Azərbaycan Respublikası Ali Məhkəməsi

Qanunun özündə ziddiyətin olması qanuna əsaslanmaqla qəbul olunmuş məhkəmə qərarının ləğv efilməsinə əsas vermir
Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 7 noyabr tarixli hökmünə əsasən T.Otaraşvili Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
 
T.Otaraşvili ona görə məhkum edilmişdir ki, o, 11/VI-07-ci ildə yaşadığı Qax rayonunun Böyük Alatəmir kəndinin kənarında yerləşən “Qoruq gölü” adlanan sahədən satış məqsədilə qanunsuz olaraq yabanı halda bitmiş narkotik xassəli kənaf (kannabis) bitgi kollarından külli miqdarda qurudulmuş çəkidə 18 kq 792 qram marixuana yığaraq onu şərti alıcı R.Rüstəmova 1000 ABŞ dollarına satmışdır.
 
Məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin 31/I-08-ci il tarixli qərarı ilə hökm dəyişdirilmişdir. Hökmün nəticəvi hissəsindəki “6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin” sözləri “barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə əmlakı müsadirə olunmamaqla 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin” ifadəsi ilə əvəz edilmişdir. Hökm qalan hissədə qüvvəsində saxlanmışdır.
 
Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısınn verdiyi kassasiya protestində həmin qərarın dəyişdirilməsi və qərarın nəticəvi hissəsindən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəanın çıxarılması xahiş olunur. Kassasiya protesti bununla əsaslandırılır ki, birinci instansiya məhkəməsi T.Otaraşvilinin təqsirli bilindiyi CM-nin 234.4-cü maddəsinin sanksiyasında məcburi tətbiq edilməli olan əmlak müsadirəsi qismində əlavə cəzanın nəzərdə tutulduğunu bilmiş, bu məsələni müzakirə etmiş, məhkumda cinayət yolu ilə əldə olunan əmlak aşkar edilmədiyindən o, həmin növ cəzaya məruz qalmamışdır. Belə vəziyyətdə CM-nin 62-ci maddəsinin tətbiqinə ehtiyac olmadığı halda apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin maddəni tətbiq etmişdir.
 
Kassasiya kollegiyası aşağıdaki əsaslarla kassasiya protestini təmin etməmişdir.
 
Kassasiya protestində işin faktiki halları, T.Otaraşvilinin əməlinin tövsifi və cəzanın həddi məsələləri mübahisə edilmədən yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanunu normalarının düzgün tətbiq olunmadığı iddia edilir.
 
Azərbaycan Respublikası CM-nin 43.1-ci maddəsinə görə əmlak müsadirəsi qismində cəza yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 51-ci maddəsinə əsasən əmlak müsadirəsi məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, cinayətin predmetlərinin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
 
T.Otaraşvilinin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin sanksiyasında əmlak müsadirəsi qismində əlavə cəza imperativ norma kimi nəzərdə tutulur. Yəni həmin maddə ilə təqsirli bilinən şəxslərə əsas cəza ilə yanaşı əmlak müsadirəsi qismində əlavə cəzanın təyin edilməsi məcburidir. Həmin növdə əlavə cəzanın tətbiq edilməməsi yalnız CM-nin 62-ci maddəsinin tətbiq edilməsi hallarında mümkündür.
 
Belə ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyini zamanı məhkəmə müstəsna hallar olduqda təqsirkara təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin olunması təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarında da izah edilmişdir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmasının səbəbi hökmdə əsaslandırılsın.
 
T.Otaraşvili haqqında çıxarılmış hökmdən görünür ki, CM-nin 234.4.4-cü maddəsinin sanksiyasında əmlak müsadirəsi qismində əlavə cəzanın tətbiqi məcburi olduğu halda ona bu növ cəza təyin edilməmişdir və bu zaman Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə də istinad edilməmişdir. Cinayət qanunu normalarını və məhkəmə təcrübəsini rəhbər tutan Şəki Apellyasiya Məhkəməsi öz qərarında Otaraşvili haqqında əmlak müsadirəsi qismində əlavə cəzanın tətbiq edilməsini CM-nin 62-ci maddəsini tətbiq etmək yolu ilə mümkün olduğunu qeyd etmişdir. Burada hər hansı qanun pozuntuluğuna yol verilməmişdir.
 
Bütün bunlarla yanaşı kassasiya kollegiyası qeyd edir ki, kassasiya protestinin dəlillərini də əsassız, yaxud qanuna zidd hesab etmək olmaz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 yanvar tarixli qərarına və Azərbaycan Respublikası CM-nin 51-ci maddəsinin mənasına görə əmlak müsadirəsi dedikdə təqsirkarın cinayət yolu ilə əldə etdiyi əmlakın əvəzsiz olaraq dövlət xeyrinə alınması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd edilir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına, habelə onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Buradan aydın olur ki, məhkəmə baxışı zamanı məhkəmə təqsirləndirilən şəxsdə cinayət yolu ilə əldə olunmuş əmlak olmaması nəticəsinə gəldikdə əlavə cəza qismində məhkuma əmlak müsadirəsi cəzası təyin etməməlidir.
 
Birinci instansiya məhkəməsi T.Otaraşviliyə əmlak müsadirəsi qismində əlavə cəza təyin etmədikdə qanunun məhz bu müddəasını əsas götürmüşdür və kassasiya protesti verilərkən də bu normaya istinad edilmişdir. Deməli, birinci instansiya məhkəməsi də T.Otaraşviliyə əmlak müsadirəsi qismində əlavə cəza tətbiq etməməkdə haqlı olmuşdur. Çünki cinayət işində T.Otaraşvilinin cinayət fəaliyyəti ilə əlaqədar qanunsuz olaraq hər hansı əmlak əldə etməsi barədə məlumat yoxdur.
 
Göründüyü kimi cinayət qanunvericiliyində təqsirkara əmlak müsadirəsi qismində əlavə cəza verilməsi məsələsində üst-üstə düşməyən iki norma vardır. Bu uyğunsuzluq qanunverici tərəfindən aradan qaldırılana qədər məhkəmələrin eyni məsələyə müxtəlif yanaşma tərzlərinin olması istisna edilmir.
 
Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şəraitdə qanun normaları arasındakı ziddiyyət konkret iş üzrə elə qanuna əsaslanmış məhkəmə qərarlarının dəyişdirilməsinə və ya ləğv edilməsinə səbəb olmamalıdır.
 
Belə bir məsələni də qeyd etmək lazımdır ki, bütün hallarda T.Otaraşvili haqqında əmlak müsadirəsi cəzası tətbiq oluna bilməzdi və məhz belə də edilmişdir. Qanundakı ziddiyyətlər səbəbindən yaranan və məsələnin mahiyyətinə təsir etməyən anlaşılmazlıqlar mahiyyəti üzrə düzgün qəbul edilmiş məhkəmə qərarının dəyişdirilməsinə səbəb ola bilməz.