Azərbaycan Respublikası Ali Məhkəməsi

Cinayət işləri üzrə məhkəmə təcrübəsindən
 
CİNAYƏT İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİNDƏN
 
Əməldə xuliqanlıq cinayəti olmadığına görə məhkumluğun bu hissəsinə xitam verilmişdir
 
Ağır Cinayətlərə dair Azərbaycan Respublikası məhkəməsinin 2003-cü il 14 may tarixli hökmünə əsasən R.Xəlilov Azәrbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il, 221.3-cü maddəsi ilə 5 il, 120.2.2-ci maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 66.3-cü maddəsinə uyğun olaraq cəzaları qismən toplama üsulu ilə birləşdirilərək üzərində 14 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.
 
R.Xəlilov ona görə məhkum edilmişdir ki, o, 31 dekabr 2002-ci il tarixdə saat 15 radələrində şamaxı şəhəri Gənclər küçəsində yerləşən “Nuşican” çayxanasına gedib, orada R.Ağacanov ilə aralarında baş vermiş narazılıqla əlaqədar ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı açıqcasına hörmətsizlik edən hərəkətlər edərək R.Ş.Ağacanovla əlbəyaxa olmuş onun sifətinə kəllə ilə vuraraq sağ göz yuvasının tiş bucağında sıyıq əmələ gətirməklə sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirmişdir. Onun xuliqanlıq hərəkətinin qarşısını alıb çayxana işçisi M. və S.Allahverdiyev qardaşları onları ayırmışlar. Bundan sonra, təqsirləndirilən şəxs R.M.Xəlilov R.Ağacanovla səhəri günü görüşüb aralarında baş vermiş münaqişəni axıra çatdıracaqları barədə razılaşıb çıxış getmişlər.
 
Bir gün sonra 1 yanvar 2003-cü ildə saat 15.30 radələrində R.Xəlilov Şamaxı şəhəri M.Rəsulzadə və gənclər küçələrinin kəsişdiyi yerdə R.Ş.Ağacanovla görüşüb, orada təkrar xuliqanlıq hərəkətlərini davam etdirərək nalayiq söyüşlər söyməklə Gənclər küçəsi 12 N-li evin yaxınlığında ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər edərək, naayiq söyüşlər söyüb R.Ağacanovu vurub ona alın nahiyəsində. sağ əldə, sol almacıq, sol yanağında sıyıq, alt çənədə kiçik ölçülü sıyrıq və yara ilə nəticələnən xəsarətlər yetirmişdir. R.Xəlilov xuliqanlıq niyyətilə Ağacanovu qəsdən öldürmək məqsədilə silah kimi istifadə etdiyi kustar üsulla hazırlanmış təsərrüfat təyinatlı bıçaqla R.Ağacanovun həyatı üçün zəruri olan döş qəfəsinin sol tәrәfindәn 7-8-ci qabırğalararası nahiyəsindən qəsdən bir dəfə güclü zərbə vurub ona daxilə keçən, diafraqmanı, ürək kisəsini və ürəyi zədələyən xəsarət yetirməklə qəsdən öldürmüş və hadisə yerindən qaçmışdır.
 
Məhkum R.Xəlilovun və onun müdafiәçisinin apellyasiya şikayətinə əsasən işə baxan AR Apellyasiya Məhkəməsinin 19.08.03-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanmışdır.
 
Məhkum R.Xəlilov tərəfindən göndərilən kassasiya şikayətində əməlinin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi və ona həmin maddənin sanksiyası daxilində minimum cəza təyin edilməsi xahiş olunur. Kassasiya şikayəti bununla əsaslandırılır ki, 31.12.02-ci ildə çayxanadakı dalaşma hadisəsi R.Ağacanovun təqsiri üzündən, onun təşəbbüsü ilə başlanmışdır. Bu hadisə həmin günü başa çatdığı halda ibtidai istintaq və məhkəmə orqanları 1.01.03-cü ildə baş verən dalaşma hadisəsini bir gün əvvəl baş vermiş hadisənin davamı kimi qələmə vermişlər. yanvarın 1-də baş vermiş dalaşma hadisəsi ictimai yerdə baş verməmiş, bu hadisə yerində hər hansı başqa şəxs olmamışdır. Həmin gün baş verən dalaşmanın da səbəbkarı mərhum R.Ağacanov olmuşdur. İbtidai istintaq orqanı özü də R.Ağacanovun 31.12.02-ci ildə xuliqanlıq etməsi nəticəsinə gəlmiş, lakin o, öldüyü üçün işin onun haqqındakı icraatına xitam vermişdir. Cəza təyini zamanı məhkəmə onun könüllü olaraq polisә gəlib təlim olmasını nəzərə almamış və haqqında CM-nin 60-cı maddәsini tətbiq etməmişdir.
 
Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aşağıdakılara əsasən kassasiya şikayəti hissə ilə təmin edilməlidir.
 
İşdən görünür ki, işin həqiqi halları məhkəmələr tərəfindən düzgün müəyyən edilsə də, R.Xəlilovun əməlinə düzgün hüquqi qiymət verilməmişdir.
 
Belə ki, R.Xəlilovun 31.12.02-ci ildə saat 15 radələrində Şamaxı şəhərindəki “Nuşican” çayxanasından mərhum Ağacanovla əlbəyaxa olub dalaşması şübhə doğurmur. Lakin iş materiallarından aydın olur ki, bu hadisə məhz R.Ağacanovun tәşәbbüsü və təqsiri üzündən baş vermişdir. Belə ki, hadisə vaxtı çayxanada bir neçə nəfər olmuş və R.Xəlilov çayxanaya daxil olarkən onlarla salamlaşıb görüşmüşdür. Mərhum R.Ağacanovla görüşərkən axırıncı R.Xəlilovun özünə və atasının ünvanına ifadələrdə göstərilən ağır təhqiredici söz işlətmişdir. Bu səbəbdən R.Ağacanovla R.Xəlilov arasında mübahisə baş vermiş və onlar tutaşmışlar. Bu zaman R.Xəlilov kəllə ilə R.Ağacanova sağlamlığa zәrәr vurmayan xəsarət yetirmişdir. Çayxana işçisi S.Allahverdiyev R.Ağacanovu çayxanadan bayıra çıxarırkən R.Ağacanov R.Xəlilovu hədələmişdir ki, sabah səni tapıb cəzalandıracağam.
 
Hadisənin məhz bu qaydada baş verməsi məhkum R.Xəlilovun ifadələrindən əlavə, şahidlərdən S.Allahverdiyev, M.Allahverdiyev, E.Bağırov və N.Şıxəliyevin ifadələri ilə də təsdiq olunur.
 
İbtidai istintaq və məhkəmə orqanları tərəfindən hadisənin bu hissəsi R.Xəlilov tərəfindən qrup şəklində törədilən xuliqanlıq kimi CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir.
 
Kassasiya instansiyası məhkəməsi hesab edir ki, dekabrın 31-də çayxanada baş vermiş və yuxarıda tövsif olunan hadisəyə belə hüquqi qiymət verilməsi ilə razılaşmaq olmaz. Çünki, əvvəla belə tövsif qrup şəklində cinayətin mahiyyəti barədə AR CM-nin 34-cü maddəsi ilə müəyyən edilәn normalara ziddir. Digər tərəfdən iş materialları ilə tam sübuta yetirilmişdir ki, çayxanadakı dalaşma hadisəsi məhz mərhum R.Ağacanovun təşəbbüsü ilə başlamış və r.Xəlilovun onunla tutaşması təbii cavab reaksiyasıdır. İşdən görünür ki, mərhum R.Ağacanov R.Xəlilovdan 7 yaş böyük olduğu kimi boyca da ondan hündür, fiziki cəhətdən üstünlüyə malik olmuşdur. Hadisə vaxtı R.Xəlilovun R.Ağacanova kəllə atın ona sağlamlığı pozmayan xəsarət yetirməsi özünü müdafiə reaksiyası kimi qiymətləndirilməlidir.
 
İbtidai istintaq orqanı özü də həmin hadisə ilə əlaqədar mərhum R.Ağacanovun əməlində xuliqanlıq cinayətinin olması nəticəsinə gəlmiş və yalnız onun ölməsi ilə əlaqədar olaraq cinayət işinin onun haqqında olan hissəsinə xitam vermişdir.
 
Kassasiya instansiyası məhkəməsi hesab edir ki, R.Xəlilov 31.12.02-ci ildə çayxanada baş verən münaqişəyə məhz mərhum R.Ağacanov tərəfindən cəlb edildiyinə görə R.Xəlilovun cavab tədbirləri hər hansı cinayət təqibatına səbəb ola bilməz. Ona görə də ittihamın CM-nin 221.2.1-ci maddəsi ilə olan hissəsinin icraatına xitam verilməlidir.
 
Cinayət işində R.Xəlilovun 1.01.03-cü ildə qəsdən adam öldürmə cinayəti ilə yanaşı, hər hansı xuliqanlıq cinayəti də törətməsi barədə məlumatlar yoxdur. İşdən görünür ki, yanvarın 1-də baş vermiş hadisə də mərhum R.Ağacanovun təşəbbüsü ilə baş vermişdir. Ölüm hadisəsinin hələ kim tərəfindən törədilməsi barədə polisdə məlumat olmadığı vaxtı R.Ağcanovun arvadı G.Ağacanova 1.01.03-cü il tarixli ifadəsində göstərmişdir ki, həmin gün əri R.Ağacanov ona demişdir ki, dünən çayxanada bir nəfərlə dalaşmışdır, onu cəzalandırmağa gedir. Oğlanlarının ad günü olduğu üçün onu fikrindən daşındırmağa cəhd etsə də, buna nail olmamışdır.
 
Şahid A.Xəlilovun ifadəsindən aydın olur ki, özünün VAZ-2101 markalı avtomaşını ilə R.Ağacanovu evinin yaxınlığından götürüb hadisə yerinə o aparmışdır. R.Ağacanov orada tanımadığı bir nəfərlə görüşdükdən sonra onlar bərbərxananın arxasına keçmişdir. 2-3 dəqiqə sonra R.Ağacanov maşına tərəf gələrkən qar suyunun üstünə yıxılmışdır. Hadisə vaxtı küçənin tinində bir nəfərin dayandığını görmüşdür. Hadisə yerində başqa şəxs olmamışdır.
 
Mərhum R.Xəlilov ifadələrində göstərmişdir ki, 1.01.03-cü ildə çayxanaya getmək istərkən R.Ağacanov “Jiquli” markalı maşından düşüb onu bayaqdan gözlədiyini bildirmiş və onu dalaşmaq üçün bərbərxananın arxasına aparmışdır. Hadisə yerində olan M.Qarayev onların savaşmasına mane olmaq istəsə də, Rövşən “bu şənlik deyil” deyərək ondan yaxın gəlməməyi tələb etmişdir. Bundan sonra R.Ağacanov onu ədəbsiz sözlərlə təhqir etmiş, boynunu qoltuğu altına alıb sıxmağa başlamışdır. Boğulacağını gördükdə cibindən bıçaq çıxarıb ona bir zərbə vurmuşdur. R.Ağacanov onun boynunu buraxdıqda hadisə yerindən qaçmışdır.
 
R.Xəlilovun bu ifadəsi nəinki təkzib olunmamış, əksinə, iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, hadisənin bilavasitə şahidi olan M.Qarayev göstərmişdir ki, R.Xəlilov ilə bir nəfərin dalaşdığını gördükdə yaxınlaşıb onlara mane olmaq istəmişdir. Bu zaman R.Xəlilovla dalaşan oğlan demişdir ki, “onun işinə heç kəs qarışmasın”. Ona görə də R.Xəlilovun evinə gəlib hadisə barədə onun atasına məlumat vermişdir.
 
İş üzrə dindirilən şahidlərin ifadələrindən görünür ki, yeni il bayramı günü olduğundan hadisə vaxtı dükanlar, bərbərxana bağlı olmuş, bu səbəbdən də hadisə yerində kənar şəxs olmamışdır. Məhkəmə qərarlarında məhkum R.Xəlilovun tәsirliliyini əks etdirən ittihamın fabulasından görünür ki, məhkəmə orqanları R.Ağacanov və R.Xəlilov arasında yanvarın 1-də baş vermiş dalaşma hadisəsini bir gün əvvəlki dalaşmanın davamı və təkrar xuliqanlıq kimi qiymətləndirmişlər. Əməlin belə qiymətləndirilməsi qanunun tələblərinə ziddir. Belə ki, əvvəla, yuxarıda qeyd edildiyi kimi, dekabrın 31-dı R.Xəlilovun xuliqanlıq etməsi sübuta yetməmişdir. Digər tərəfdən, ayrı-ayrı vaxtlarda, müxtəlif yerlərdə baş vermiş dalaşma hadisələrinin əvvəl baş verən xuliqanlıq hadisəsinin davamı kimi qiymətləndirilməsi düzgün hesab edilə bilməz.
 
Ümumiyyətlə, ibtidai istintaq və məhkəmə iclasları zamanı yanvarın 1-də baş verən hadisə vaxtı ictimai qaydanın kobud surətdə pozulması, yaxud xuliqanlıq cinayəti hadisəsi üçün xarakterik olan başqa hal olması müəyyən edilməmişdir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, hadisənin mərhum R.Ağacanovun təşəbbüsü ilə baş verməsi təsdiq olunduğundan, ictimai qayda pozulmuş olsa belə, bunun üçün R.Xəlilov məsuliyyət daşıya bilməz. Həmin səbəblərdən R.Xəlilova CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham da sübuta yetirilməmiş hesab olunur və Apellyasiya məhkəməsi qərarının bu hissəsinin də icraatına xitam verilməlidir.
 
Beləliklə, aydın olur ki, R.Xəlilov 1.01.03-cü ildə R.Ağacanovu xuliqanlıq niyyəti ilə öldürməmişdir. Şəxsi münasibətlər zəminində baş vermiş narazılıqla əlaqədar qarşılıqlı dalaşma zamanı R.Ağacanovun R.Xəlilovu qəsdən öldürməsi AR CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təkzib edir. Ona görə də R.Xəlilovun əməli CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
 
Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan əməl ağır cinayətlər sırasına aiddir. Ona görə də R.Xəlilov təyin olunan azadlıqdan məhrumetmə cəzasına ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
 
Bunlarla yanaşı, könüllü gəlib boynuna aldığına görə haqqında CM-nin 60-cı maddəsi ilə müəyyən edilən normanın tətbiq olunması barədə kassasiya şikayətinin dəlili ilə kassasiya instansiyası məhkəməsi razılaşmır. Belə ki, qanunun mənasına görə könüllü gəlməyə qədər hadisənin həmin şəxs tərəfindən törədilməsi barədə səlahiyyətli orqanlarda məlumat olmasın. İşdən isə görünür ki, R.Xəlilov hadisə törətdikdən dərhal sonra Bakı şəhərinə getmiş və yalnız iki gündən sonra, yəni 3.01.03-cü ildə Şamaxıya qayıdıb özünü polisə təqdim etmişdir. Həmin vaxt isə artıq polisdə hadisənin məhz onun tərəfindən törədilməsi barədə məlumat olmuşdur.
 
Qeyd olunanlara əsasən AR Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası R.Xəlilov haqqında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 19.08.03-cü il tarixli qərarını dəyişdirmişdir.
 
R.Xəlilovun əməlində CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından həmin maddələrlə işin icraatına xitam verilmiş, onun əməli AR CM-nin 120.1-ci maddəsinə tövsif edilmişdir. Cəzasını çəkmək üçün rejimli cəzaçəkmə müəssisəsi təyin olunmuşdur.
 
Əməlin tövsifi düz olmadığından qərar dəyişdirilmişdir
 
Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan respublikası məhkəməsinin 2003-cü il 27 mart tarixli hökmünə əsasən V.Hüseynov Azərbaycan respublikası CM-nin 220.2.2-ci maddəsi ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum edilmişdir.
 
V.Hüseynov ona görə məhkum edilmişdir ki, o, 23 noyabr 2002-ci il tarixdə, saat 13.00 radələrində Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişdiyi yerdə yerləşən Nəsimi adına bağda tanışı H.Mirzəağa oğlu ilə spirtli içkilər içdikdən sonra sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozmuş v cəmiyyətə açıqca hörmətsizlik edərək, cüzi səbəbdən onunla mübahisə edib dalaşmışlar. Dalaşma zamanı, o, xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmək məqsədilə üstündə gəzdirdiyi cib bıçağı ilə H.Mirzəağa oğlunun döş qəfəsinin sol yarısı nahiyəsindən vuraraq, sol plevra boşluğuna nüfuz edən, sol ağ ciyəri, ürək kisəsini və aorta qövsünü yararaq həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək, sonuncunu qəsdən öldürmüşdür.
 
Məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərinə əsasən işə baxan AR Apellyasiya məhkəməsi özünü 29 may 2003-cü il tarixli qərarı ilə hökmü dəyişdirmədən saxlamışdır.
 
Məhkum V.Hüseynovun müdafiəçisi tərəfindən verilən kassasiya şikayətndə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və məhkumun əməlinin AR CM-nin 122.1-ci, yaxud 123.1-ci maddələri ilə tövsif edilməsi üçün işin Apellyasiya Məhkəməsində yenidən baxılması üçün göndərilməsi xahiş edilir. Kassasiya şikayəti bununla əsaslandırılır ki, məhkum V.Hüseynov mərhum H.Mirzəağa oğlu birlikdə spirtli içki içərkən axırıncı N.hüseynovu “qanından kompot düzəldəcəyi” ilə hədələmiş və bunun üstündə aralarından mübahisə baş vermişdir. Bu vaxt H.Mirzəağa oğlu pencəyinin cibindən bıçaq çıxarıb onu belindən vurmuşdur. Sonradan V.Hüseynov zərərçəkmişin yerdə uzanıb qaldığını və ətrafın qana bulandığını görmüşdür. Onu kim vurmasını xatırlamasa da, məhkəmə iclasında o. H.Mirzəağa oğlunu vurmasını etiraf etmişdir.
 
Kassatorun fikrincə, hadisə zamanı əvvəl mərhum H.Mirzəağa oğlu məhkum V.Hüseynovu vurmuş, yalnız bundan sonra V.Hüseynov içkinin təsiri altında öz bıçağı ilə onu vurub öldürmüşdür. Ona görə də V.Hüseynov ya qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, ya da zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə üstündə CM-nin 122.1-ci və ya 123.1-ci maddələrindən biri ilə məsuliyyət daşımalıdır.
 
Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkum V.Hüseynovun 23 noyabr 2002-ci ildə H.Mirzəağa oğlu ilə birlikdə S.Vurğun və Nizami küçələrinin kəsişdiyi yerdəki bağçada sərxoş vəziyyətdə içki içmələri, mübahisə etmələri və V.Hüseynovun bu mübahisə zəminində bıçaqla H.Mirzəağa oğlunu vuraraq qətlə yetirməsi işin məhkəmə iclasında tədqiq edilən halları ilə sübuta yetmişdir. Məhkum V.Hüseynovun qəsdən öldüm hadisəsi törətməsi kassasiya şikayətində də mübahisə edilmir.
 
Yuxarıda qeyd edildiyi kimi, kassasiya şikayətində V.Hüseynovun əməlinin düzgün tövsif edilməməsi məsələsi qoyulmuşdur.
 
Həmin məsələni müzakirə edən kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, V.Hüseynovun əməlinin tövsifi məsələsində məhkəmə orqanları yanlışlığa yol vermişlər. belə ki, iş materiallarından görünür ki, həm məhkum V.hüseynov, həm də mərhum H.Mirzəağa oğlu ictimai faydalı əməklə məşğul olmayan və daimi yaşayış yeri olmayan şəxslərdir. Onlar tanış olduqdan sonra bir neçə dəfə küçədə oturub birlikdə spirtli içkilər içmişlər. Hadisə günü yenə də oturub spirtli içkilər içərkən V.hüseynovun ifadəsinə görə H.Mirzəağa oğlu ona qarşı ”qanından kompot düzəldərəm” ifadəsini işlətmişdir. Bunun üstündə onlar mübahisə etmiş Hacıbala Mirzəağa oğlu pencəyinin cibindən bıçaq çıxarıb V.hüseynovun bel nahiyəsindən vurmuşdur. V.Hüseynov məhz bundan sonra cib bıçağı ilə zərərçəkmişə bir zərbə vuraraq hadisə yerindən getmək istəmişdir.
 
Hadisənin bu şəraitdə baş verməsi V.hüseynovun ifadəsindən əlavə hadisə yerinin müayinə protokolu, hadisə yerindən götürülmüş və mərhum H.Mirzəağa oğluna məxsus mətbəx bıçağına baxış protokolu, məhkum V.Hüseynovun məhkəmə-tibib ekspertizasının keçirilməsinə dair rəy və işin digər halları ilə sübuta yetirmişdir. Məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, hadisə vaxtı V.Hüseynov da bel nahiyəsindən bıçaqla yetirilməyə xarakterik olan yüngül dərəcəli xəsarət almışdır. Ümumiyyətlə, mübahisənin H.Mirzəağa oğlu tərəfindən başlanması, ilk dəfə onun tərəfindən bıçaq tətbiq edilməsi barədə V.Hüseynovun ifadələri heç nə ilə təkzib olunmur.
 
Belə hadisə zamanı qəsdən adam öldürməsi məhkəmə təcrübəsində qarşılıqlı dalaşma nəticəsində baş vermiş adam öldürmə kimi qiymətləndirilir və qanuna görə AR CM-nin 120.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Ona görə də V.Hüseynovun əməli CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
 
Kassasiya instansiyası məhkəməsi məhkum V.Hüseynovun əməlinin CM-nin 122.1-ci və ya 123.1-ci maddələrinə tövsif edilməli olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
 
V.Hüseynovun məsuliyyət daşımalı olduğu CM-nin 120.1-ci maddəsi ağır cinayətlər sırasına aiddir. Bu səbəbdən də o, həmin maddə ilə təyin olunması cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
 
Qeyd edilənlərə əsasən AR Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyası V.Hüseynov haqqında AR Apellyasiya Məhkəməsinin 2003-cü il 29 may tarixli qərarını dəyişdirərək onun əməlini AR CM-nin 120.1-ci maddəsi ilə tövsif etmiş və ona həmin maddənin sanksiyas daxilində cəza təyin etmişdir.
 
Eyni zamanda, V.Hüseynovun cəza çəkəcəyi müəssisənin növü ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilmişdir.