Azərbaycan Respublikası Ali Məhkəməsi

35 il hakimlik ömrü
Bu il dekabrın 16-da Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin hakimlik fəaliyyətinin 35 ili tamam oldu.
 
Ağazadə Müzəffər Abusət oğlu 1958-ci ildə Masallı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin il Masallı rayon məhkəməsində katib qismində işə qəbul olunmuş və sonrakı illərdəki fəaliyyəti bütünlüklə məhkəmə orqanları ilə bağlı olmuşdur. O, məhkəmədə iclas katibi işləyərkən Bakı Dövlət Universiteti hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1967-ci ildə ali təhsil ocağını hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.
 
Bakı şəhərinə köçdükdən sonra o, Yasamal rayon məhkəməsində katib, Azərbaycan Elmi Tədqiqat Məhkəmə Eskpertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir.
 
1970-ci ildə Daşkəsən rayon məhkəməsinin hakimi seçiləndən sonra bu peşə onun həyatının ayrılmaz hissəsinə çevrilmişdir. O, 1970-76-cı illərdə Daşkəsən rayon məhkəməsinin hakimi, 1976-87-ci illərdə Bərdə rayon məhkəməsinin. 1987-90-cı illərdə Ağdam rayon məhkəməsinin sədri vəzifələrində işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Ali məhkəməsinin üzv seçilən M.Ağazadə 2000-ci ildə yenidən həmin məhkəmənin hakimliyi vəzifəsinə təyin edilmişdir. Hazırda da o. həmin vəzifədə çalışır.
 
Bilik və bacarığını heç vaxt hakimlərdən əsirgəməyən M.Ağazadənin hakimlik peşəsinə yeni qədəm qoyan gənclərin yetişməsində və püxtələşməsində rolu danışmazdır. 1987-ci ildən Respublika hakimlərinin ixtisas komissiyasındakı, ali məhkəmədə işlədiyi dövrdə isə Ali Məhkəmənin İntizam Komissiyasındakı fəaliyyəti ilə o, gənc hakimlərin formalaşmasına özünü töhfəsini vermişdir.
 
M.Ağazadə hüquqşünaslıqla məşğul olduğu bütün dövrlərdə qanunları,xüsusilə cinayət və cinayət-prosessual qanunları dərindən öyrənməyə səy göstərmişdir. O, qanunlardakı boşluqların, anlaşılmazlıqların, ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə müntəzəm olaraq dövrü mətbuatda məqalələri nəşr olunmuşdur. Qanunvericiliyin təkmilləşdirilməsinə yönələn təkliflərin bəziləri özünün müsbət həllini tapmışdır. Onun bu mövzuda yazdığı məqalələrinin bir çoxu toplanaraq bu yaxınlarda kitabça şəklində çap edilmişdir.
 
M.Ağazadə Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq qanunvericilik təşəbbüsü hüququna malik olan Azərbaycan respublikası Ali məhkəməsinin Milli Məclisə təqdim etdiyi bir sıra qanun layihələrinin. qanunların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinə verilən sorğuların müəllifidir. Onun tərəfindən cinayət və cinayət-prosessual qanunların məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında xeyli məsələ hazırlanıb Ali Məhkəmə Plenumunun müzakirəsinə çıxarılmışdır. O. 2000-ci ildə nəşr olunmuş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommentariyasının müəlliflərindən biridir.
 
Bu yaxınlarda Ali Məhkəmənin kollektivi şüurlu ömrünü ədalət mühakiməsinin həyata keçirilməsi kimi müqəddəs işə həsr etmiş Müzəffər Ağazadənin hakimlik fəaliyyətinin 35 illiyini təntənəli surətdə qeyd etmişlər. Kollektivin üzvləri M.Ağazadəyə möhkəm cansağlığı, uzun ömür, gələcək əmək fəaliyyətində uğurlar arzulamışlar. Biz həmin təbriklərə bir daha qoşuluruq.
 
Yoldaşlarından bir qrup