Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmə hakimlərinin xüsusi geyimi
Hakimlərin xüsusi geyimi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Hakimlərin xüsusi geyimi haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
 
HEYDƏR ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 22 iyun 1999-cu il
№ 690-IQ
 
Azərbaycan Respublikasının
22 iyun 1999-cu il tarixli 690-IQ Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
 
 
Hakimlərin xücusi geyimi haqqında 
Əsasnamə
 
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin və apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə xüsusi geyimi müvafiq olaraq Ali Məhkəmənin sədri və apellyasiya instansiyası məhkəmələrinin sədrləri təqdim edir.
Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərinə xüsusi geyimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təqdim edir.
2. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri xüsusi geyimi məhkəmə iclaslarına geyinirlər.
3. Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti bitdikdə hakimin xüsusi geyimi həmin şəxsdə qalır.
4. Hakimlərin xüsusi geyimi aşağıdakı kimi təsvir olunur:
Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xüsusi geyimi qara rəngli ipək parçadan çiyindən aşağı qatlarla genişlənmiş formada tikilən, 10 sm ölçüdə qara məxmər parçadan dairəvi yaxalığı olan və ön tərəfdən düymələnən əbadır. Əbanın uzunluğu yerdən 3-4 sm təşkil edir. Xüsusi geyimin qolları yuxarıdan aşağı genişlənmiş olur və aşağı hissəsinə 6 sm ölçüdə qara məxmər parçadan mancet tikilir. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin xüsusi geyiminin yaxasına və qollarına yaşıl rəngdə haşiyə tikilir.
5. Hakimlərin xüsusi geyiminin verilməsi qaydalarını, normalarını və istifadə müddətlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.