Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin beynəlxalq əlaqələrindən
 
ALİ MƏHKƏMƏNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİNDƏN
 
2004-cü il oktyabrın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” ikitərəfli layihəsinin rəhbəri Tomas Herman, Tbilisidə yerləşən “Cənubi Qafqazda məhkəmə və hüquq islahatları” regional layihəsinin rəhbəri Zeno Rayxenbexer və layihənin digər əməkdaşlarının iştirakı ilə Ali Məhkəmənin yenidən çapdan çıxmış qərarları toplusunun ilk sayının təqdimat mərasimi keçirilmişdir.
 
Mərasimi açan Ali Məhkəmənin sədr müavini Hacıbala Sadıqov Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin uzunmüddətli əməkdaşlıq etməsindən danışdı, Azərbaycan respublikası Ali məhkəməsinin bütün qərarlarının dərc olunmasının Azərbaycanda məhkəmə islahatlarının tərkib hissəsi olan aşkarlıq və şəffaflıq prinsiplərinin inkişafı istiqamətində atılmış yeni və çox mühüm addım olmasını xüsusilə qeyd etdi.
 
Mərasim zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Qərarlar toplusunun baş redaktoru Hikmət Mirzəyev Ali məhkəmənin bütün qərarlarının toplanması, redaktə edilməsi, çap olunması üçün hazırlanmasından və bunlara nəzarət edilməsindən bəhs etdi.
 
Sonra ATƏC-in və Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” ikitərəfli layihəsinin rəhbəri Tomas Herman ATƏC-in Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf nazirliyinin artıq Azərbaycanda məhkəmə və hüquq sistemində aparılan islahatlar sahəsində yeddi il fəaliyyət göstərməsini, layihənin yeni fəaliyyətə başladığı gündən etibarən Azərbaycan Respublikası Ali Məhkəməsi ilə bir çox birgə tədbirlər keçirilməsini, səfərlər təşkil etməsini yüksək qiymətləndirdi.
 
Həmçinin cənab Tomas Herman bu əməkdaşlığın davamı olaraq Ali məhkəmənin qərarlarının ATƏC-in texniki və maliyyə dəstəyi ilə qərarların toplu şəklində çap etdirilməsinə başlanmasının, 2004-cü il üzrə müvafiq məhkəmə kollegiyaları qərarlarının da nəşr olunmasının nəzərdə tutulduğunu qeyd etdi.
 
Mərasimdə Ali Məhkəmənin əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.