Azərbaycan Respublikası Ali Məhkəməsi

Cinayət mühakimə icraatının elektron qaydada aparılması qaydası

Maddə 51-1. Cinayət mühakimə icraatının elektron qaydada aparılması

51-1.1. Elektron qaydada cinayət mühakimə icraatı bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır.

51-1.2. Məhkəmə, cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi cinayət mühakimə icraatında “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

51-1.3. “Elektron məhkəmə” informasiya sistemində cinayət prosesinin iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək imkanlarını təmin edən elektron kabinet yaradılır.

51-1.4. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

51-1.5. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

51-1.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə bu Məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir.

51-1.7. Bu Məcəllənin 51-1.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər bu Məcəlləyə əsasən məhkəməyə təqdim etmək hüququna malik olduqları prosessual sənədləri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərə bilərlər.

51-1.8. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim bu Məcəlləyə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onun həmin sistemdə yaradılmış elektron kabinetində yerləşdirir və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verir.

51-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə dövlət ittihamçısı bu Məcəllənin 84.6-cı maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər üzrə elektron sənəd formasında tərtib edilmiş prosessual sənədləri “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edə bilər.

51-1.10. Bu Məcəllənin 51-1.7 – 51-1.9-cu maddələrində nəzərdə tutulmuş qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş sənədlərin digər qaydada verilməsi məhkəmə tərəfindən tələb oluna bilməz.

51-1.11. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə, bu Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənədləri elektron sənəd formasında tərtib edərək bu Məcəllədə həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirir.

51-1.12. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.

 

Maddə 51-2. Cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi

51-2.1. Cinayət mühakimə icraatında prosessual hərəkətlər aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər:

51-2.1.1. bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda;

51-2.1.2. səhhətinin vəziyyəti, yaxud şübhəli, təqsirləndirilən şəxs və ya məhkum istisna olmaqla bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən başqa şəxslərlə bağlı digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etdikdə;

51-2.1.3. yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin qorunması zərurəti yarandıqda;

51-2.1.4. təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə.

51-2.2. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.

51-2.3. Məhkəmə icraatı zamanı prosessual hərəkətlər cinayət prosesi tərəflərinin vəsatəti və ya bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən digər şəxslərin müraciəti, yaxud məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir. Məhkəmə bir və ya bir neçə prosessual hərəkətin, habelə icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərar qəbul edir.

51-2.4. İbtidai araşdırma zamanı bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilməsi müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı ilə həyata keçirilir. Bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslər dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi barədə vəsatət verə bilər. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilmiş şəxs cinayət prosesi tərəflərinin vəsatəti ilə təkrarən bilavasitə dindirilə bilər.

51-2.5. Şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun iştirakı ilə prosessual hərəkətlər həmin şəxsin razılığı olduqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir. Bu Məcəllənin 51-2.1.2-ci maddəsində nəzərdə tutulmuş halda şəxsin səhhətinin vəziyyəti ilə əlaqədar onun prosessual hərəkətin həyata keçirilməsində bilavasitə iştirakının məqsədəuyğun hesab edilməməsinə dair tibbi rəy olduqda, habelə bu Məcəllənin 51-2.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmənin əsaslandırılmış qərarı ilə prosessual hərəkətlər şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun razılığı alınmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər.

51-2.6. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərdə iştirak edən şəxslərə bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və vəzifələri yerinə yetirmək üçün müvafiq şərait yaradılmalıdır.

51-2.7. Prosessual hərəkətlər videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət mühakimə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.

51-2.8. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı aparılmalı, prosessual hərəkətlərin nəticəsinə dair videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda cinayət işinə əlavə edilməlidir.

51-2.9. Prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirildikdə müdafiəçi və ya nümayəndənin videokonfrans əlaqənin yaradılması zamanı olacağı yer təmsil olunan şəxsin seçiminə əsasən müəyyən edilir.

51-2.10. Məhkəmə prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsin olduğu yer üzrə müvafiq məhkəmə sədrinin vasitəsi ilə həmin məhkəmənin aparatına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edir.

51-2.11. Bu Məcəllənin 51-2.4-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etmiş müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dindirmənin videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərarın icrasının təşkil edilməsini bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsin olduğu yer üzrə müstəntiqə və ya təhqiqat orqanının əməkdaşına, azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılan şəxs barəsində həbs və ya cəzaçəkmə yerinin müdiriyyətinə, hərbi qulluqçu barəsində isə komandanlığa həvalə edir.

51-2.12. Prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə icrasının təşkili həvalə edildiyi şəxs bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsi bu Məcəllə ilə müəyyən edilmiş qaydada yanına çağırır və ya onun olduğu yerə gəlir. Daha sonra bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxsin şəxsiyyətini müəyyən edir, videokonfrans əlaqə sistemini yaradan texniki vasitənin işini təmin edir, bu hərəkətləri protokollaşdırır.

51-2.13. Cinayət prosesi iştirakçısının Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən onun videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi zərurəti yarandıqda, bu haqda müvafiq olaraq müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərar icra olunması üçün hüquqi yardımın göstərilməsi qaydasında xarici dövlətin müvafiq dövlət qurumuna göndərilir.