Azərbaycan Respublikası Ali Məhkəməsi

Cinayət qanunu normasının düzgün şərh edilməməsi apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə səbəb olmuşdur
Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2 noyabr 2007-ci il tarixli hökmü ilə F.Ş.Məmmədov Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 29,120.2.9-cu maddələri ilə təqsirli bilinib barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ona görə ki, o, 13 may 2007-ci il tarixdə saat 21 radələrində Xaçmaz rayonunun Ağ-yazı kəndində əmisi oğlanları Q. və İ.Məmmədov qardaşları ilə dalaşmış, sonra isə o, qisas almaq niyyəti və qəsdən öldürmək məqsədilə evində saxladığı 16 kalibirli, «İC» modelli, 149 b nömrəli, təklüləli ov tüfəngini atəşə yararlı vəziyyətə gətirib əmisi R.Məmmədovun evinin həyətinə gəlmiş, orada onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, azyaşlı, 19.01.1994-cü il təvəllüdlü Q.Məmmədova xüsusi amansızlıqla valideynlərinin və yaxın qohumlarının gözü qarşısında bir dəfə atəş açmış, öldürməyə cəhd etmişdir. Bu atəşlə Q.Məmmədova sağ bazunun orta 1/3-nin yaralanması, bazu sümüyünün açıq sınığı, bazu sümüyünün zədələnməsi ilə müşaiyət olunan, yetirildiyi anda həyat və sağlamlıq üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirilmiş, lakin zərəçəkmişə vaxtında tibbi yardım göstərildiyindən, yəni F.Məmmədovun iradəsindən asılı olmayan səbəblərə görə sonuncu cinayəti başa çatdırmamışdır.
 
Hökmdən məhkum F.Məmmədovun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 6 fevral 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, lakin Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilərək hökmdən məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilmiş, hökmün digər hissələri isə dəyişdirilmədən saxlanılmışdır.
 
Sumqayıt Apellyasiya Məhkəməsinin 6 fevral 2008-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
 
Kassasiya protesti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini hökmdən xaric etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bununla əlaqədar kassator Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin maddələrinə əsaslanaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz və bu maddənin mənasına görə, təqsirləndirilən şəxs barəsində cinayət etməyə cəhdə görə cəza təyin edilərkən başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçü həmin cinayətə görə sanksiyada nəzərdə tutulmuş aşağı həddən də aşağı olarsa, həmin müddətə bərabər cəza təyin edilməlidir. Bu zaman CM-nin 62-ci maddəsinin tətbiqinə ehtiyac qalmır. Kassatorun fikrincə, başa çatmamış cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üç hissəsindən az müddətə cəza təyin edildikdə və bu halda cəzanın müddəti və ya həcmi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olduqda, mütləq qaydada Azərbaycan Respublikası CM-nin 62-ci maddəsində göstərilən əsaslar olmalı, belə əsaslar müəyyən edildikdə isə - cəza göstərilən maddə tətbiq edilməklə təyin olunmalıdır. Birinci instansiya məhkəməsi F.Məmmədova cəza təyin edərkən, qanunun tələblərinə düzgün əməl etsə də apellyasiya instansiyası məhkəməsi məhkumun haqqında CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəanı hökmdən xaric etməklə həmin tələbləri pozmuşdur. Kassasiya şikayəti müəllifinin qənaətinə görə, bu hal apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olduğundan Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının F.Məmmədov barəsində olan 6 fevral 2008-ci il tarixli qərarı ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək və həmin protestin təmin edilməsinə dair dövlət itttihamçısının çıxışını dinləyərək hesab etmişdir ki, aşağıdakı əsaslara görə kassasiya protesti qismən təmin edilməli, F.Məmmədovun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 6 fevral 2008-ci il tarixli qərarı isə dəyişdirilməlidir.
 
Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda ilk növbədə qeyd etmişdir ki,Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
 
Qanunun bu tələbinə əsasən və eyni zamanda kassasiya protestinin dəlillərinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası iş üzrə hər hansı bir fakt müəyyən etməmiş və məhkumun təqsirliliyi, habelə onun əməlinin hüquqi tövsifi məsələləri kassasiya baxışının predmeti olmamışdır.
 
Bununla belə, kassasiya kollegiyası F.Məmmədovun cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə düzgün ixtisaslaşdırılmasına dair həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni nəzərə alıb iş üzrə özünün gəldiyi qərarı əsaslandırarkən əvvəla CM-nin 120.2-ci maddəsinin sanksiyasında 12 (on iki) ildən 15 (on beş) ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulduğunu, CM-nin 63.3-cü maddəsinin tələblərinə əsasən isə cinayət etməyə cəhdə görə cəzanın müddətinin və ya həcminin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməməsini qeyd etmişdir.
 
Bu müddəa həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 9-cu bəndində də öz əksini tapmış və həmin bəndə əsasən, CM-nin 63.2 və 63.3-cü maddələrinin tələblərinə müvafiq olaraq cəza təyin edilərkən həmin cəzanın müddəti və ya həcmi şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olduğu hallarda CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac qalmır.
 
Sadə hesablamalar göstərir ki, F.Məmmədovun təqsirli bilindiyi cinayətə cəhdə görə, yəni Azərbaycan Respublikası CM-nin 29,120.2 və 29,120.2.9-cu maddələri ilə təyin oluna bilən azadlıqdan məhrum etmə cəzasının müddəti 11 (on bir) il 3 (üç) ay təşkil edir və birinci instansiya məhkəməsi həmin müddətdə cəza təyin etsə idi bu müddət göstərilən maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az olmasına baxmayaraq CM-nin 62-ci maddəsinin tətbiqinə ehtiyac olmazdı.
 
Lakin, F.Məmmədovun barəsindəki 2 noyabr 2007-ci il tarixli hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavanlığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona təqsirli bilindiyi Azərbaycan CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə müəyyən edilmiş cəzanın, yəni həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçündən də az müddətə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmiş və son nəticədə məhkumun haqqında CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu cəzanın yüngül olması istər apellyasiya, istərsə də kassasiya qaydasında mübahisə edilməmişdir.
 
Yuxarıda göstərildiyi kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu cinayətə cəhdə və hazırlığa görə təyin edilmiş cəzanın müddətini və ya həcmini müəyyən edərkən, nəzərə almışlar ki, bu hallarda cəzanın müddəti və ya həcmi şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az ola bilməsinə baxmayaraq CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac olmur, çünki həmin hallarda cəzanı yüngülləşdirən müstəsna hallar müəyyən edilməyə də bilər.
 
CM-nin 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
 
Qanunun təhlili kassasiya instansiyası məhkəməsinin məhkəmə kolegiyasına belə nəticəyə gəlmək üçün əsas vermişdir ki, cinayətə cəhdə görə şəxsə eyni zamanda həm təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üç hissəsindən də az, həm də sanksiyada nəzərdə tutulan cəzanın aşağı həddindən az müddətə cəzanın təyin edilməsi üçün mütləq qaydada CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq cəzanı yüngülləşdirən müstəsna hallar olmalıdır, belə hallar müəyyən edildikdə isə qeyd olunan qaydada cəza həmin maddəyə istinad edilməklə təyin olunmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, CM-nin 63.3-cü maddəsində göstərilən tələb bu maddəyə əsasən təyin olunan cəzanın yuxarı həddini müəyyən edir və heç də bütün hallarda CM-nin 62-ci maddəsi tətbiq edilmədən bu həddən də az müddətə cəzanın təyin edilməsini nəzərdə tutmur. Buna görə, məhkəmə kollegiyası CM-nin 62-ci maddəsinin tələblərinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, bu maddəyə istinad edilmədən cinayətə cəhdə görə Xüsusi hissənin maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üç hissəsindən az müddəttə və ya həcmdə o halda təyin edilə bilər ki, təyin edilmiş cəzanın müddəti və ya həcmi sanksiyada müəyyən edilmiş cəzanın aşağı həddindən az olmasın.
 
Belə olan halda və F.Məmmədova təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həmin cəzanın yuxarı həddinin dörddə üç hissəsindən və eyni zamanda sanksiyada nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olmasını nəzərə alaraq, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu halda CM-nin 62-ci maddəsinə istinad etməsi cinayət qanunu normasının tələbi baxımından düzgün olmuşdur.
 
 Qeyd olunanlara görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi F.Məmmədovun barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaları hökmdən xaric etməklə haqlı olmadığından və qanunu düzgün şərh etməyərək onun tətbiqində səhvə yol verdiyindən protest qismən təmin edilməli, F.Məmmədovun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 6 fevral 2008-ci il tarixli qərarının nəticəvi hissəsindən isə göstərilən müddəa xaric edilməklə həmin qərar dəyişdirilməlidir.
 
Apellyasiya instansiyası məhkəməsinin cinayət qanunu normasının düzgün şərh edilməməsi nəticəsində yol verdiyi pozuntunun kassasiya icraatı zamanı aradan qaldırılmasını mümkün sayaraq, kassasiya kollegiyası 6 fevral 2008-ci tarixli qərarın ləğv edilməsini məqsədə müvafiq hesab etməmiş və həmin qərarda yuxarıda şərh edilən dəyişikliyi etməklə, qərarın qalan hissəsini dəyişdirilmədən saxlamaqla kifayətlənmişdir.