Azərbaycan Respublikası Ali Məhkəməsi

Metodik məktublar
 
METODİK MƏKTUBLAR
 

№ 2n-277

19 aprel 2004-cü il

 
 
AZƏRBAYCAN RESPUBLİKASI APELLYASİYA MƏHKƏMƏSİNİN SƏDRİ XANIM G.RZAYEVAYA
 
SURƏTİ: NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ CƏNAB R.SÜLEYMANOVA
 
SURƏTİ: AZƏRBAYCAN RESPUBLİKASININ BÜTÜN RAYON (ŞƏHƏR) MƏHKƏMƏLƏRİNİN SƏDLƏRİNƏ
 
Azərbaycan respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə müvafiq olaraq dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər.
 
“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası 2004-cü il 1 iyun tarixli 677-11 QD nömrəli Qanunun redaksiyasında verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları və ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 iyun tarixli 78 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, bu dövlət orqanı – Azərbaycan Respublikasının Nazirlər Kabinetidir) və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Beləliklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməz və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər.
 
Eyni zamanda Azərbaycan respublikasının 2004-cü il 1 iyun tarixli 677-IIQD nömrəli Qanunu ilə Azərbaycan respublikasının Torpaq məcəlləsində də bir sıra dəyişikliklər edilmiş və torpaq mülkiyyətçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi sahəsində əlavə təminatlar verilmişdir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 5-ci bəndinin yeni redaksiyasına gör hüquqi və fiziki şəxslərin mülkiyyətində olan və onlara icarəyə verilmiş torpaq sahələrinin dövlət və ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi şərtləri və halları Azərbaycan Respublikasının mülki Məcəlləsi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin on birinci abzasında isə təsbit edilmişdir ki, dövlət. bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi məhz qanunla (əvvəlki redaksiyada – məhkəmə tərəfindən) müəyyən edildikdə torpaq üzərinə mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilə bilər.
 
“Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 iyun 78 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıq verilmişdir ki, qüvvədə olan qanunvericilik aktlarının həmin Qanuna uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Torpaq Məcəlləsinin başqa maddələri və digər qanunvericilik 2004-cü il 1 iyun tarixli 677-IIQD nömrəli Qanuna uyğunlaşdırılanadək “Normativ hüquqi aktlar haqqında” Azərbaycan respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 2004-cü il 1 iyun tarixli 677-IIQD nömrəli Qanunun müddəaları tətbiq edilməlidir.
 
Lakin Mənzil Tikinti Kooperativlərinin və bu fəaliyyətlə məşğul olan digər cəmiyyət və firmaların iddiaları üzrə vətəndaşlara məxsus yaşayış üzvləri üzərində mülkiyyət hüququna xitam verilməsi ilə bağlı məhkəmələr tərəfindən 2003-cü ildə və 2004-cü ilin səkkiz ayında baxılmış mülki işlər öyrənilərkən müəyyən edilmişdir ki, qanunvericiliyin yuxarıda şərh olunan müddəaları bəzi məhkəmələr tərəfindən düzgün tətbiq olunmamış, vətəndaşların Konstitusiyada təsbit edilmiş mülkiyyət toxunulmazlığı hüququ kobud surətdə pozulmuşdur.
 
Göstərilənləri nəzərə alaraq yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin qərarı ilə torpaq sahələrinin tikinti üçün verilməsi ilə əlaqədar daşınmaz əmlakın üzərində mülkiyyət hüququna xitam verilməsinə dair hüquqi və fiziki şəxslərin iddialarına qanunvericiliyin yuxarıda şərh olunan müddəalarına ciddi əməl etməklə baxılmasını, vətəndaşların Konstitusiyada təsbit edilmiş mülkiyyət toxunulmazlığı hüquqlarını təmin etməyinizi xahiş edirəm.
 
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri                                     S.C.HƏSƏNOVA