Azərbaycan Respublikası Ali Məhkəməsi

Cinayət işləri üzrə məhkəmə təcrübəsindən
 
CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
Şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin icraatına Yalnız təqsirləndirilən şəxsin razılığı ilə xitam verilə bilər.
 
R.Zeynalov, S.Ömərov, F.Savruqov, O.Anina, M.Hüseynova və H.Hüseynov Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə ona görə məhkəməyə vermişlər ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onlara “Qanun keşiyində” ictimai-siyasi hüquq qəzetinin redaksiya binasının tikintisinə mane olmaq qadağan edildiyi halda, onlar davranış qaydasına zidd olaraq normativ hüquqi akta məhəl qoymadan özbaşınalıq edərək ayrılmış sahədə redaksiya tərəfindən inşa edilmiş daş hasarı 2003-cü ilin may ayında uçularaq həmin təşkilata 7 milyon manat məbləğində maddi və 5 milyon manat məbləğində mənəvi ziyan vurmuşlar.
 
Yasamal rayon məhkəməsinin qərarı ilə həmin şəxslər haqqında işin icraatına şəraitin dəyişilməsi ilə əlaqədar xitam verilmişdir.
 
Təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinə əsasən işə baxan Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair kollegiyasının qərarı ilə birinci instansiya məhkəməsinin qәrarı dəyişdirilmədən saxlanılmışdır.
 
Təqsirləndirilən şəxslər Apellyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətində ittiham olunduqları cinayət hadisәsinin törətməmələrini, birinci instansiya məhkəməsinin isə sübutları araşdırmadan qanunsuz olaraq şəraitin dəyişdirilməsi adı altında onların cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul etməsini, həmin qanunsuz qərarın Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanmasını göstərərək axırıncı instansiya məhkəməsinin qərarının ləğv olunmasını və bəraətləndirilmələrini xahiş etmişlər.
 
İş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin heç biri nə ibtidai istintaqda, nə də məhkəmə istintaqda onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməmiş, “Qanun keşiyində” qəzeti redaksiyasının inşa etdirdiyi daş hasarın onlar tərəfindən deyil, 8-13 yaşlı uşaqlar tərəfindən söküldüyünü göstərmişlər və şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilmələri barədə qərar çıxarılmasına razılıq verməmişlər.
 
Məhkəmə qərarlarında qeyd olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 74-cü maddəsində göstərilmişdir ki, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
 
Şəraitin dəyişməsi ilə bağlı şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar məsələni tənzimləyən Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (o cümlədən şərait dəyişdikdə) müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.
 
Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə də bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıla bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.
 
Qeyd edildiyi kimi, təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməmiş və barələrində cinayət təqibinə xitam verilməsinə razılıq verməmişlər.
 
Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməklə cinayətin təqibinə xitam verilməsi barədə razılıqları olmazsa, işə AzərbaycanRespublikası CPM-nın 324-cü və 341-ci maddələrində müəyyən edilmiş qaydalara uyğun olaraq məhkəmə istintaqı aparılmaqla baxılmalı, həmin Məcəllənin 145-ci maddəsinin tələblərinə müvafiq qaydada sübutlara qiymət verilməklə qanuni qərar qəbul edilməlidir.
 
Ona görə də Azərbaycan Respublikası apellyasiya Məhkəməsi cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının qərarı ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmışdır.