Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki işlər üzrə məhkəmə təcrübəsindən
 
MÜLKİ İŞLƏR ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
İddiaçının iddiadan imtina etməsi başqa şəxslərin mənafeyinin pozulmasına səbəb olarsa, məhkəmə bunu qəbul etməməlidir
 
Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 fevral 2003-cü il tarixli qətnaməsi ilə Binəqədi rayon İcra hakimiyyətinin Zeynallı Yusif Qurban oğluna qarşı orderin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 24 may 2004-cü il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi iddiadan imtina etdiyinə görə Binəqədi rayon məhkəməsinin 28 fevral 2003-cü il tarixli qətnaməsi ləğv edilib, iş üzrə icraata xitam verilmişdir.
 
“Nehrəm” Holdinq kampaniyasının səlahiyyətli nümayəndəsi İ.Z.Həsənova Apellyasiya Məhkəməsi MİÜMK-nın qərardadından kassasiya şikayəti verib, Binəqədi rayon məhkəməsinin 28 fevral 2003-cü il tarixli qətnaməsinin onların hüquq və mənafelərinə toxunduğunu, lakin məhkəmədə həmin işə baxıldıqda onların işə cəlb edilmədiyini, qanunla qorunan hüquq və mәnafelәrinin məhkəmə müdafiəsi hüquqlarının pozulduğunu, həmin iş üzrə apellyasiya icraatının onların şikayətlərinə əsasən başlanıldığını, Binəqədi rayon İcra Hakimiyyətinin iddiadan imtina etməsi nəticəsində onların apellyasiya şikayətlərinin baxılmadan qaldığını, Apellyasiya Məhkəməsi MİÜMK-nın Binəqədi rayon İcra Hakimiyyətinin iddiadan imtina etmə hərəkətinə düzgün hüquqi qiymət vermədiyini bildirib, həmin qərardadın lәğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
 
Məruzəçini, “Nehrəm” holdinq kampaniyasının nümayəndəsi, İ.Z.Həsənovanı dinləyib, kassasiya şikayətinin dəlillərini və bütünlüklə iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edib ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməli, Apellyasiya məhkəməsi MİÜMK-nın qərardadı ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilməlidir.
 
Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi. İddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır.
 
Binəqədi rayon İcra hakimiyyətinin həmin iş üzrə iddia ərizəsindən görünür ki, Bakı şəhər İHB-nin 30 iyun 1993-cü il tarixli 1264 saylı sərəncamı ilə cavabdeh Y.Q.Zeynallıya Bakı şəhəri, İnqilab küçəsindəki (indiki akademik Həsən Əliyev küçəsi) 33 saylı evin 3 otaqlı 4-cü mənzili verilmiş və ona 24 iyul 1999-cu il tarixli 018709 saylı order yazılmışdır. Bakı şəhər prokurorunun protestinə əsasən Y.Q.Zeynallıya və başqalarına mənzil verilməsi barədə Bakı şəhər İHB-nin sərəncamı 23 sentyabr 1994-cü ildə ləğv edilmiş və rayon icra hakimiyyətinə həvalə edilmişdir ki, həmin sərəncamla vətəndaşlara verilmiş orderlərin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırılsın.
 
Həmin iddia ilə əlaqədar Binəqədi Rayon İcra hakimiyyətinin tələbi Binəqədi rayon məhkəməsinin 28 fevral 2003-cü il tarixli qәtnamәsi ilə təmin edilməmişdir.
 
İşin 58-59-cu vərəqələrində olan “Nehrəm” holdinq kampaniyası ilə Azərbaycan Respublikası Əmlak Komitəsi arasında bağlanılmış 23 fevral 1998-ci il tarixli alqı-satqı müqaviləsində görünür ki, “Nehrəm” holdinq kampaniyası Y.Q.zeynallıya verilmiş mənzilin yerləşdiyi Bakı şəhəri, akademik Həsən Əliyev küçəsindəki 33 saylı binanı satın almışdır. İşin 62-ci vərəqində olan şəhadətnamədən görünür ki, həmin bina üzərində “Nehrəm” holdinq kampaniyasının mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir.
 
İşin 54-55-ci vərəqələrində olan “Nehrəm” holdinq kampaniyasının apellyasiya şikayətindən və işin 73-cü vərəqində olan məhkəmə iclasının prtokolundan görünür ki, həmin iş üzrə apellyasiya icraatı “Nehrəm” holdinq kampaniyasının şikayəti әsasında başlanılmışdır.
 
Beləliklə, Məhkəmə Kollegiyası hesab edib ki, Binəqədi rayon İcra hakimiyyətinin iddiadan imtina etməsini qəbul edib işin icraatına xitam verən Apellyasiya Məhkəməsinin MİÜMK-sı bunun “Nehrəm” holdinq kampaniyasının hüquqlarına və mənafeyinə təsir edib-etməməsinə Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə müvafiq olaraq hüquqi qiymət verməmişdir.
 
Azərbaycan Respublikası Ali məhkəməsinin Kollegiyası yuxarıda göstərilən prosessual qanun pozuntusunu, apellyasiya məhkəməsi MİÜMK-nın 24 may 2004-cü il tarixli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsas hesab etmişdir.