Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Plenumu 03.11.2008

Bölmə: Plenum iclasları 3.11.2008 12:35
  •  
    2008-ci il noyabrın 3-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
     
    Plenumu giriş sözü ilə açan Ali Məhkəmənin sədri bu il oktyabrın 15-də azad, şəffaf və demokratik şəraitdə keçirilmiş Prezident seçkilərində dövlət başçısı cənab İlham Əliyevin möhtəşəm qələbəsini ədalətə, qanunçuluğa və humanizmə söykənən növbəti zəfəri kimi qiymətləndirmişdir. Bu qələbənin son beş ildə respublikamızda gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi yekunu, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamlılığında maraqlı olan Azərbaycan cəmiyyətinin prinsipial iradəsinin, istəyinin nəticəsi olduğunu bildirmişdir. Ali Məhkəmənin sədri qeyd etmişdir ki, möhtərəm cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkədə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının davamlı olmasına ən etibarlı təminatdır.
     
    Plenum iclasında «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında» məsələ müzakirə edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikasında hüquq və məhkəmə islahatlarının müvəfəqiyyətlə həyata keçirilməsi, respublikamızın İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya qoşulması nəticəsində insanların şərəf və ləyaqətinin, şəxsi qeyri əmlak hüquqlarının və mənəvi maraqlarının qorunması üçün möhkəm hüquqi təminatlar yaranmışdır. Təsadüfi deyildir ki, bir sıra qanunvericilik aktlarında mənəvi zərərin ödənilməsi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi vasitəsi kimi müəyyən edilmişdir.
     
    Plenumda çıxış edənlər qeyd etmişlər ki, son illərdə mənəvi zərərin ödənilməsi ilə əlaqədar iddiaların sayı xeyli artmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərərin anlayışının, tətbiqi əsaslarının, hesablanma qaydasının mükəmməl müəyyən edilməməsi bu qəbildən olan işlərə baxıldıqda müəyyən çətinliklər yaradır. Bunlarla əlaqədar məhkəmələrə izahlar vermək məqsədəuyğun sayılmışdır.
     
    Plenum konkret cinayət və mülki işlərə də baxmışdır.
     
    Plenum müzakirə olunan məsələ və baxılan işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Baxılıb: 780
Paylaş