Azərbaycan Respublikası Ali Məhkəməsi

Apellyasiya Məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır
Bərdə rayon məhkəməsinin 15 noyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı T.Musayev və qeyrilərinin cavabdeh Bərdə rayonu, Samux kənd torpaq islahatı üzrə işçi qrupuna qarşı işçi qrupunun qeyri-qanuni hərəkətlərinin aradan qaldırılması, işçi qrupunun ləğv edilməsi və fəaliyyətinə xitam verilməsinə dair iddiası təmin edilərək Bərdə rayonu, Samux kənd torpaq islahatı üzrə işçi qrupunun fəaliyyətinə xitam verilməklə ləğv edilməsi, işçi qrupunun qəbul etdiyi qərarların etibarsız hesab edilməsi qət edilmişdir.
 
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 mart 2007-ci il tarixli qətnaməsi ilə Bərdə rayon məhkəməsinin qətnaməsi  dəyişdirilmədən saxlanılmışdır.
 
İddiaçılar T.Musayev və digərləri cavabdeh Bərdə rayonu, Samux kənd torpaq islahatı üzrə işçi qrupuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, Bərdə rayon, Samux kəndində torpaq islahatı üzrə işçi qrupu, xüsusən onun rəhbəri öz fəaliyyətləri zamanı kobud qanun pozuntularına yol vermiş, məqsədli olaraq əkinə yaralı 26,64 hektar torpaq sahəsini bölgüdən gizlətmiş, əksinə yararsız torpaq sahəsini torpaq payı kimi kənd sakinlərinə verməyə çalışmışlar. Kənd sakinləri arasında aparılan «püşkatma» ardıcıllığı pozulmuş, torpaq payı almaq hüququ olmayan 6 nəfərə torpaq payı vermişlər və digər qanunsuz hərəkətlər etmişlər. Bu isə kənd sakinlərinin haqlı narazılıqlarına səbəb olmuşdur. Kənd sakinlərinin şikayəti əsasında rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya tərəfindən aparılan yoxlama zamanı işçi qrupunun qanunsuz hərəkətləri tam aşkar olunmuşdur. Ona görə də işçi qrupunun ləğv edilməsi, onun fəaliyyətinə xitam verməklə qəbul etdikləri qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
 
İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir.
 
Cavabdeh Bərdə rayonu, Samux kəndi «Elit» Toxumçuluq Müəssisəsində torpaq islahatı üzrə işçi qrupunun rəhbəri K.Mustafayev verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmişdir.
 
Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, tətbiq edilməli maddi hüquq normaları tətbiq edilməmiş, iş üzrə əhəmiyyətli faktlara düzgün qiymət verilməmiş, əsassız və qanunsuz qətnamə qəbul edilmişdir.  
 
Kassasiya instansiyası məhkəməsi məruzəçini, kassasiya şikayətinin məzmununa uyğun izahat verib təmin olunmasını xahiş edən cavabdehin və cavabdehin vəkilinin, Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının və iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, kassasiya şikayətinin dəlillərini nəzərdən keçirib     hesab etmişdir ki, aşağıdakı əsaslara görə qətnamə ləğv edilməlidir.
 
Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bərdə rayonunun Samux kəndində torpaq islahatı üzrə işçi qrupu fəaliyyət göstərdiyi dövrdə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 12.1.2 və 12.1.5-ci maddələrinin, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının 25 mart 1995-i il tarixli qərarı ilə təsdiq edilmiş «Yerli Aqrar İslahat Komissiyaları haqqında» Əsasnamənin 1.4, 1.6, 2.1, 2.2.3, 2.2.6, 2.2.8 və 2.2.11-ci maddələrinin tələblərini pozmuşdur. Samux kəndində torpaq islahatı üzrə işçi qrupu fəaliyyət göstərdiyi dövrdə 17,07 hekatr əkin üçün yararsız torpaq sahəsi əkinə yararlı sahə kimi göstərilmiş və həmin sahəni şoran torpaq kimi qeyd etməklə bölgüdən gizlətmişlər. Torpaq payı alacaq subyektlərin siyahısının hazırlanmasına bilavasitə cavabdeh olan işçi qrupu ərazidə qeydiyyatda olmayan 6 nəfəri Samux kəndi ərazisində olan fermer təsərrüfatının siyahısına salmışlar. Onlar payçılar arasında müəyyən edilmiş püşkatma ardıcıllığını məqsədli olaraq pozmuş, 14 ailəyə (41 subyektə) torpaq payı püşk ardıcıllığına uyğun olmadan başqa uzaq sahədən verilmişdir. İşçi qrupu eyni zamanda «Qönçə» kəndli fermer   təsərrüfatının üzvlərinə torpaq paylarının verilməsinə dair Bərdə rayon məhkəməsinin 30 mart 2006-cı il tarixli qətnaməsinin və rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2006-cı il tarixli qərarının tələblərinə əməl etməmişdir. Nəticədə torpaq payçıları arasında ciddi narazılıq yaranmışdır.
 
Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14.1, 88, 106.1-ci maddələrinin tələblərini pozaraq iddia üzrə həmin maddələrin tələb etdiyi qaydada heç bir araşdırma aparmamış, qətnamədə göstərilmiş adları və soyadları məlum olmayan 6 nəfər və eləcə də mübahisə hüquq və mənafelərinə toxunan digər fiziki və hüquqi şəxslər işə cəlb olunmamış, həmçinin qətnamə Azərbaycan Respublikası MPM-nin 217, 220.4-cü maddələrinin tələblərinə əməl edilmədən tərtib olunmuş, məhkəmə yalnız iddia ərizəsində göstərilənləri qətnamədə göstərməklə kifayətlənmişdir.
 
Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
 
Lakin apellyasiya instansiyası məhkəməsi prosessual qanunun qeyd olunan tələblərinə uyğun olaraq işə baxmalı olduğu halda, qanunun bu tələbinə və eləcə də AR MPM-nin 392.2-ci maddəsinin tələblərinə riayət etməmiş, şikayətin heç bir dəlilini müzakirə etmədən və hansı dəlilə əsasən şikayəti təmin etməməsini göstərmədən birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularını təkrar edərək iş üzrə heç bir araşdırma aparmamış, Bərdə rayon məhkəməsinin qətnaməsində göstərilənləri eyni ilə qəbul etdiyi qətnaməyə köçürməklə kifayətlənmişdir.
 
Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işə əlavə edilmiş sənədlərin kserosurətlərinin heç birinin əsli ilə düz olması Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinin tələb etdiyi lazımı qaydada təsdiq edilmədiyinə görə həmin sənədlər yazılı sübut kimi qiymətləndirilə bilməz.
 
İşin qeyd olunan hallarını müayinə edən məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, maddi və prosessual hüquq normalarının tələbləri pozulduğuna, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və mənafelərinə toxunan qətnamə qəbul edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 418.1- 418.3, 418.4.6-cı maddələrinə əsasən qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməlidir.
 
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasıcavabdeh K.Mustafayevin kassasiya şikayətini qismən təmin etmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın bu iş üzrə 28 mart 2007-ci il tarixli qətnaməsini ləğv edərək işi yenidən apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir.