Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASI
 
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində, Xəzər dənizinin cənub-qərb sahilində yerləşir. Ərazisi 86,6 min kv.km-dir. Ərazisinin uzunluğu qərbdən şərqə 450 km, şimal-qərbdən cənub-şərqə 440 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası (390 km), şimal-qərbdə Gürcüstan (471 km), qərbdə və cənub-qərbdə Ermənistan Respublikası (1007 km) və Türkiyə (15 km), cənubda İran İslam Respublikası (765 km) ilə həmsərhəddir. Respublikanın quru sərhədlərinin uzunluğu 2647 km, su sərhədlərinin uzunluğu 816 km-dir.
 
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
 
Azərbaycan Respublikası ərazisinin təqribən yarısı dağlıqdır. Şimalda Böyük Qafqaz, cənubda Kiçik Qafqaz dağları və onların arasında Kür çökəkliyi, cənub-şərqdə Talış dağları uzanır. Ölkənin ərazisi faydalı qazıntılarla – neft, qaz, polimetal, dəmir filizi, alüminium, kobalt, mineral sular və s. ilə zəngindir. Dünyada mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycan Respublikasında müşahidə olunur. Respublika ərazisi sıx çay şəbəkəsinə, zəngin torpaq-bitki örtüyü və heyvanat aləminə malikdir.
 
Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir. 1991-ci il oktyabrın 18-də Milli Məclisdə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.
 
1995-ci il 12 noyabrda ümumxalq referendumunda Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir.
 
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisinə, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
 
Azərbaycan Respublikası prezidentli respublikadır. Bu prezidentin icra hakimiyyətinin başçısı kimi geniş səlahiyyətlərə malik olması və onun Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyəti ilə izah olunur.
 
Prezident Azərbaycan dövlətinin başçısıdır. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir, Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyünün təminatçısıdır, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
 
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Milli Məclis bir palatalı parlamentdir. Qanunyaradıcılığı Milli Məclisin əsas funksional təyinatıdır. Qanunlar yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
 
Məhkəmə hakimiyyətinin əsasını müxtəlif səlahiyyətləri olan, nümayəndəli və icra orqanlarından asılı olmayan məhkəmə orqanlarının məcmuyu təşkil edir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
 
Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Yerli özünüidarəni həyata keçirən bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət hakimiyyəti orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.
 
Azərbaycan Respublikasının tərkibinə Naxçıvan MR daxildir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
 
Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
 
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
 
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Eyni zamanda Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
 
Azərbaycan Respublikasının milli pul vahidi manatdır.
 
Azərbaycan Respublikası çoxsahəli sənayeyə və kənd təsərrüfatına, geniş nəqliyyat şəbəkəsinə, inkişaf etmiş elmə, qədim və zəngin mədəniyyətə malikdir. Ağır sənaye sahələri üstünlük təşkil edir. Neft və qazçıxarma, neft-kimya, maşınqayırma, metallurgiya, yeyinti, tikinti materialları sənayesi, yüngül sənaye və s. inkişaf etmişdir. Kənd təsərrüfatı əsasən, pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, meyvəçilik üzrə ixtisaslaşmışdır. Yük və sərnişin daşınmasında dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı əsas yer tutur.