur.
 
CM-nin 263.1-ci maddəsində avtomobil və ya digər nәqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmasına görə, CM-nin 263.2-ci maddəsində isə eyni əməllərin zərərçəkmişin ölümünə səbəb olmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə halda həmin Məcəllənin 263.1-ci maddəsi Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin ümumi norması kimi çıxış etməklə, burada cinayətlərin məcmusu yaranmır və təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə əhatə olunur. R.Mahmudovun əməli cinayətlərin məcmusunu yaratmadığı halda məhkəmə onu CM-nin 263.1-ci və 263.2-ci maddələri ilə təqsirli bilərək ona hər iki maddə ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edərək cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.
 
Göstərilənlərə əsasən Apellyasiya Məhkəməsinin 3 mart 2003-cü il tarixli qərarı ilə prokurorluğun protesti təmin edilərək Gədəbəy rayon məhkəməsinin R.Mahmudov barəsində olan 26 dekabr 2002-ci il tarixli hökmü dəyişdirilərək hökmdən CM-nin 263.1-ci maddəsi xaric edilmişdir.
 
Bundan əlavə, Bakı şəhəri sabunçu rayon məhkəməsinin 16 noyabr 2001-ci il tarixli hökmü ilə (hakim A.Əbilhəsənov) E.Əhmədov CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-nin 53-cü maddəsi tətbiq edilməklə, o, qəti olaraq 1 il 6 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
 
Azərbaycan Respublikası Baş prokurorluğu hökmdən apellyasiya protesti verərək həmin hökmlə məhkuma cinayət qanunun tələblərinə uyğun olmayan cəza təyin edildiyi üçün hökmün dəyişdirilməsini xahiş etmişdir.
 
Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə E.M.əhmədova cəza təyin edərkən CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddindən kənara çıxmış və təyin etdiyi cəzanı qanun tələblərinə uyğunlaşdırmamışdır.
 
İşə apellyasiya protesti әsasında baxılarkən müəyyən edilmişdir ki, 1-ci instansiya məhkəməsi E.Əhmədova cəza təyin edərkən, onun barəsində olan məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, ona şəxsiyyətinə və cinayətin xarakterinə uyğun cəza təyin etmişdir. Lakin məhkəmə E.Əhmədova cəza təyin edərkən onun təqsirləndirildiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddən kənara çıxarkən, yəni onun barəsində CM-nin 53-cü maddəsini tətbiq edərkən məsuliyyəti yüngülləşdirən halları nəzərə alsa da E.M.Əhmədova 4 il müddətində azadlığın mәhdudlaşdırılması növündə cəza təyin edərkən, CM-nin 263.2-ci maddəsinin sanksiyasında həmin cəzanın nəzərdə tutulmamasını nəzərə almamış və CM-nin 62-ci maddəsinə istinad etməmişdir.
 
Qeyd olunanlara əsasən Apellyasiya Məhkəməsi özünün 26arel 2002-ci il tarixli qərarı ilə Sabunçu rayon məhkəməsinin E.Əhmədov barəsində olan 16 noyabr 2001-ci il tarixli hökmünü dəyişdirərək, həmin hökmün nəticəvi hissəsində “Əhmədov Eldəniz Müseyib oğlu 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin” sözlərindən sonra “onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilsin” sözlərini əlavə etməklə yol verilmiş qanun pozğunluğunu aradan qaldırmışdır.
 
Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi istisna olmaqla, qalan bütün hallarda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə ilə bağlı əlavə cəza nəzərdə tutulmuşdur. Statistik məlumatlardan və öyrənilmiş işlərdən görünür ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə məhkum edilənlərin 425 nəfəri, yəni 44 faizi barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunmuşdur ki, bu şəxslər barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi qanunda nəzərdə tutulmuşdur. Göründüyü kimi, qalan 541 nəfər məhkumlar barəsində maddənin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası mütləq olduğu halda, ümumiləşdirmənin əhatə etdiyi dövrdə məhkum edilənlərdən cəmi 433 nəfə haqqında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə əlavə cəzalar tətbiq olunmuş, 108 nəfər barәsindә isə belə cəzaların tətbiqi mütləq olduğu halda tətbiq olunmamış və bu cəzanın tətbiq olunmamasının səbəbi və əsasları hökmdə müzakirə edilməmişdir.
 
Belə ki, Ə.Abbasov Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 13 iyun 2003-cü il tarixli hökmü ilə (hakim R.Ağayev) CM-nin 134-cü və 263.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 134-cü maddəsi ilə 1 il müddətinə, CM-nin 263.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplanmaqla Ə.Abbasova 5il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Ə.Abbasov barəsində əvvəlki hökmlə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvəl azadetmə ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin olunmuş cəzanın çəkilməmiş 1 il 3 ay 27 günü hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Ə.Abbasova qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
 
Məhkəmənin həmin hökmü ilə razılaşmayan dövlət ittihamçısı hökmdən apellyasiya protesti vermişdir.
 
Apellyasiya protestində göstərilmişdir ki, CM-nin 263.2-ci maddəsinn sanksiyasında 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası nəzərdə tutulmasına baxmayaraq, məhkəmə Ə.Abbasovu nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməmişdir.
 
İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növünün bir hissəsini tətbiq etməmişdir.
 
Göstərilənlərə əsasən Apellyasiya Məhkəməsinin 3 sentyabr 2003-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirməklə məhkəmə tərəfindən yol verilmiş qanun pozğunluğunu aradan qaldırmışdır.
 
Başqa bir misal:
 
Saatlı rayon məhkəməsinin 10 may 2002-ci il tarixli hökmü ilə (hakim Ş.Məmmədova) H.Cəfərov CM-nin 261.1-ci və 264-cü maddəsi ilə təqsirli bilinib, cinayətlərin məcmusu üzrə 1 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və haqqında CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunmuşdur.
 
Bundan əlavə, həmin cinayәt işi üzrə təqsirləndirilən H.Cəfərovun 1997-ci ildə CM-nin 226.1-ci maddəsinin 1-ci hissəsi ilə məhkum olunmasını, onun hazırkı cinayət əməli üzrə zərərçəkmişin ağır dərəcəli bədən xəsarəti almasını və yol-nəqliyyat hadisəsi yerindən qaçmasını nəzərə alaraq hesab edirik ki, məhkəmə H.Cəfərov haqqında CM-nin 70-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır.
 
Eyni zamanda ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, CM-nin sanksiyasında nəzərdə tutulmasına baxmayaraq, bəzi məhkəmələr tərəfindən əlavə cəza təyin olunması hallarına da yol verilmişdir.
 
Məlumdur ki, CM-nin 263.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi zamanı nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza nəzərdə tutulmamışdır.
 
Buna baxmayaraq, Beyləqan rayon məhkəməsinin hakim İ.Həsənovun sədrliyi ilə R.Qarayevin CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinә baxılarkən, məhkəmənin 21noyabr 2002-ci il tarixli hökmü ilə R.Qarayevin barəsində səhvən 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur.
 
CM-nin 263.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırma cəzasının miqdarı üç ilədək olmaqla, aşağı həddi qeyd olunmamışdır. Lakin CM-nin 53.2.-ci maddəsində qeyd olunmuşdur ki, “ehtiyatsızlıdan cinayət törətməyə görə məhkum edilmiş şəxslərə bir ildən beş ilədək azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilər”.
 
Buna baxmayaraq, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2 yanvar 2003-cü il tarixli hökmünə əsasən N.Əbilov, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (hakim R.Ağayev).
 
Həmin hökmdən verilmiş protestdə göstərilmişdir ki, məhkəmə məhkum N.Əbilova cəza təyin edərkən CM-nin 53.2.2-ci maddəsinin tələblərini pozmuş və ona minimum bir il azadlığın məhdudlaşdırılması cəzası təyin etməli olduğu halda, 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Ona görə də protestdə hökmün ləğv edilərək, məhkuma qanuna müvafiq cəza təyin edilməsi xahiş olunmuşdur.
 
Bundan əlavə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02.05.2003-cü il tarixli hökmü ilə (hakim A.Əbilhəsənov) M.Rüstəmov CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci və 53-cü maddəsi ilə tətbiq edilməklə, 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş, cəzalar tam toplanılmaqla, ona qəti cəza 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən M.N.Rüstəmovun həbsdə saxlandığı müddəti hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 5ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və o, məhkəmə zalından həbsdən azad edilmişdir.
 
Prokurorluq hökmdən apellyasiya protesti verərək, hökmün dəyişdirilməini, məhkum M.N.Rüstəmova daha ağır cəza, yəni azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir.
 
İş materiallarından görünür ki, M.N.Rüstəmov törətdiyi cinayət nəticəsində xəsarət almış zərərçəkmiş şəxsə tibbi yardım göstərməmiş, əksinə, hadisə yerindən qaçmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, məhkum zərərçəkmiş şəxslə razılıq əldə etməyə belə cəhd də etməmişdir.
 
İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, məhkəmə məhkum M.N.Rüstəmovun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə ona cəza təyin edərkən, cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl etməmiş, hökmdə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dәrәcәsini, cəzanı yüngülləşdirən halları, məhkumun şəxsiyyətini, mәcburi köçkün olmasını, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən əmimi peşman olmasını nəzərə almasını göstərmiş, lakin sadaladığı anlayışların və bu halların mənasını hər bir cinayət əməli üçün ayrı-ayrılıqda açmamış, bunun barəsində CM-nin 62-ci və 53-cü maddələrinin tətbiq edilməli olmasını qeyd etmişdir.
 
Məhkəmə məhkuma CM-nin 263.2-ci maddəsi ilə cəza təyin edərkən, hansı əsaslara görə CM-nin 62-ci maddəsinin tətbiq olunmasını açıqlamamış, bu barədə gəldiyi nəticəni əsaslandırmamış, qanunda göstərilən məhz hansı halların cinayətə görə müәyyәn edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün səbəb olmasını qeyd etməmişdir.
 
Bundan əlavə, iş materiallarından görünür ki, M.N.Rüstəmov ibtidai istintaq zamanı qaçıb gizlənmiş, onun haqqına axtarış elan edilmiş, Sabunçu rayon məhkəməsinin 25.01.2003-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.
 
Qeyd olunanlara əsasən, Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilən hallar məhkəmə tərəfindən müəyyən edilməmiş, məhkəmə məhkum barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etməkdə haqlı olmamışdır.
 
Qeyd olunanlara əsasən, Apellyasiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərar ilə M.Rüstəmovun CM-nin 263.2-ci və 264-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2 may 2003-cü il tarixli hökmü dəyişdirilərək ona həmin maddələrlə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
 
Başqa bir misal: Bakı şəhər Nərimanov rayon məhkəməsinin 12 sentyabr 2002-ci il tarixli hökmü ilə (hakim M.Əliyev) N.Əhmədov CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəza şərti hesab edilmişdir.
 
Məhkəmənin hökmünə əsasən N.Əhmədov ona görə məhkum edilmişdir ki, o, 7 iyun 2002-ci il tarixdə saat 10 radələrində idarə etdiyi “İveko” markalı, N-0044-61dövlət nömrəli avtomaşınla N.Əliyev küçəsi ilə Sәbail rayonu 20-ci sahədən Nərimanov rayon8 Çermet istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında Qanunun” 50-ci maddәsinin hissəsinin tələblərini pozaraq yolu sağdan sola keçmək istəyən piyada kamil Məmiş oğlunu vurmuş, nəticədə o, almış olduğu xəsarətdən ölmüşdür.
 
Prokurorluq məhkəmənin hökmündən apellyasiya protesti verərək Nərimanov rayon məhkəməsinin hökmünü təyin olunmuş cəzanın yüngüllüyünə görə dəyişdirib, ona maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını xahiş etmişdir.
 
Apellyasiya Məhkəməsinin 22 oktyabr 2002-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmədən saxlanılmışdır.
 
Dövlət ittihamçısı Apellyasiya Məhkəməsinin qərarından kasasiya protesti verərək, Apellyasiya məhkəməsinin qərarının məhkuma təyin olunmuş cəzanın həddindən artıq yüngüllüyünə görə ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin olunmasını xahiş etmişdir.
 
Ali Məhkəmənin 25 fevral 2003-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin N.Əhmədov haqqındakı qərarı təyin olunmuş cəzanın yüngüllüyünə görə ləğv olunmuşdur.
 
Bundan əlavə, Xaçmaz rayon məhkəməsinin 7 aprel 2003-cü il tarixli hökmü ilə (hakim İ.Fəttahov) E.Tosoyev Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69-cu maddəsinə əsasən onun məhkəmə baxışınadək həbsdə saxlandığı 21 (iyirmi bir) gün azadlığın məhdudlaşdırılması cəzası 1 günə 2 gün hesabı ilə hesablanaraq cəzasını xüsusi müəssisədə çəkməklə üzərində qəti oaraq 10 (on) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
Hökmdən prokurorluq apellyasiya protesti verərək, məhkum E.B.Tosoyevin əvvəllər məhkum olunmasını, şəxsiyyətini, mənfi xarakterizə olunmasını nəzərə alıb, ona təyin edilmiş cəzadan daha ağır cəza təyin edilməsini xahiş etmişdir.
 
İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi E.B.Tosoyevə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini təqsirkarın şəxsiyyətini kifayət qədər nəzərə almayıb ona maddənin sanksiyası həddində yüngül cəza təyin etmişdir. Bu əsaslara görə də Apellyasiya məhkəməsi E.B.Tosoyev tərəfindən törədilmiş cinayətin ağırlığını nəzərə alıb, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyası həddində daha ağır cəza təyin edilməsini məqsədəuyğun hesab etmişdir.
 
Cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə əlaqədar olaraq fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş ziyana görə onların cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüquqları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində təsbit olunmuşdur.
 
Həmin Məcəllənin 187-ci maddəsinə əsasən mülki iddianın məbləğindən asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.
 
Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr şərh olunan Qanunun tələbini pozaraq Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə әlaqәdar cinayət işlərinə baxarkən, bu cinayətlər nəticəsində vətəndaşların əmlakına dəymiş ziyana görə verilmiş mülki iddiaları əsassız olaraq baxılmamış saxlamış və yaxud da belə iddialar əsassız olaraq rədd edilmişdir.
 
Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21 yanvar 2002-ci il tarixli hökmü ilə K.Allahverdiyev CM-nin 263.1-ci maddəsi ilə təqsirli ilinib 3 (üç) il müddətin azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.
 
Apellyasiya Məhkəməsinin 29 avqust 2002-ci il tarixli qərarı ilə zərərçəkənin apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır.
 
Zərərçəkən şəxs Y.Ağamoğlanov kassasiya şikayəti verərək apellyasiya qərarının mülki iddiaya aid hissəsinin ləğv edilməsini, işin yenidən apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
 
İşə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, həmin iş üzrə məhkəmə istintaqı başlananadək zərərçəkən Y.Ağamoğlanov təqsirləndirilən şəxs K.Allahverdiyevə qarşı iddia qaldıraraq ziyanın ödənilməsini ondan tələb etmiş və bununla əlaqədar iddia ərizəsini və iddian əsaslandıran zəruri sənədləri məhkəməyə təqdim etmişdir.
 
Məhkəmələr Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinin əsasları ilə iddia ərizəsini qəbul etməkdən imtina etməmiş, əksinə, iddia ərizəsini və sənədləri işə əlavə etmiş, lakin təqsirləndirilən şəxsin iddia ərizəsində tələb edilən məbləğin şişirdilmiş olmasına dair izahatını əsas götürərək hökmdə mülki iddianı həll etməmiş bunun açıq buraxılması kimi qanunda nəzərdə tutulmayan qərar qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.
 
Məhkəmə iclasının protokolundan görünür ki, Y.Ağamoğlanov iddia tələblərinə heç bir dəyişiklik etməmiş, Azərbaycan Respublikası CPM-nin 186-cı maddəsinə nəzərdə tutulan qaydada mülki iddiadan imtina etməmiş, əksinə, iddianın təmin olunmasını xahiş etmişdir.
 
CPM-nin 187.2-ci maddəsində isə göstərilir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır.
 
Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinin tələbinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın ya tam təmin edilməsi, yaxud da rədd olunması, habelə qanunda göstərilən əsaslar olduqda isə iddianın baxılmamış saxlanılmasına dair qərar göstərilməlidir.
 
Göründüyü kimi, konkret iş üzrə mülki iddianın açıq buraxılması qanunda nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə cinayət mühakimə icraatına Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə uyğun surətdə verilmiş iddianı həll etməli idi.
 
Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən qeyd edilən qanun pozuntularına əhəmiyyət verilməmiş, cinayət şində mülki iddianın əsasını vә iddia tələbinin məbləğini əsaslandıran sübutlar mövcud olduğu halda həmin sübut və apellyasiya dəlillərini tədqiq etməmiş, nəticə etibarilə iş üzrə düzgün olmayan yekun qərarı qəbul edilmişdir.
 
Göstərilənlərə əsasən, Ali Məhkəmənin 18 fevral 2003-cü il tarixli qərarı ilə K.Allahverdiyevin barəsində Apellyasiya Məhkəməsinin 29 avqust 2002-ci il tarixli qərarı mülki iddiaya aid hissədə ləğv edilmiş və iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya Məhkəməsinin 5 may 2003-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin K.Allahverdiyev barəsində 21 yanvar 2002-ci il tarixli hökmün müki iddiaya aid hissəsi dəyişdirilərək mülki iddia təmin edilmişdir.
 
Cinayət prosessual Qanunvericiliyinə əsasən məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edə bilər ki, təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin iştirakı ilə vermiş olsun. Təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda əks olunmalıdır.
 
Azərbaycan Respublikasının CPM-nin 391.8-ci maddəsinin tələbinə görə məhkəmə baxışının təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirilməsi prosessual qanunvericiliyin kobud surətdə pozulması hesab edilir və bu hal hökmün ləğvi üçün əsasdır.
 
Cinayət işlərinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfində şərh olunan qanunun tələbləri pozularaq işə məhkəmə iclasında baxılarkən təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozularaq, onlar müdafiəçisi ilə real surətdə təmin olunmamış, tәqsirlәndirilәn şəxsdən müdafiəçisi istəməməsi barədə ərizə müdafiəçinin iştirakı olmadan, CPM-nin 92.12-ci maddəsinin tələbi pozulmaqla alınmış və yaxud da müdafiəçisi olmayan təqsirləndirilən şəxsə müdafiə üçün söz verilmişdir.
 
Bu cür qanun pozuntusuna Bakı şəhəri Yasamal rayon məhkəməsində V.Sultanovun CM-nin 263.1-ci və 264-cü maddəsi ilə (hakim İ.Abbasov) Bakı şəhəri Suraxanı rayon məhkəməsində Ə.Rzayevin CM-nin 263.1-ci maddəsi ilə (hakim V.İbayev), həmin məhkəmədə X.İsgəndərovun CM-nin 263.2-ci maddəsi ilə, Q.Mustafayevin 263.1-ci maddəsi ilə R.Məmmədovun 263.1-ci maddəsi ilə (hakim Ş,Nəcəfova), Bakı şəhəri Nərimanov rayon məhkəməsində M.Tapdıqovun CM-nin 263.2-ci maddəsi ilə (hakim M.Əhmədova), Şəki rayon məhkəməsində T.Məmmədəliyevin CM-nin 263.1-ci maddəsi ilə (hakim A.Mikayılov) təqsirləndirilmələrinə dair cinayət işlərinə baxılarkən yol verilmişdir.
 
Qeyd olunanlarla yanaşı, ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr tərəfindən bu qəbildən olan cinayət işlərinə baxılarkən bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir.
 
Belə ki, B.Babayev Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18 mart 2002-ci il tarixli hökmü ilə (hakim Ş.Nəcəfova) CM-nin 263.1-civə 264-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrlə məhkum olunmasına baxmayaraq, o, CM-nin 264-cü maddəsi ilə məhkəməyə verilməmişdir.
 
Bundan əlavə, Suraxanı rayon məhkəməsinin 17 sentyabr 2002-ci il tarixli hökmü ilə (hakim Ş.Nəcəfova) T.Rüstəmov CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmasına baxmayaraq, o, məhkəmə hazırlıq icrasının 2avqust 2002-ci il tarixli qərarı ilə CM-nin 263.1-ci maddəsi ilə deyil, səhvən CM-nin 132-ci maddəsi ilə məhkəməyə verilmişdir.
 
Bundan əlavə, S.Səfərzadə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 7 noyabr 2002-ci il tarixli hökmü ilə (hakim M.Əliyev) CM-nin 263.2ci və 264-cümaddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq, o, həmin maddələrlə məhkəməyə verilməmişdir.
 
Eyni qanun pozuntuna Xaçmaz rayon məhkəməsində R.Şıxməmmədovun CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmasına dair iş üzrə də yol verilmişdir.
 
Ümumiləşdirmənin nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr əlavə cəzanın tətbiq olunmamasının səbəbini əsaslandırmadan tәqsirlәndirilәn şəxslər barəsində qanunsuz olaraq əlavə cəza tətbiq etməmişlər.
 
Bəzi hallarda isə hökmdə təqsirləndirilən şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi göstərilsə də, bu barədə Dövlət Yol Polisi orqanlarına məlumat verilməmiş, sürücülük hüququ haqqında vəsiqə məhkuma qaytarılmış, beləliklə də, hökmlərin bu hissəsi icrasız qalmışdır.
 
Belə ki, Göyçay rayon məhkəməsinin 27 fevral 2002-ci il tarixli hökmü ilə (hakim) S.Məmmədov Q.Qasımov CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, haqqında CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza şərti hesab edilmişdir.
 
Məhkəmə məhkumun sürücülük hüququ haqqındakı vəsiqəsini əlavə cəzanın icrası məqsədilə Dövlət Yol Polisinə göndərməli olduğu halda, sürücülük vəsiqəsini məhkum Q.Qasımovun özünə qaytarmışdır.
 
Bundan əlavə, Göyçay rayon məhkəməsinin 1 iyul 2002-ci il tarixli hökmü ilə B.Bəşirov CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və haqqında CM-nin 70-ci maddəsi tətbiq edilməklə əsas və əlavə cəza şərti hesab edilmişdir. Məhkəmə məhkum B.Bəşirov barəsində tətbiq olunmuş əlavə cəzanın şəri hesab olunması nəticəsinə gələrkən CM-nin 70.1-ci maddəsinin tələbini pozmuşdur.
 
Qeyd olunanları nəzərə alaraq prokurorluğun apellyasiya protestinə əsasən işə baxan Apellyasiya məhkəməsi özünün 21 Avqust 2002-ci il tarixli hökmünü dəyişərək əlavə cəzanın şərti tətbiq edilməsini hökmdən xaric etmişdir.
 
Bundan əlavə, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 yanvar 2003-cü il tarixli hökmü ilə (hakim Ş.Nəcəfova) İ.Vəliyev CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib. 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
 
Məhkəmə İ.Vəliyevin sürücülük hüququ haqqındakı vəsiqəni Dövlət Yol Polisinə göndərməyib. Məhkum M.Vəliyevin özünə qaytarmışdır.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirməsi nəticəsində müəyyən edilmişdir ki, bəzi məhkəmələr bu qəbildən olan cinayət işlərinə baxarkən təqsirli şəxslərin təqsirini müəyyən etməklə kifayətlənərək, yol-nəqliyyat hadisələrinin törədilməsi səbəblərini və şəraitini heç də həmişə meydana çıxarmır, nəqliyyatın işindəki nöqsanlar və bu hadisələrin baş verməsinə səbəb olan halların aradan qaldırılması üçün xüsusi qərardadlarla müvafiq təşkilatlara məlumat vermirlər. Statistik məlumatların təhlili göstərir ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə cəmi 21 cinayət işi üzrə, yəni 2,2 faiz işlər üzrə xüsusi qərardadlar çıxarılmışdır ki, bunu da kafi hesab etmək olmaz .
 
Ümumiləşdirmənin əhatə etdiyi dövrdə Bakı şəhərinin Nərimanov, Suraxanı, Sabunçu, Yasamal və Qaradağ, respublikanın Ağdaş, Bərdə, Saatlı, Xaçmaz, Şəki, Gəncə şəhərinin Kəpəz və sair rayon məhkəmələrində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baxılmış işlər üzrə xüsusi qərardadlar çıxarılmışdır.
 
Ümumiləşdirmənin əhatə etdiyi dövrdə Bakı şəhərinin Sabunçu rayon məhkəməsinə daxil olmuş 64 cinayət işindən 42-nə, Yasamal rayon məhkəməsinə daxil olmuş 58 işdən 26-na, Səbail rayon məhkəməsinə daxil olmuş 20 ildən 10-na, Kəpəz rayon məhkəməsinə daxil olmuş 12 işdən 8-nə, Xaçmaz rayon məhkəməsinə daxil olmuş 17 işdən 9-na məhkəmə sədrləri tərəfindən baxılmasına baxmayaraq, işlər üzrə bir dənə də olsun xüsusi qərardadlar çıxarılmamışdır.
 
Ümumiləşdirmənin nəticəsi 7 oktyabr 2004-cü il tarixdə Ali məhkəmənin Plenum iclasında müzakirə olunmuş və bu qəbildən olan cinayət işlərinə baxılarkən qanunların düzgün tətbiq olunmasını təmin etmək məqsədilə müvafiq qərar qəbul edilmişdir.
 
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi
və məhkəmə statistikasının təhlili şöbəsi