Azərbaycan Respublikası Ali Məhkəməsi

İntizam kollegiyasının iş təcrübəsindən Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının qərarları

 

İNTİZAM KOLLEGİYASININ İŞ TƏCRÜBƏSİNDƏN
 
Azərbaycan Respublikası
Ali məhkəməsi İntizam Kollegiyasının
 
Q Ə R A R I
 

17 sentyabr 2004-cü il 

Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali məhkəməsinin intizam kollegiyası R.Məmmədovun sədrliyi, kollegiya üzvləri Z.Hüseynov, B.Əsədov və Ə.rüstəmovun iştirakı ilə G.Məmmədovun katibliyi ilə Gəncə hərbi məhkəməsinin hakimi Əliyev Fikrət Hüseyn oğlunun barəsində Azərbaycan Respublikası ədliyyə nazirinin 23 avqust 2004-cü il tarixli qərarı əsasında qaldırılmış intizam icraatına dair işə baxaraq
 
M Ü Ə Y Y Ə N    E T D İ :
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə müvafiq surətdə Gəncə hərbi məhkəməsində məhkəmə statistikasının aparılması, əməl və icra intizamına riayət edilməsi və səlahiyyəti daxilində digər sahələr üzrə işin təşkili vəziyyəti yoxlanılmış və nəticədə hərbi məhkəmənin hakimi Fikrət Hüseyn oğlu Əliyev tərəfindən əmək və icra intizamının kobudcasına pozulması halları aşkar edilmişdir.
 
Yoxlama materialları əsasında Azərbaycan Respublikası ədliyyə naziri “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunun 112-ci maddəsinə uyğun olaraq hakim Fikrət Əliyevin barəsində intizam icraatının başlanmasına dair qərar qəbul etmişdir.
 
Hakim Fikrət Əliyevin barəsində intizam icraatının başlanmasına səbəb olan faktlar hakimin özünün iştirakı ilə intizam kollegiyasının iclasında müzakirə olunarkən müəyyən edildi ki, Fikrət Əliyev icraatında olan bəzi cinayət işlərinin məhkəmə baxışına hazırlanması və məhkəmə araşdırmasının keçirilməsi gedişində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək sahəsində üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməmiş, 64 cinayət işindən 20-si üzrə hökmləri şahidlərin məhkəmə iclasına çağırılmasını və dindirilməsini təmin etmədən çıxarmışdır.
 
Həmin cinayət işləri üzrə ittiham aktına görə məhkəmə iclasına dəvət edilməli olan şahidlərin artıq ordu sıralarından tərxis olunmuş şəxslər olması, onların tapılıb məhkəməyə dəvət edilməsi və dindirilməsində müəyyən çətinliklərin ortaya çıxmasına dair hakim Fikrət Əliyevin intizam kollegiyasının iclasında verdiyi izahat onun işdə yol verdiyi qanun pozuntusuna haqq qazandıra bilməz.
 
Bundan əlavə, intizam kollegiyasının iclasında müəyyən edildi ki, hakim Fikrət Əliyev icra sənədlərinin vaxtında və düzgün icrasına nəzarət etməmiş, cəzanı icra edən müəssisə və orqanlardan onların icrası barədə məlumatların alınmasını heç də həmişə təmin etməmiş, məhkum Müşfiq qarayevin barəsində hökmün icraya yönəldilməsindən 1 il, İlqar Abbasovun barəsində 5 ay, Heydər İsgəndərovun barəsində olan hökmün icraya yönəldilməsindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq, yoxlama keçirilən günədək onların icraya qəbul edilməsi və icrası barədə məlumatlar alınmamışdır. Onun sədrliyi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən bir sıra məhkumların, o cümlədən Zabit Qasımovun, Maqsud Nəsibovun və qeyrilərinin ailələrinə bu barədə məlumatlar verilməmişdir.
 
Kollegiyanın iclasında hakim Fikrət Əliyev tərəfindən məhkumların statistik sənədlərinin barəsində, o cümlədən Tural əliyevin, Elman Hüseynovun, məhkumluqlarına dair məlumatların Azərbaycan respublikası DİN-ə göndərilməməsi müəyyən edildi.
 
Qeyd edilən qanun pozuntuları ilə əlaqədar hakim Fikrət Əliyev intizam kollegiyasının iclasında izah etdi ki, iş fəaliyyətində həqiqətən belə nöqsanlar olmuş və yoxlamadan dərhal sonra bunlar ardan qaldırılmışdır. Daha sonra hakim Fikrət Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən onun hakim işlədiyi məhkəmədə işin təşkilinin yoxlanılmasının və mövcud nöqsanların üzə çıxarılmasının müsbət əhəmiyyətinə malik olmasını qeyd etməklə fəaliyyətinin intizam kollegiyasına müzakirəsindən ciddi nəticələr çıxaracağına söz verdi.
 
Azərbaycan respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası hesab edir ki, yuxarıda sadalanan faktlar hakim Fikrət Əliyevin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsassızdır.
 
İntizam kollegiyası hakim Fikrət Əliyevin səmimiyyətini və müzakirədən düzgün nəticə çıxarmasını nəzərə alaraq ona irad tutulmasını məqsədə müvafiq hesab edir.
 
Şərh edilənlərə əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 111-ci və 112-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası
 
Q Ə R A R     A L I R:
 
Gəncə hərbi məhkəməsinin hakimi Əliyev Fikrət Hüseyn oğlu intizam məsuliyyətinə cəlb edilməklə ona irad tutulsun.
 
Qərardan 10 sutka ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Komissiyasına şikayət verilə bilər.
 
Sədrlik edən:
Kollegiya üzvləri:
 
 
Azərbaycan Respublikası
Ali Məhkəməsi İntizam Kollegiyasının
 
Q Ə R A R I
 

17 sentyabr 2004-cü il

Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin intizam kollegiyası R.Məmmədovun sədrliyi, kollegiya üzvləri Z.Hüseynov, B.Əsədov və Ə.Rüstəmovun iştirakı ilə G.Məmmədovun katibliyi ilə Gəncə hərbi məhkəməsinin hakimi Dosiyev Amil Qaraxan oğlunun barəsində Azərbaycan Respublikası ədliyyə nazirinin 24 avqust 2004-cü il tarixli qərarı əsasında qaldırılmış intizam icraatına dair işə baxaraq
 
 
M Ü Ə Y Y Ə N     E T D İ:
 
Azərbaycan respublikası ədliyyə nazirliyi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 86-cı maddəsinə müvafiq surətdə Gəncə hərbi məhkəməsində məhkəmə statistikasının aparılması, əmək və icra intizamına riayət edilməsi və səlahiyyəti daxilində digər sahələr üzrə işin təşkili vəziyyəti yoxlanılmış və nəticədə hərbi məhkəmənin hakimi Amil Qaraxan oğlu Dosiyev tərəfindən əmək və icra intizamının kobudcasına pozulması halları aşkar edilmişdir.
 
Yoxlama materialları əsasında Azərbaycan Respublikası ədliyyə naziri “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-ci maddəsinə uyğun olaraq hakim Amil Dosiyevin barəsində intizam icraatının başlanmasına dair qərar qəbul etmişdir.
 
Hakim Amil Dosiyevin barəsində intizam icraatının başlanmasına səbəb olan faktlar hakimin özünün iştirakı ilə intizam kollegiyasının iclasında tədqiq olunarkən onun icraatında olan bəzi cinayət işlərinin məhkəmə baxışına hazırlanması və məhkəmə araşdırmasının keçirilməsi gedişində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək sahəsində üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməməsi müəyyən edildi. Belə ki o,baxılmış 66
 
cinayət işindən 19-u üzrə hakimləri şahidlərin məhkəmə iclasına çağırılmasını və dindirilməsini təmin etmədən çıxarmışdır.
 
Bu qanun pozuntusunu hakim Amil Dosiyev cinayət işləri üzrə ittiham aktına görə məhkəmə iclasına dəvət edilməli olan şahidlərin artıq ordu sıralarından tərxis olunmuş şəxslər olması, onların tapılıb məhkəməyə dəvət edilməsi və dindirilməsində müəyyən çətinliklərin ortaya çıxması ilə izah etdi.
 
Bundan əlavə, intizam kollegiyasının iclasında müəyyən edildi ki, hakim Amil Dosiyev icra sənədlərinin vaxtında və düzgün icrasına nəzarət etməmiş, cəzanı icra eən müəssisə və orqanlardan onların icrası barədə məlumatların alınmasını heç də həmişə təmin etməmiş, məhkum Ruslan Abdullayev, Ağacan Şərifov və başqalarının hansı cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə məlumatlar alıb işə əlavə etməmişdir.
 
Kollegiyanın iclasında hakim Amil Dosiyev tərəfindən məhkumların statistik sənədlərinin tərtibatında çoxsaylı nöqsanlara yol verilməsi halları da təsdiq edildi.
 
Qeyd edilən qanun pozuntuları ilə əlaqədar hakim Amil Dosiyev intizam kollegiyasının iclasında izah etdi ki, iş fəaliyyətində olan bu nöqsanları yoxlamadan dərhal sonra aradan qaldırmışdır. Daha sonra hakim Amil Dosiyev Azərbaycan Respublikası ədliyyə nazirliyi tərəfindən onun hakim işlədiyi məhkəmədə işin təşkilinin yoxlanılmasının və mövcud nöqsanların üzə çıxarılmasının müsbət əhəmiyyətinə malik olmasını qeyd etməklə fəaliyyətinin intizam kollegiyasında müzakirəsi ilə kifayətlənməsi və barəsində qaldırılmış intizam icraatına xitam verilməsini xahiş etdi.
 
Amil Dosiyevin icraatında olan cinayət işlərindən təxminən hər üçündən birinə şahidlərin iştirakı təmin edilmədən baxılması, hökmlərin icrasına dair qanunun tələbinə tam əməl edilməməsi, statistik sənədlərin düzgün tərtib edilməməsi və bu kimi digər nöqsanların mövcudluğunu intizam kollegiyası hakimin icra və əmək intizamını kobudcasına pozması kimi qiymətləndirir və belə bir nəticəyə gəlir ki, onun barəsində qaldırılmış intizam icraatına xitam verilə bilməz.
 
Azərbaycan respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası hesab edir ki, yuxarıda sadalanan faktlar hakim Amil Dosiyevin intizam məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər əsas verir.
 
İntizam kollegiyası hakim Amil Dosiyevin səmimiyyətini və müzakirədən düzgün nəticə çıxarmasını nəzərə alaraq ona irad tutulmasını məqsədə müvafiq hesab edir.
 
Şərh edilənlərə əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan respublikası Qanununun 111-ci və 112-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası
 
Q Ə R A R A       A L I R:
 
Gəncə hərbi məhkəməsinin hakimi Dosiyev Amil Qaraxan oğlu intizam məsuliyyətinə cəlb edilməklə ona irad tutulsun.
 
Qərardan 10 sutka ərzində Azərbaycan Respublikası Ali məhkəməsinin İntizam Komissiyasına şikayət verilə bilər.
 
Sədrlik edən:
Kollegiya üzvləri: