Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Səyyad Kərimov Qazaxıstan Respublikasında səfərdə olmuşdur

Bölmə: Xəbərlər 15.03.2022 15:00
  • 2022-ci il martın 14-15-də Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov Qazaxıstan Respublikasında inzibati məhkəmə sahəsində keçirilən bir sıra tədbirlərdə iştirak etmişdir. Səfər çərçivəsində Səyyad Kərimov Nur-Sultan şəhərinin Ixtisaslaşmış rayonlararası İnzibati Məhkəməsində (İRİM) və Qazaxıstan Respublikası Ədliyyə Nazirliyində olmuşdur.

    Martın 14-də Ixtisaslaşmış rayonlararası İnzibati Məhkəməsində (İRİM) keçirilən iclasda inzibati məhkəmənin fəaliyyəti, 8 ay ərzində görülən işlərin yekunları və yeni məcəllənin tətbiqi praktikası müzakirə olunmuşdur. Nur-Sultan şəhər məhkəməsinin İnzibati kollegiyasının sədri Dəmir Əbduqəliyev Qazaxıstanda inzibati məhkəmənin inkişafı və həyata keçirilməsində Azərbaycan Respublikasının təcrübəsinin rolunu və əhəmiyyətini qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının hakimi Səyyad Kərimov Azərbaycan Respublikasında ictimai-hüquqi mübahisələrin baxılması təcrübəsini birinci instansiya hakimləri ilə bölüşmüşdür. Görüş zamanı hüquq tətbiqetmənin problemli məsələləri müzakirə olunmuş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.   

    Martın 15-də hakim Səyyad Kərimov Qazaxıstan Respublikası ədliyyə nazirinin müavini Natalya Pan ilə görüşmüşdür. İnzibati məhkəmə sahəsində təcrübə mübadiləsinə həsr olunmuş görüşdə Latviya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Yanis Neymanis, Qazaxıstan Respublikası Vəkillər Kollegiyasının və Amerika Hüquqşünaslar Assosiasiyasının (American Bar Association «ABA ROLI») nümayəndələri iştirak etmişlər.

    Tədbir zamanı inzibati məhkəmənin hüquq tətbiqetmə təcrübəsinin formalaşmasının aktual problemli məsələləri müzakirə olunmuş və bu məsələlərin həlli ilə bağlı sualları hakim Səyyad Kərimov Azərbaycanda, hakim Yanis Neymanis isə Latviyada mövcud təcrübəni nəzərə alaraq hərtərəfli cavablandırmışlar.

Baxılıb: 1390
Paylaş