Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki işlər üzrə məhkəmə təcrübəsindən

 

MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
Mənzilin özəlləşdirilməsinə ailə üzvünün razılıq verməsi onun digər mənzili özəlləşdirmək hüququnu istisna etmir.
 
Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 mart 2004-cü il tarixli qətnaməsi ilə Ağayeva (Yusifzadə) Cəmlə Xəlil qızının Yusifzadə Gülnarə Rəsul qızına və Yusifzadə Fariz Rəsul oğluna qarşı iddiası təmin edilərək, Ağayeva (Yusifzadə) Cəmilə Xəlil qızının Bakı şəhəri, R.Behbudov küçəsindəki 13 saylı evin 22-ci mənzilindən istifadə hüququ tanınmış və həmin mənzilin özəlləşdirilməsi ilə əlaqədar sənədlər etibarsız hesab edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya məhkəməsi MİÜMK-nın 25 iyun 2004-cü il tarixli qətnaməsi ilə Qaradağ rayon məhkəməsinin qətnaməsi qismən ləğv edilib, mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə C.X.Ağayevanın (Yusifzadənin) iddia tələbi təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.
 
Azərbaycan Respublikası Ali məhkəməsi MİÜMK-nın 1 sentyabr 2004-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi ləğv edilib. İş yeni apellyasiya baxışına göndərilmişdir.
 
İş materiallarından görünür ki, Ağayeva (Yusifzadə) Cəmilə Xəlil qızı Yusifzadə Gülnarı Rəsul qızına və Yusifzadə fariz Rəsul oğluna qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırılıb, 8 dekabr 1989-cu ildə Yusifzadə Fariz Rəsul oğlu ilə rəsmi ailə qurub evləndiklərini F.R.Yusifzadənin anası Y.L.Yusifzadənin kirayəçi olduğu Bakı şəhəri R.Behbudov küçəsindəki 13 saylı evin 22-ci mənzilinə ailə üzvü kimi köçürüldüyün, birgə nikah dövründə 30 iyun 1990-cı ildə Nigar adlı uşaqlarının doğulduğunu, əri F.R.Yusifzadənin anası Y.L.Yusifzadə vəfat etdikdən sonra həmin mənzildə yaşayan ərinin bacısı G.R.Yusifzadənin onun razılığı olmadan mənzillərini öz adına özəlləşdirdiyini, özəlləşdirməyə qədər 3 otaqdan ibarət mənzillərinin 1 otağında G.R.Yusifzadənin,2otağında isə 3 nəfərdən ibarət ailəsinin yaşadığını, cavabdehlərin onun həmin mənzilə qeydiyyata düşməsinə maneçilik törətdiklərini bildirib, göstərilən mənzildən istifadə hüququnun tanınmasını və özəlləşdirmənin etibarsız hesab edilməsini xahiş etmişdir.
 
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 
Ali Məhkəmənin MİÜMK-sı aşağıdakı əsaslara görə Apelyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi ləğv edilib, işi yeni apellyasiya baxışına göndərmişdir.
 
Qaradağ rayon məhkəməsinin 25 mart 2004-cü il tarixli qətnaməsini qismən ləğv edib, C.X.Ağayevanın (Yusifzadənin) mənzilin özəlləşdirilməsinin ləğvi barədə iddiasını təmin etməyən Apellyasiya məhkəməsinin MİÜMK-sı öz qətnaməsini iddiaçı C.X.Ağayevanın (Yusifzadənin) atasının kirayəçisi olduğu Bakı şəhəri, Günəşli qəsəbəsi, S.Səfərov küçəsindəki 11 saylı evin 3-cü mənzilinin özəlləşdirilməsinə razılıq verməsi, bununla qanunvericilikdə müəyyən olunmuş mənzili özəlləşdirmək hüququnu həyata keçirməsi, təkrar özəlləşdirilmənin qanunla qadağan olunması dəlilləri ilə əsaslandırmışdır.
 
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadә edilə bilər.
 
Ali Məhkəmənin MİÜMK-sı hesab edib ki, Apellyasiya məhkəməsinin MİÜMK-sı vətəndaşların mənzili bir dəfə əvəzsiz özəlləşdirmək hüququnu səhv təfsir edib, C.X.Ağayevanın (Yusifzadənin) əvvəllər atasının adına mənzilin özəlləşdirilməsinə razılıq verməsini onun mənzili öz adına əvəzsiz özəlləşdirmək hüququnu həyata keçirməsi kimi izah etmişdir. Halbuki. Qanunun mənasına görə hər bir vətəndaşın dövlət və yaxud ictimai mənzil fondundan mənzili bir dəfə şəxsən əvəzsiz özəlləşdirmək hüququ vardır.
 
X                X                X
 
İşçiyə verilən istirahət günləri hesabına onun illik məzuniyyət hüququ məhdudlaşdırıla bilməz.
 
Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 yanvar 2004-cü il tarixli qətnaməsi ilə Əliyev Rasim Əli oğlunun, Qasımov Elşad Qasım oğlunun, Hüseynov Samir Tofiq oğlunun, Həsənov Məmmədəli Əli oğlunun, Səfixanov Mail Şıxəli oğlunun, Salmanov Heydər Vaqif oğlunun, Məcidov İntiqam Məcid oğlunun Umudov Hüseyn Məmmədiyə oğlunun və İdayətov Məclun Zeynal oğlunun “BUE Kaspiani Limited” şirkətinə qarşı məzuniyyət pulunun ödənilməsinə dair iddia tələbləri təmin edilməmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜKM-nın 28 aprel 2004-cü il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 1 sentyabr 2004-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına göndərilmişdir.
 
İş materiallarından görünür ki, R.Ə.Əliyev yuxarıda adları göstərilən digər iddiaçılar Səbail rayon mәhkәmәsindә iddia qaldırıb “Xəzərdənizneftdonanma” İdarəsinin göndərişi ilə müqavilə əsasında, “BUE Kaspian Limited” şirkətinə göndərilərək müxtəlif vəzifələrdə işlədiklərini, “BUE Kaspian Limited” şirkətində işlədikləri müddətdə istifadə etmədikləri pullarının onlara ödənilmədiyini, dəfələrlə müraciətlər etsələr də, müsbət nəticəsi olmadığını bildirib, istifadə etmәdiklәri məzuniyyətlərə pullarının onlara ödənilmədiyini, dəfələrlə müraciətlər etsələr də, müsbət nəticəsi olmadığını bildirib, istifadə etmədikləri məzuniyyətlərə görə onlara kompensasiya verilməsini xahiş etmişlər.
 
Ali Məhkəmə MİÜMK-sı aşağıdakı əsaslara görə Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərmişdir.
 
Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
 
Azәrbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinin 3-cü bəndinə görə işçilərin bu Məcəllə ilə müəyyən edilmiş mәzuniyyәt hüququ və ondan istifadə qaydaları mәhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 5-cü maddəsinin1-ci hissəsinə görə Azərbaycan Respublikası xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, Əmək Məcəlləsi müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
 
İş materiallarında olan iddiaçılara bağlanılmış kontraktların 5-ci bəndlərindən görünür ki, həmin bəndlər “məzuniyyət” adlandırılaraq kontraktlara daxil edilmişdir. Bu bəndlərin birinci abzasında müəyyən edilmişdir ki, işçiyə hər bir iş günü əmək haqqı ödənilən bir istirahət günü verilir.
 
Aşağı instansiya məhkəmələri iddiaçılarla bağlanılan kontraktların 5-ci bəndlərində müəyyən olunmuş “istirahət günlərini” “məzuniyyət günləri” kimi izah etdikdə bunu Əmək Məcəlləsinin 112-ci maddəsinin 2-ci bəndində təsbit edilmiş əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növlərinin nəzərdə tutulması müddəası ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edib ki, konstitusiya müddəalarına müvafiq olaraq digər işçilər kimi iddiaçıların da həm istirahət, həm də məzuniyyət günlərindən istifadə etmək hüquqları vardır.
 
X                X                X
 
İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin siyahısı normativ qaydada müəyyən edilmişdir
 
Bakı şəhəri Səbail rayon məhkəməsinin 2 aprel 2002-ci il tarixli qətnaməsi ilə iddiaçı Ruzmanov Əbülfət Sabir oğlunun cavabdeh 1 saylı Zona həkimi Əmək Ekspert Komissiyasına qarşı peşə xəstəliyinin və peşə əmək qabiliyyәtini itirilməsi dərəcəsinin müəyyən edilməsi barədə iddiası təmin edilərək, ona müvafiq arayışın verilməsi HƏEK-na həvalə edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 9 yanvar 2004-cü il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 9 aprel 2004-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2004-cü il tarixli qərarı ilə apellyasiya və kassasiya məhkəmələrinin aktları ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilmişdir.
 
İş materiallarından görünür ki, Ruzmanov Əbülfət Sabir oğlu 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına qarşı məhkəmədə iddia qaldırıb, 1990-cı ildən “Xəzərdənizneftdonanma” İdarəsi Gəmi Təmiri Zavodunda çilingər, 1986-cı ildən isə oksigen sahəsində aparıcı işlәdiyini, uzun müddət növbə ərzində oksigen sahəsində kompressor və avadanlıqların təmiri ilə də məşğul olduğunu, 2000-ci ilin sentyabr ayından xəstəliyi ilə əlaqədar müayinələrdən keçdiyini, hövzə poliklinikasının 11 avqust 2001-ci il tarixli göstərişi ilə Respublika Peşə Xəstəlikləri İnstitutunun 6 iyul 2001-ci il tarixli aktı ilə onun 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına göndərildiyini, 9 yanvar 2002-ci il tarixli müayinə aktına əsasən onun 2-ci qrup əlil hesab edildiyini, lakin əlilliyinin səbəbinin ümumi xəstəlik göstərildiyini, Tibbi-Sosial Ekspert Komissiyasına göndərişdə onun peşə xəstəliyi amili göstərildiyi halda bu barədə aktda müvafiq qeyd edilmədiyini, aktda düzəlişlər olunması barədə müraciətlərinə məhəl qoyulmadığını bildirib, onun əlilliyinin səbəbləri kimi peşə xəstəliklərinin göstərilməsini komissiyaya həvalə etməyi xahiş etmişdir.
 
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 
Ali Məhkəmənin Plenumu aşağıdakı əsaslara görə apellyasiya və kassasiya məhkəmələrinin aktlarını ləğv edib, işi yeni apellyasiya baxışına göndərmişdir.
 
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə görə əlillik o zaman peşə xəstəliyi nəticəsində baş vermiş hesab olunur ki, ona səbəb olmuş xəstəlik Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş peşə xəstəliklərinin siyahısına daxil edilsin. 14 yanvar 2002-ci il tarixə kimi peşə xəstəliklərinin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 mart 1993-cü il tarixli “Peşə xəstəliklərinin siyahısının təsdiq edilməsi haqqında” qərarı ilə müəyyən edilmişdi. Hal-hazırda “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısı” Azәrbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.
 
İş materiallarından görünür ki, Səbail rayon məhkəməsində Ə.S.Ruzmanovun iddiasına baxıldıqda yuxarıda göstərilən qərarlara müvafiq olaraq işin hallarına hüquqi qiymət verilməmiş. 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına əsassız olaraq həvalə edilmişdir ki, Ə.S.Ruzmanova peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirməsi barədə arayış versin. Apellyasiya və kassasiya məhkəmələri isə həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Plenum bunu məhkəmə aktlarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsas olan maddi hüquq normalarının pozulması kimi qiymətləndirmişdir.