Azərbaycan Respublikası Ali Məhkəməsi

Cinayət işləri üzrə kassasiya qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında şikayət verilməsi qaydası
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT PROSESSUAL MƏCƏLLƏSİ
 
Maddə 421. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətin verilməsi
 
421.1. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət aşağıdakı hallarda verilə bilər:
 
421.1.1. kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə baxılması zamanı bu Məcəllənin 418.2.2, 418.2.3, 418.2.5, 418.2.7, 418.3, 418.4, 419.2, 419.5, 419.6, 419.8—419.11 və 419.13-cü maddələrindən birinin və ya bir neçəsinin tələblərinin pozulmasına yol verdikdə;
 
421.1.2. kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən dəlillər əsaslandırılmadıqda;
 
421.1.3. kassasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsi onun təsviri-əsaslandırıcı hissəsinə uyğun olmadıqda.
 
421.2. (çıxarılıb)
 
 421.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilir.
 

Maddə 422. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər

422.1. Əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat vermək hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrlərinin və ya Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da həyata keçirir.

422.2. Əlavə kassasiya qaydasında protest vermək hüququna yalnız cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyi hallarda Azərbaycan Respublikasının Baş prokuroru malikdir.

422.3. Əlavə kassasiya qaydasında şikayət vermək hüququna zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri, məhkum və ya onun xahişi ilə aşağıdakı tələblərə cavab verən müdafiəçi malikdir:

422.3.1. bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən vəkil;

422.3.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda iştirak etmək üçün vəkillər kollegiyasının müvafiq qurumunun orderini almış vəkil.

Maddə 423. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayətin verilməsi xüsusiyyətləri
 
423.1. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət yalnız hüquq məsələləri üzrə cinayət qanununun və ya bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması məqsədi ilə verilir.
 
423.2. Bu Məcəllənin 421.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət mübahisə edilən kassasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən sonra 12 (on iki) ay müddətində verilə bilər.
 
423.3. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət yazılı şəkildə verilir və onlara məhkəmənin mübahisə edilən hökm və ya qərarının, habelə müvafiq olaraq təqdimatın, protestin və ya şikayətin dəlillərini təsdiq edə biləcək sənədlərin surətləri əlavə olunur.
 
423.4. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət bu Məcəllənin 413.1.1—413.1.6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
 
423.5. Əlavə kassasiya qaydasında verilmiş təqdimata, protestə və ya şikayətə onları vermək hüququ olan bütün şəxslərə çatacaq sayda onların surətləri əlavə edilir.
 
423.6. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermiş şəxs məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında baxılanadək onu geri götürmək hüququna malikdir. Təqdimat, protest və ya şikayətin geri götürülməsi onlara Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmasına xitam verilməsinə səbəb olur.