Azərbaycan Respublikası Ali Məhkəməsi

Milli qanunvericilik və beynəlxalq hüquq cinayət nəticəsində vurulmuş zərərəin ödənilməsini tələb edir
Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Hərbi Polis İdarəsinin Yevlax səhra hərbi polis dəstəsinin sabiq komandir köməkçisi F.Həsənov dəstənin digər vəzifəli şəxsləri ilə birlikdə Yevlax səhra polis dəstəsində saxlanılan R.Əliyevə 1994-cü ilin mart ayının 20-25-nə olan dövrdə işgəncələr vermiş, nəticədə R.Əliyev aldığı işgəncələrdən sol qolunu itirmişdir. R.Əliyevlə birlikdə A.Qədirov adlı şəxsin sağlamlığına yetirdiyi xəsarətlərə görə F.Həsənov Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 dekabr 2005-ci il tarixli hökmü ilə təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
 
R.Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı cinayət əməli ilə sağlamlığa vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və mənəvi ziyanın ödənilməsi barədə əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən ona vurulmuş maddi ziyanın əvəzi 25806,45 manat və vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir.
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2007-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsi iddia tələbinin hüquqi əsasları ilə bağlı milli qanunvericiliyin aşağıdakı normalarına istinad etmişdir:
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
 
Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə müvafiq olaraq dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
 
Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
 
Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
 
Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinin əsası kimi apellyasiya instansiyası məhkəməsinin mənəvi ziyanın ödənilməsi hissəsində qətnaməni əsaslandırmamasına istinad etmişdir.
 
Məhkəmə Kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə bağlı aşağıdakıları qeyd etmişdir
 
Milli qanunvericilik insan hüquq və azadlıqlarının pozulduğu bütün konkret hallar üçün mənəvi ziyanın ödənilməsi ilə əlaqədar tənzimləyici normalar müəyyənləşdirməmişdir.
 
Mənəvi ziyanla bağlı tələb mülki tələblərə aid olduğuna görə mülki mühakimə icraatında hüquq normalarının tətbiqinin ümumi prinsiplərinə müraciət edilməsi məqsədəmüvafiqdir.
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü maddəsi müəyyən edir ki, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir.
 
Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
 
Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir.
 
Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
 
Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Ona görə də konkret hüquq pozuntusu ilə əlaqədar milli qanunvericiliyin mənəvi ziyana görə kompensasiya ödənilməsini nəzərdə tutmadığı hallarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Konvensiyanın 41-ci maddəsi, Avropa Məhkəməsinin presedentləri, həmçinin qanunun analogiyası və hüququn ümumi prinsipləri əsas götürülməklə pozulmuş hüququn bərpası üçün mənəvi ziyana görə kompensasiya ödənilə bilər.
 
Kassasiya instansiyası məhkəməsi daha sonra Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsinə  müraciət edərək qeyd etmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və Vebster Birləşmiş Krallığa qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
 
Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, «Milli məhkəmə müdafiəsi vasitələrinin yaxşılaşdırılması barədə Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Rec (2004)6 saylı tovsiyəsi»sində (2004-cü il mayın 12-də Nazirlər Komitəsinin 114-cü iclasında (12-13 may 2004-cü il) qəbul olunmuşdur) iştirakçı-dövlətlərə «məhkəmənin presedent hüququ nöqteyi-nəzərindən, Konvensiyanın pozulması ilə əlaqədar tutarlı şikayəti olan hər bir kəs üçün milli məhkəmə müdafiəsi vasitələrini, eləcə də bu vasitələrin şikayətin mahiyyəti üzrə qərar çıxanlmasına və aşkar edimiş hər hansı pozuntu ilə bağlı adekvat kompensasiya ödənilməsinə gətirib çıxaracaq dərəcədə səmərəli olmasını təmin etmək tövsiyə olunmuşdur.
 
Qanun layihələrinin, qüvvədə olan qanunların və inzibati praktikanın Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilmiş standartlara üyğunluğunun yoxlanılmasına dair Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Rec (2004)5 saylı tövsiyəsində (2004-cü il mayın 12-də Nazirlər Komitəsinin 114-cü iclasında (12-13 may 2004-cü il) qəbul olunmuşdur) üzv dövlətlərə məhkəmənin presedent hüququ ilə əlaqədar, qanun layihələrinin Konvensiya ilə uyğunluğunun mütəmadi şəkildə yoxlanılması üçün müvafiq və səmərəli mexanizmlərin olmasını təmin etmək; zəruri olduqda, qüvvədə olan qanunların və inzibati praktikanın (o cümlədən, əsasnamələrdə, əmr və sərəncamlarda qeyd olunmuş) uyğunluğunun yoxlanılması üçün bu cür mexanizmlərin olmasını təmin etmək; Konvensiyanın pozulmasının qarşısının alınması üçün qanunların və inzibati praktikanın mümkün qədər qısa-müddət ərzində uyğunlaşdırılmasını təmin etmək tövsiyə edilir.
 
Məhkəmə Kollegiyası belə qənaətə gəlmişdir ki, Azərbaycan dövlətinin hüquqi dövlət olması, Azərbaycan Respublikası Konstitusiyasında insan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edilməsi, insan hüquq və azadlıqlarının bərpa olunmasının məhkəmələrin vəzifəsi kimi müəyyənləşdirilməsi, həmçinin Konvensiyanın 41-ci maddəsi və Avropa Məhkəməsinin təcrübəsinin insan hüquq və azadlıqlarının pozulduğu hallarda ədalətli satisfaksiya yolu ilə əvvəlki vəziyyətin bərpa edilməsi ona dəlalət edir ki, milli məhkəmələr mənəvi ziyanın ödənilməsi ilə bağlı tələblərə baxarkən qeyd olunanları əsas götürməli və pozulmuş hüququn tam bərpasına nail olunması üçün ədalətli kompensasiya ödənilməsini təmin etməlidirlər.
 
Məhkəmə Kollegiyası qeyd etmişdir ki, R.Əliyevə kompensasiya ödənilməsinin zəruriliyi bir tərəfdən də ona qarşı BMT-nin 1984-cü ildə qəbul etdiyi «İşgəncələrin, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzanın qadağan olunması haqqında» Konvensiyada işgəncə kimi nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlıdır. Konvensiyanın 1-ci maddəsinə əsasən «işgəncə» termini dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya onların xəbərdar olması, yaxud göz yumması ilə hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən tətbiq edilən güclü fiziki, yaxud mənəvi ağrı və ya əzab yetirən hərəkətlər deməkdir.
 
Mülki işin materialları və Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 12 oktyabr 2005-ci il tarixli hökmü ilə R.Əliyevə onun etirafına nail olunması üçün işgəncə verilməsi faktı təsdiq olunur. Konvensiyanın 14-cü maddəsinə əsasən hər bir iştirakçı-dövlət öz hüquq sistemində işgəncə qurbanlarının ədalətli kompensasiya almaq hüququnu təmin etməlidir. Bu baxımdan məhkəmə kollegiyası işgəncə qurbanlarına zərərin ödənilməsinin restitusiya, kompensasiya və satisfaksiya formaları üzərində dayanmağı zəruri hesab edir.
 
Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Bəzi hallarda hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Belə ki, həmin əməllər nəticəsində əlavə maddi və mənəvi ziyanın vurulması mümkündür. Ziyanın ödənilməsinin ən optimal və əsas vasitəsi restitusiya hesab olunur.
 
 Dövlətlərin məsuliyyəti haqqında maddələr layihəsinin 35-ci maddəsində izah olunduğu kimi restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Maddə nəzərdə tutur ki, hüquqazidd əməlin törədilməsinə görə cavabdeh olan dövlət, əgər o, «maddi cəhətdən mümkün deyildirsə» və «kompensasiya əvəzinə restitusiyadan əldə olunan bəhrə tamamilə qeyri-mütənasib olan yükə səbəb olmursa» restitusiyanı həyata keçirməlidir. Dövlətlərin məsuliyyəti haqqında maddələr layihəsinin kommentariyasında göstərilir ki, restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını, və ya qeyri-qanuni ələ keçirilmiş əmlakın geri qaytarılmasını əhatə edə bilər; eyni zamanda restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur». Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum), və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar.
 
Restitusiyanın sərhədləri qeyri-məhdud deyildir. Onu həyata keçirmək mümkün deyildirsə, restitusiyadan imtina olunmalıdır. Məsələn, əmlak tam məhv olmuşdursa və onu bərpa etmək mümkün deyildirsə, restitusiya həyata keçirilə bilməz.
 
Kompensasiya («emenda»). Dövlətlərin məsuliyyəti haqqında maddələr layihəsində göstərilir ki, «vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir». Kommentariyada qeyd olunur ki, «restitusiyanın hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir». Zərərin pul ifadəsi ilə qiymətləndirilməsi imkanı haqqında məsələ ilə bağlı kommentariyada qeyd olunur ki, «bədənə vurulmuş zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları –gəlirin və əldə edilə biləcək faydanın itrilməsi, tibbi xidmətlə bağlı xərclər və sair ilə yanaşı, ayrı- ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınların itirilməsi, ağrı və əzablar, şəxsiyyətə, mənzilə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Kompensasiyanın vəzifəsi «ziyanın tam təminindən ibarətdir».
 
Satisfaksiya nəzərdə tutur ki, beynəlxalq hüquqazidd əmələ görə cavabdeh olan dövlət həmin əməl nəticəsində vurulmuş ziyanının restitusiya və ya kompensasiya ilə əvəz edilməsi mümkün deyildirsə, həmin ziyana görə satisfaksiya təqdim etməyə borcludur. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində, rəsmi üzr istəmə və ya hər hansı digər formada ifadə oluna bilər. Satisfaksiya vurulmuş ziyana qeyri-proporsional olmamalı və cavabdeh dövlət üçün alçaldıcı forma almamalıdır. Məsələn baş vermiş pozuntu ilə bağlı lazımi keyfiyyətli istintaqın aparılması və ya pozuntuya yol vermiş şəxsin cəzalandırılması satisfaksiyanın formalarından biri kimi nəzərdən keçirilə bilər. Pozuntuya yol verilməməsi barədə təminat da satisfaksiyanın formalarından biridir. Beynəlxalq hüquqazidd əmələ görə cavabdeh olan dövlət pozuntunu aradan qaldırmalı və əgər vəziyyət tələb edirsə onun təkrarlanmamasına təminat verməlidir.
 
BMT-nin İşgəncə əleyhinə komitəsi bir sıra işlərdə (məsələn, «Urra Guridi İspaniyaya qarşı» (CAT 212/02) işdə, Türkiyəyə səfəri ilə bağlı hesabatda (2003. UN doc. CAT/ C/ CR /30/5) işgəncə qurbanlarına kompensasiya ödənilməsi zəruriliyni qeyd etmişdir.
 
Məhkəmə Kollegiyası belə nəticəyə gəlmişdir ki, həmin işə baxıldıqda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir.