Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Məhkəməsi İntizam Kollegiyasının qərarları

 

İNTİZAM KOLLEGİYASININ İŞ TƏCRÜBƏSİNDƏN 

Azərbaycan Respublikası Ali Məhkəməsi İntizam Kollegiyasının
 
Q Ə R A R I
 

10 avqust 2004-cü il 

Bakı şəhəri

 
Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası R.Məmmədovun sədrliyi, kollegiya üzvləri Z.Hüseynov, B.Əsədov və İ.nağıyevin iştirakı ilə, S.Həsənovun katibliyi ilə İmişli rayon məhkəməsinin hakimi Əliyev Rəbbil Ağa oğlunun barəsində Azərbaycan respublikası ədliyyə nazirinin 20 iyul 2004-cü il tarixli qərarı əsasında qaldırılmış intizam icraatına dair işə baxaraq
 
M Ü Ə Y Y Ə N     E T D İ:
 
İmişlirayon məhkəməsinin hakimi R.Əliyevin əmək və icra intizamını kobud şəkildə pozması nəticəsində məhkəmədə kargüzarlığın aparılması, sənədlərin qeydiyyatı, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində iş düzgün təşkil edilməmiş, sair ciddi nöqsanlara yol verilmişdir.
 
Hakim Rəbbil Əliyevin barəsində intizam icraatının başlanılmasına səbəb olan faktlar AR ədliyyə naziri tərəfindən intizam kollegiyasına təqdim edilmiş sənədlərdə öz əksini tapır.
 
Belə ki, o. Q.Həsənovun Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci. 177.2.3-cü maddələri ilə. A.Ağayevin Azərbaycan respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilmələrinə dair və baxdığı onlarla digər cinayət işləri üzrə prosessual müddət pozuntusuna və süründürməçiliyə yol vermiş, maraqlı şəxslərin məhkəmə qərarlarından yuxarı instansiya mәhkәmәsinә şikayət etmək hüquqlarını məhdudlaşdırmış, təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozmuşdur.
 
Şakir Ələkbərovun Azərbaycan respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə, Ramiz Heydərovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilmələrinə dair və bir sıra digər cinayət işləri üzrə yekun aktın qəbul edilməsindən beş, altı aydan artıq müddət keçsə də, hakim R.Əliyev məhkəmə iclas protokollarının yazılmasını və imzalanmasını təmin etməmişdir.
 
Hökmün və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi zamanı bir çox hallarda süründürməçiliyə yol verilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə. Sulduz Bəylərovun Azərbaycan respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə ittiham olunmasına dair digər cinayət işləri üzrə məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan hökmlərin icrası barədə hakimin göstərişi məhkəmə ilə bir binada yerləşən məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları qrupuna bir neçə ay keçəndən sonra daxil olmuşdur.
 
Hakim R.Əliyevin sədrliyi ilə baxılmış mülki və inzibati işlər üzrə də ciddi nöqsan və qanun pozuntularına yol verilmişdir.
 
İmişli rayon Nizami adına kolxozun yerli aqrar islahat komissiyasının F.Behbudova, M.Bayramova, J.rzayeva və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququ haqqında 466 ədəd dövlət aktının ləğv edilməsinə dair mülki işə baxarkən hakim R.Əliyev mülki prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, hakim rayon məhkəməsində rəsmi qeydiyyata alınmamış həmin iddia ərizəsini dövlət rüsumunun ödənilməsini təmin etmədən icraata götürmüş, cavabdehlərin sayı baxımından görüləcək işin həcmini nəzərə almadan həmin tarixli qərardadla işin baxılmağa hazırlanması üçün formal müddət (cəmi 6 gün) müəyyən etmişdir. Bu müddət ərzində o, işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verməmiş və onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etməmişdir. İşin məhkəmədə baxılmağa hazırlıq mərhələsində qanunvericiliklə nəzərdə tutulmuş digər hərəkətləri yerinə yetirməyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətlərini cavabdehlərə göndərməmiş, onların rəy və etirazlarını öyrənməmiş, beləliklə, işi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab etməyə əsaslar olmadığı halda, qanunun tələblərinə zidd olaraq onu məhkəmə baxışına təyin etmişdir.
 
466 cavabdehdən heç birinin məhkəməyə gəlməməsi çağırış vərəqələrinin onlara həqiqətən verilməsinə şübhə doğurduğu və bu vərəqələrin çoxsaylı cavabdehlərə çatdırılması barədə məlumatlar olmadığı halda, hakim işə baxılmasını tәxirә salmaq әvәzinә, elə həmin gün iddiaçının ərizəsi әsasında cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında işə baxmış və qiyabi qətnamə ilə iddianı təmin etmişdir. İddia üzrə dövlət rüsumunun ödənilməsi yalnız bundan sonra təmin edilmişdir.
 
İşə baxarkən hakim R.Əliyev tərəfindən yol verilən qanun pozuntuları bununla bitməmişdir. O. göstərilən qaydada çıxartdığı qiyabi qətnamənin surətinin cavabdehlərə göndərilməsini və ya təqdim edilməsini təmin etməmiş, işə baxılmasından təsadüfən xəbər tutmuş, bir neçə cavabdehin qətnamənin ləğv edilməsi barədə verdiyi şikayətləri isə müddətin buraxılması adı ilə qanunsuz olaraq geri qaytarmışdır. Etdiyi qanunsuz hərəkətləri ört-basdır etmək mәqsәdilә hakim guya tərəflərə verilmiş bildiriş. Çağırış vərəqələri ə s. sənədlərin nüsxələrini, habelə qətnamə və qərardadın onlara göndərilməsinə dair uydurma təliqələri işə əlavə etmişdir.
 
Azərbaycan respublikası Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını yol verilmiş prosessual pozuntulara görə ləğv etmiş və işi yeni məhkəmə baxışına qaytarmışdır. Sonradan iddiaçı iddiadan imtina etdiyinə görə rayon məhkəməsinin qərardadı ilə işin icraatına xitam verilmişdir.
 
Hakim R.Əliyev rayonun M.füzuli adına kolxoz yerli aqrar islahatı komissiyasının Ş.Rüstəmova, M.Həsənova, S.Məmmədova və qeyrilərinə qarşı torpağa mülkiyyət hüququ haqqında 279 ədəd dövlət aktının ləğv edilməsinə dair mülki işə baxarkən də qanunun tələblərini eyni qaydada kobud surətdə pozmuş, iş üzrə cavabdehlərin məhkəməyə çağırılması və ya gətirilməsi üçün heç bir tədbir görməmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərini cavabdehlərə göndərməmiş, işə baxaraq qiyabi qətnamə çıxarsa da, məhkəmə iclas protokolunun tərtib edilməsini təmin etməmişdir.
 
Araşdırma zamanı hakim R.Əliyev bu növ torpaq mübahisələri ilə əlaqədar mülki işlərə baxmadığı barədə ədliyyə nazirliyinə məlumat verərək qeyri-səmimilik göstərmişdir.
 
Bundan əlavə, hakim R.Əliyev tərəfindən baxılmış Tahir Qəhrəmanovun əmlakın sahibsiz hesab edilməsi, Tapdıq Əbişovun sudan istifadə qaydasının müәyyәn edilməsi barədə iddiaları ilə əlaqədar və digər üç mülki iş üzrə məhkəmə iclas protokollarının tərtib edilməsi, onlarla mülki iş üzrə isə məhkəmə qətnamələrinin surətinin tərəflərə göndərilməsi təmin edilməmişdir.
 
Göstərilən və digər qanun pozuntularının nəticəsidir ki, cinayət işləri üzrə verilmiş apellyasiya şikayətlərinin hər üçündən biri, mülki işlər üzrə isə apellyasiya şikayətlərinin hər ikisindən biri yuxarı instansiya məhkəməsi tərəfindən təmin edilərək məhkəmənin yekun qərarları dəyişdirilmiş və ya ləğv edilmişdir.
 
Hakim R.Əliyevin sədrliyi ilə baxılmış inzibati xətalara dair 181 iş üzrə inzibati qanunvericiliyin tələbləri pozularaq hazırlıq hərəkətləri görülməmiş, işin baxılmağa hazırlanması barədə qərardad qəbul edilməmiş, yekun məhkəmə qərarının surəti maraqlı şəxslərə göndərilmişdir.
 
Prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə bağlı təqdimatlara baxılması zamanı da nöqsanlara yol verilmişdir. Belə ki, həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması barədə təqdimatlara baxarkәn hakim R.Əliyev cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq məhkəmə iclas protokolunun tərtib edilməsini, qərarların şübhəli və ya təqsirləndirilən şəxslərə verilməsini təmin etməmişdir.
 
Hakim R.Əliyev məhkəmə qərarlarının vaxtında və düzgün icrasına da nəzarət etməmişdir. Belə ki, son iki il ərzində baxılmış cinayət işləri üzrə 36 milyon manat maddi ziyanın cəmi 20 faizi ödənilmiş, inzibati hüquqpozmalara dair cərimə qərarları üzrə dövlət nəfinə tutulmalı olan 15 milyon manat vəsaitdən, ümumiyyətlə, ödəmə aparılmamışdır.
 
Statistik hesabatların tərtibi və təqdim olunması işində də nöqsanlara yol verilmişdir. Belə ki, işlərə baxılmasında və apellyasiya şikayətlərinin göndərilməsində yol verilmiş çoxsaylı müddət pozuntuları hakim R.Əliyev tərəfindən statistik hesabatlarda, ümumiyyətlə, əks etdirilməmiş, digər bir sıra mühüm məlumatlar isə təhrif olunmuşdur.
 
Məhkəmədə vətəndaşların qəbulu, müraciətlərin qeydiyyatı və onlara baxılması sahəsində ciddi nöqsanlar buraxılmışdır. 2003-cü ildə məhkəməyə daxil olan ərizə, şikayət və təkliflərin qeydiyyatı, ümumiyyətlə, aparılmamışdır. Vətəndaşların (Ə.Hüseynovanın, A.Abbasquliyev və qeyrilərinin, M.Ələsgərovun və bir çox digərlərinin) müraciətlərinə biganə münasibət göstərilmiş. əksər hallarda onlara cavablar verilməmişdir. İmişli rayon hərbi komissarı E.Nəsirovun şərəf və ləyaqətinin Ş.Muradov tərəfindən təhqir olunmasına dair müraciəti ilə əlaqədar hakim R.Əliyev üzərinə düşən prosessual hərəkətləri yerinə yetirməmiş və yoxlama gününədək mübahisəyə hüquqi nəticə verməmişdir. Vət.A.Hüseynovanın mənzil mübahisəsinə dair müraciəti isə bi il müddətində qeydiyyata alınmyaraq hərəkətsiz saxlanılmışdır. Yalnız şikayətçi yuxarı instansiya məhkəməsinə və müxtəlif dövlət orqanlarına müraciət etdikdən sonra onun ərizəsinə məhkəmədə baxılmış və müvafiq qərar çıxarılmışdır.
 
Qeyd olunan süründürməçilik halları və kobud qanun pozuntuları vətəndaşların çoxsaylı əsaslı şikayətlərinə səbəb olmuşdur.
 
İntizam Kollegiyasının iclasında iştirak edən hakim Rəbbil Əliyev işdə yol verdiyi nöqsanların artıq aradan qaldırıldığını izah edərək gələcək fəaliyyətində ciddi dönüş yaradacağına söz verdi. O, eyni zamanda məhkəmədə icra və əmək intizamının pozulması hallarına görə təəssüfləndiyini bildirdi.
 
Azərbaycan respublikası Ali məhkəməsinin intizam kollegiyası hesab edir ki, İmişli rayon məhkəməsinin hakimi Rəbbil Əliyevin barəsində intizam icraatı qanuni əsaslarla başlanılmışdır. O, intizam məsuliyyətinə cəlb olunmaqla cəzalandırılmalıdır.
 
Şərh edilənlərə əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 111-ci və 112-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyası
 
Q Ə R A R A     A L I R :
 
İmişli rayon məhkəməsinin hakimi Rəbbil Ağa oğlu Əliyev intizam məsuliyyətinə cəlb olunsun və ona töhmət elan edilsin.
 
İntizam Kollegiyasının qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Komissiyasına 10 sutka ərzində şikayət verilə bilər.
 
Sədrlik edən:
Kollegiya üzvləri: