Azərbaycan Respublikası Ali Məhkəməsi

Məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılmasına dair ərizənin verilməsi qaydası
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT PROSESSUAL MƏCƏLLƏSİ
 
Maddə 461. Məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar
 
461.0. Məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
 
461.0.1. düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olan zərər çəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilməsi;
 
461.0.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilmiş sui-istifadələrinin düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olması;
 
461.0.3. Özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkumun təqsirsizliyinə və ya onun məhkum olunduğu cinayət əməlindən ağırlıq dərəcəsinə görə fərqlənən cinayət törətməsinə, yaxud bəraət almış və ya barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və cinayət prosesinin tərəflərinə məlum olmayan digər hallar.
 
Maddə 462. Yeni açılmış hallar üzrə baxılması mümkün olan hökm və ya qərarlar
 
462.0. Yeni açılmış hallar üzrə aşağıdakı qanuni qüvvəyə minmiş hökm və ya məhkəmənin digər qərarlarına baxıla bilər:
 
462.0.1. ittiham hökmü;
 
462.0.2. bəraət hökmü;
 
462.0.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar;
 
462.0.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar;
 
462.0.5. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar.
 
Maddə 463. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarlarına baxmaq hüququ olan məhkəmə
 
Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarlarına baxılması hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
 
Maddə 464. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin verilməsi
 
464.1. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə vermək hüququna kassasiya şikayəti, kassasiya protesti və ya təqdimat vermək hüququ olan şəxslər malikdirlər.
 
464.2. Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə yazılı şəkildə bu Məcəllənin 412-ci maddəsi ilə kassasiya şikayətlərinin və ya kassasiya protestlərinin verilməsi üçün müəyyən edilmiş qaydada verilir.
 
464.3. Yeni açılmış hallarla əlaqədar ittiham hökmünə məhkumun xeyrinə baxılması haqqında ərizənin verilmə müddəti məhdudlaşdırılmır.
 
464.4. Bəraət hökmünə bəraət almış şəxsin, habelə ittiham hökmünə məhkumun vəziyyətinin pisləşməsi ilə nəticələnə biləcək yenidən baxılması haqqında ərizənin verilməsinə müvafiq halların müəyyən edildiyi və ya müraciət etmiş şəxsin yeni açılmış hallar barədə məlumat aldığı andan 12 (on iki) ay müddətində yol verilir.
 
464.5. Yenidən baxılma haqqında məsələ məhkumun bəraət alması məqsədi ilə qoyulduqda həmin məhkumun vəfat etməsi məhkəmənin hökm və ya qərarına yeni açılmış hallar üzrə baxılmasına mane olmur. Bu halda yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizənin vəfat etmiş şəxsin həyat yoldaşı və ya digər yaxın qohumu tərəfindən verilməsinə yol verilir.
 
Maddə 465. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə dair tələblər
 
465.1. Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizədə aşağıdakılar göstərilir:
 
465.1.1. ərizə ilə müraciət edən şəxsin soyadı, adı, atasının adı və prosessual statusu;
 
465.1.2. mübahisə edilən hökm və ya qərarın dəqiq adı (sənəd nə vaxt, kim tərəfindən və hansı icraat üzrə çıxarılmışdır);
 
465.1.3. məhkəmənin hökm və ya qərarına yenidən baxılması üçün baxılmanın zəruriliyini təsdiq edən əsasların və sübutların ətraflı izahı;
 
465.1.4. məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında məsələnin qoyulduğu səbəblərin əsaslandırılması;
 
465.1.5. ərizənin verilməsi üçün müddətlərə riayət edilməsi halları və mövcud olan sübut vasitələri barədə məlumatlar.
 
465.2. Məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında ərizəyə məhkəmənin barəsində mübahisə edilən hökm və ya qərarının surəti, habelə ərizənin əsaslandırıldığı sənədlər (əslləri və ya surətləri) əlavə edilməlidir.
 
465.3. Məhkəmənin hökm və ya qərarına yenidən baxılması haqqında ərizənin və ona edilmiş əlavələrin surətləri kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olan bütün şəxslərə çatacaq sayda olmalıdır.