Azərbaycan Respublikası Ali Məhkəməsi

Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır
Şəmkir rayon məhkəməsinin 27 iyun 2006-cı il tarixli qətnaməsi ilə Z.S.Həsənovun ərizəsi təmin edilərək onun Q.Ə.Həsənovdan miras qalmış Şəmkir şəhəri, A.Teymur küçəsindəki 74 saylı evi miras kimi qəbul etməsi faktı müəyyən edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 30 may 2007-ci il tarixli qətnaməsi ilə Şəmkir rayon məhkəməsinin qətnaməsi dəyişdirmədən saxlanılmışdır.
 
G.Ə.Həsənova Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsindən kassasiya şikayəti vermişdir.
 
İŞİN HALLARI
 
Z.S.Həsənova ərizə ilə Şəmkir rayon məhkəməsinə müraciət edib mərhum Q.Ə.Həsənovdan miras qalmış Şəmkir şəhəri, A.Teymur küçəsindəki 74 saylı ev barədə mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin evin onun mülkiyyəti hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
 
Z.S.Həsənov öz ərizəsini bununla əsaslandırmışdır ki, əmisi Q.Ə.Həsənov 01 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Ondan Şəmkir şəhəri, A.Teymur küçəsi 74 №-li ev miras qalmışdır. Q.Ə.Həsənovun birinci növbə vərəsələri, o cümlədən övladı, valideynləri və arvadı olmamışdır. Mərhumun 2-ci növbə vərəsələri olan qardaşları S. 14 iyun 1974-cü ildə, Q. 04 noyabr 1996-cı ildə, İ. 30 iyul 1982-ci ildə, Q. 21 aprel 1997-ci ildə, bacısı F. 13 dekabr 1992-ci ildə vəfat etmiş, bacıçı G. və qardaşı A. daima Rusiya Federasiyasında yaşamışlar. O və digər bacı-qardaşları, həmçinin anası M.M.Həsənova mərhum ataları S.Ə.Həsənova münasibətdə 2-ci növbə vərəsələr olsalar da, qardaşları M., Ə., F., K. və bacısı Q. Rusifa Federasiyasının vətəndaşı olmaqla orada, yaşamış, qardaşı V., bacısı R. və anası M.  Şəmkir şəhərində, qardaşı İ. isə Bakı şəhərində özlərinə məxsus evdə yaşamışlar. Mərhum Q.Ə.Həsənovun sağ qalan bacı və qardaşları, vəfat etmiş bacı-qardaşlarının vərəsələri vərəsəlik açıldıqdan sonra mirası qanunla müəyyən olunmuş müddətdə nə faktiki, nə də rəsmi qəbul etmişlər. Mərhumun 2-ci növbə vərəsəsi kimi yalnız o, mirası faktiki qəbul edərək orada yaşamışdır. Mirası faktiki qəbul edən yeganə vərəsə kimi şəhadətnamə almaq üçün Şəmkir rayon 2 saylı Dövlət Notariat Kontoruna müraciət etmiş, lakin Notariat Kontoru mirası qəbul etmək üçün qanunla müəyyən olunmuş müddəti ötürməsi ilə əlaqədar ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir.
 
İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir.
 
KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARI
 
G.Ə.Həsənova kassasiya şikayətində Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməməsini xahiş etmişdir. O, kassasiya şikayətini Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-da həmin işə baxıldıqda maddi və prosessal qanun pozuntularına yol verilməsi dəlilləri ilə əsaslandırmışdır.
G.Ə.Həsənova kassasiya şikayətində konkret olaraq göstərmişdir ki, miras qoyan Q.Ə.Həsənov onun qardaşıdır. O, 01 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik qanunvericiliyinə görə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair işlərə baxıldıqda bütün vərəsələr işə cəlb edilməli, bu fakt onların iştirakı ilə müəyyən edilməlidir. Lakin aşağı instansiya məhkəmələri buna əməl etməmişdir.
 
G.Ə.Həsənova MİÜMK-nın iclasına vəkilsiz gəlmişdir.
 
Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini və bütünlüklə iş materiallarını araşdıraraq Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilməlidir.
 
HÜQUQ MƏSƏLƏLƏRİ
 
Azərbayjan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələrin 5 növbəsi müəyyən edilmişdir. Həmin Məcəllənin 1159.2-ci maddəsində ölənin bacı və qardaşları ikinci növbə vərəsələr hesab edilirlər. Bu maddədə həmçinin müəyyən olunmuşdur ki, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, miras açıldığı vaxt miras qoyanın vərəsəsi olaraq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası miras payını bərabər alırlar.
 
İş materiallarından görünür ki, Q.Ə.Həsənov 01 fevral 2001-ci ildə vəfat etmişdir. Ondan Şəmkir şəhəri, A.Teymur küçəsindəki 74 saylı ev miras qalmışdır. Onun birinci növbəli vərəsələri olmamışdır. Ərizəçi Z.S.Həsənov Q.Ə.Həsənovun 1974-cü ildə vəfat etmiş qardaşı S-ın oğludur.
 
Q.Ə.Həsənovun əmlakına münasibətdə Z.S.Həsənovun mirası qəbul etməsi faktını müəyyən edən Şəmkir rayon məhkəməsi öz qətnaməsini digər vərəsələr tərəfindən mirası qəbul etməmələri dəlili ilə əsaslandırmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-sı bu qətnaməni dəyişdirmədən saxlamışdır.
 
Məhkəmə Kollegiyası məhkəmə qətnamələrini qanuni və əsaslı hesab etməmişdir.
 
 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
 
İşin 56-cı vərəqində olan notariat kontorunda təsdiq edilmiş 25 may 1979-cu il tarixli vəsiyyətnamədən görünür ki, Q.Ə.Həsənov bütün ev əşyalarını və evini qardaşı oğlu M.S.Həsənova vəsiyyət etmişdir.
 
Məhkəmə Kollegiyası qeyd edir ki, həmin vəsiyyətnamənin mövcud olması qanun üzrə vərəsəliyi istisna edir. Bu vəsiyyətnamənin mövcudluğu Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə məlum olsa da ona hüquqi qiymət verilməmiş, qanun üzrə 2-ci növbəli vərəsə olan Z.S.Həsənovun ərizəsi təmin edilərək onun Q.Ə.Həsənovun mirasını qəbul etməsi faktı müəyyən edilmişdir.
 
Məhkəmə Kollegiyası qeyd etmişdir ki, işə yenidən baxıldıqda mərhum Q.Ə.Həsənov tərəfindən H.S.Həsənovun adına yazılmış vəsiyyətnamənin qüvvədə olub-olmaması aydınlaşdırılmalı, bundan asılı olaraq vəsiyyət və qanun üzrə vərəsələrin vərəsəlik hüquqları müəyyən edilməlidir.
 
Məhkəmə Kollegiyası hesab etmişdir ki, həmin işə baxıldıqda maddi və prosessual qanun pozuntularına yol verildiyi üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi ləğv edilib, iş yeni apellyasiya baxışına göndərilməlidir.
 
Yuxarıda şərh edilənlərə əsasən və Azərbayjan Respublikası MPM-nin 416-419-ju maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası G.Ə.Həsənovanın kassasiya şikayətini təmin etməmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın həmin iş üzrə 30 may 2007-ji il tarixli qətnaməsi ləğv edilərək iş apellyasiya qaydasında yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.