Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Mülki kollegiyasına və inzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilməsi qaydası
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ
 

Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı

67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ

Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər.

Maddə 403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ

403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.

403.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər.

403.3. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda prokuror məhkəmə araşdırmalarında iddiaçı və ya ərizəçi olduqda, protest vermək hüququna malikdir.

403.4. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən kassasiya instansiyası məhkəməsinə verilən şikayətdir və hüquqi mahiyyətinə, nəticələrinə görə kassasiya şikayətinə bərabər tutulur.

Maddə 404. Kassasiya qaydasında işə baxan məhkəmə

404.1. Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından kassasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət vermək olar:

404.1.1. apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının qətnamələrindən və qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına;

404.1.2. apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının qətnamələrindən və qərarlarından qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına.

404.2. Aidiyyətə dair mübahisələr üzrə kassasiya şikayətlərinə mülki kollegiyaya və inzibati-iqtisadi  kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər

Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.

 
Maddə 406. Kassasiya şikayəti vermə qaydası
 
406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
 
406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.
 
Maddə 407. Kassasiya şikayətinin məzmunu
 
407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
 
407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
 
407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti , şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan;
 
407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti;
 
407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması;
 
407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
 
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
 
407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
 
407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.