Azərbaycan Respublikası Ali Məhkəməsi

MƏHKƏMƏ HAKİMİYYƏTİ
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti müstəqildir və o, hakimiyyətin başqa qollarından asılılığı olmadan həyata keçirilir.
 
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
 
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.
 
Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.
 
Azərbaycan Respublikasının məhkəmə sistemi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid vəzifələri, təşkilati və fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin məcmuyundan ibarətdir. Azərbaycan Respublikası məhkəmə sisteminin quruluşu “Məhkəmələr və hakimlər haqqında” 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmişdir. Qanunun 19-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmə sisteminə aşağıdakılar aiddir:
 
· rayon (şəhər) məhkəmələri;
· Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi (bundan sonra - Ağır cinayətlərə dair işlər üzrə məhkəmə);
· Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi;
· hərbi məhkəmələr;
· Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi (bundan sonra - Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə);
· yerli iqtisad məhkəmələri;
· Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
· apellyasiya məhkəmələri;
· Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra - Ali Məhkəmə).
 
Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər. Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır.
 
Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşları hakim ola bilərlər.
 
Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
 
Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
 
Hakimlər toxunulmazdırlar. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
 
Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.