Azərbaycan Respublikası Ali Məhkəməsi

İnsan hüquqları üzrə Avropa Konvensiyasının tələbləri pozulduğuna görə məhkəmə qərarı ləğv edilmişdir
Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2006-cı il 7 iyun tarixli hökmünə əsasən Y.R.Cəbrayılov Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək  l il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 1 il 6 ay sınaq müddətinə şərti hesab olunmuşdur.
 
Həmin hökmlə Z.M.Həsənov, F.Ş.Abbasov, F.A.Zəkiyev, İ.M.Mürsəlov, A.H.Mehdiyev  və F.Z.Saramanov da məhkum edilmişlər.
 
Y.Cəbrayılov ona görə məgkum eidlmişdir ki, o, 7/II-06-cı il tarixdə saat 8 30 radələrində həmin iş üzrə məhkum olunmuş Z.Həsənov, F.Abbasov, F.Zəkiyev, İ.Mürsəlov, A.Mehdiyev və F.Saramanovla birlikdə VAZ 2103 markalı 10 DN 512 və VAZ 2106 markalı 04 BD 505 dövlət nömrə nişanlı avtomaşınlarda Nardaran qəsəbəsinin kənarında yerləşən qəbristanlıqdan qəsəbəyə qayıdarkən 25/I-06-cı ildə həmin qəsəbədə törədilmiş ağır cinayətdə iştirak etmiş şəxslərin müəyyən edilməsi və tutularaq istintaq orqanına təhvil verilməsi barədə istintaq orqanının qərarını icra etmək məqsədilə Nardaran qəsəbəsinə gəlmiş, xidməti vəzifələrini icra edən hakimiyyət nümyəndələrinə, yəni Azərbaycan Respublikası DİN əməkdaşlarından ibarət əməliyyat qrupunun üzvlərinin öz xidməti vəzifələrini yerinə yetirməsinə mane olmuşdur. Hadisə vaxtı Y.Cəbrayılov şəxsən Azərbaycan Respublikası DİN-nin əməkdaşı, polis mayoru A.Əfəndiyevə qarşı müqavimət göstərmişdir.
 
Dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 26/I-07-ci il tarixli qərarı ilə hökm bütün məhkumlar, o cümlədən Y.Cəbrayılov haqqında dəyişdirilmədən saxlanmışdır.
 
Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum Y.Cəbrayılovun verdiyi kassasiya şikayətində həmin qərarın ləğv edilməsi və onun haqqında işin icraatına xitam verilməsi xahiş olunur. Kassasiya şikayəti bununla əsaslandırılır ki, 7/II-06-cı ildə qəbristanlıqdan qayıdarkən hər hansı hakimiyyət nümayəndəsinə, o cümlədən polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Qanuna zidd hər hansı əməl törətmədiyi halda üzlərinə qara maska taxmış şəxslər onu qanunsuz olaraq tutaraq Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla  Mübarizə idarəsinə aparmaqla onun konstitusiya ilə müəyyən edilən hüquqlarını pozmuşlar. Sanksiya məsələsi müzakirə edilərkən hakimin yanına aparılmaq əvəzinə 8/II-06-cı ildə hakim özü təcridxanaya gələrək haqqında həbs qətimkan tədbiri tətbiq edildiyini ona elan etmişdir. Bununla da İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri pozulmuşdur. Nəhayət həmin konvensiyanın 6-cı maddəsinin tələbləri pozularaq iş üzrə zərərçəkmiş qismində tanınmış şəxsləri dindirmək imkanından məhrum olunmuşdur. Çünki zərərçəkmiş qismində tanınmış polis işçiləri qərəzli surətdə məhkəmə iclasına gəlməkdən boyun qaçırmışlar.
 
Kassasiya kollegiyası kassasiya şikayətinin təmin olunması barədə müdafiəçi İ.Aşurovun, apellyasiya instansiyası məhkəməsinin qərraının məhkum Cəbrayılova aid hissəsinin qüvvədə salxanılması barədə dövlət ittihamçısı M.Nəsirovun çıxışlarını dinləyib (məhkum Cəbrayılov xəbər verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti hissə ilə təmin edilməlidir.
 
Kassasiya şikayətinin məzmunundan görünür ki, orada həm işin faktiki halları, həm də ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericiliklə, həmçinin İnsan hüquqları haqqında Avropa Konvensiyası ilə müəyyən edilən hüquqlarının pozulması məsələləri mübahisələndirilir. İşdən görünür ki, Y.Cəbrayılov CM-nin 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır.
 
Belə ki, yuxarıda qeyd edildiyi kimi Y.Cəbrayılov 7/II-06-cı illdə saat 8-30 radələrində Nardaran qəsəbəsindəki qəbristanlığın yaxınlığında Azərbaycan Respublikası DİN-nin əməkdaşı, polis mayoru A.Əfəndiyevə müqavimət göstərməkdə təqsirli bilinərək məhkum edilmişdir. Cəbrayılov ibtidai araşdırma dövründə olduğu kimi məhkəmə iclasında də göstərmişdir ki, həmin gün həmkəndlilləri ilə qəbristanlıqdan qayıdarkən iki ədəd tentli avtomaşınlar onların yolunu kəsmiş, avtomaşınlardan düşən təxminən 15 nəfər üzləri maskalı, əlləri silahlı şəxslər onu və yoldaşlarını tutaraq yerə uzandırmış, qollarına qandal vuraraq “QAZel” markalı avtomaşına doldurmuşlar. Həmin vaxt əməliyyat aparan polis işçilərinə qarşı onun tərəfindən hər hansı müqavimət göstərilməmiş və buna imkanı da olmamışdır.
 
Hökmdə Y.Cəbrayılovun həmin məzmunda ifadəsini təkzib edən hər hansı sübut gətirilməmişdir. Zərərçəkmiş qismində tanınmış A.Əfəndiyev məhkəmə iclasında dindirilmədiyindən Y.Cəbrayılovun ona qarşı göstərdiyi müqavimətin məhz nədən ibarət olması barədə nəticə çıxarmaq mümkün deyildir Məhkəmə iclasında faktiki olaraq heç bir zərərçəkmiş və ya şahid dindirilməmişdir. Məhkəmənin 26/V-06-cı il tarixli qərarı ilə Cinayət-Prosessual Məcəlləsinin 330.5-ci maddəsinə istinad edilərək məhkəmə iclasında bilavasitə iştirak etmədən, texniki vasitələrdən istifadə etməklə (bu texniki vasitələrin nədən ibarət olması da məhkəmə iclas protokolundan görünmür) ifadələri alınan zərərçəkmişlərin heç biri Y.Cəbrayılovun hakimiyyət nümayəndələrinə müqavimət göstərməsi barədə ifadə verməmişlər.
 
Kassasiya kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu hal Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1-ci maddəsinə əsasən hökmün Y.Cəbrayılova aid hissəsinin ləğv edilməsinə əsas verdiyi halda apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm bu hissədə də qüvvədə saxlanmışdır.
 
Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqları haqqında Avropa Konvensiyasının” 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılmaq hüququna, habelə onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququna malikdir.
 
Y.Cəbrayılov yalnız iş üzrə zərərçəkmiş qismində tanınmış Azərbaycan Respublikası DİN-nin əməkdaşı A.Əfəndiyevin ibtidai istintaq dövründə verdiyi ifadə əsasında təqsirli bilinmişdir. Hökmdə Y.Cəbrayılovun Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən hər hansı başqa sübut gətirilməmişdir.
 
Qeyd olunduğu kimi, Y.Cəbrayılov həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında A.Əfəndiyevə qarşı hər hansı hüquqa zidd hərəkət etdiyini inkar etmişdir. A.Əfəndiyev isə bunun əksini iddia etdiyi halda Cinayət-Prosessual Məcəlləsinin 235-ci maddəsinin tələbinə zidd olaraq onlar ibtidai istintaq zamanı üzləşdirilməmişlər. Məhkəmə iclasında isə zərərçəkmiş ümumiyyətlə dindirilməmiş və onun ibtidai araşdırma zamanı verdiyi ifadənin nə dərəcədə həqiqətə uyğun olması araşdırılmamışdır.
 
Bu isə İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinin ciddi şəkildə pozulması deməkdir. Apellyasiya instansiyası məhkəməsi həmin qanun pozuntuluğunu aradan qaldırmaq üçün qanunun ona verdiyi imkanlardan istifadə etməmişdir.
 
Ona görə də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 26/I-07-ci il tarixli qərarının Y.R.Cəbrayılova aid hissəsi ləğv edilməklə bu hissədə işə yenidən baxılmasından ötrü iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
 
Kassasiya şikayəti hissə ilə təmin edilmişdir.