Azərbaycan Respublikası Ali Məhkəməsi

Mülki işlər üzrə kassasiya qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında şikayət verilməsi qaydası
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ
 

Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı

67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması

Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının və İnzibati-iqtisadi  kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər.

Maddə 423. Təqdimat, şikayət və protest vermək hüququ

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının və İnzibati-iqtisadi  kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.

Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları

424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.

424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;

424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə;

424.2.4. kassasiya instasiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa.

Maddə 425. Təqdimatın, protestin və şikayətin məzmunu

Təqdimat, protest və şikayət bu Məcəllənin 407-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.

Maddə 426. Təqdimatın, protestin və ya şikayətin göndərilməsi

426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.

426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər.

426.3. Təqdimat, protest və yaxud şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.

Maddə 427. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi
 
427.1. Təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir.
 
427.2. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraata xitam verilməsinə səbəb olur.