Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Ramiz Rzayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşmüşdür.

Bölmə: Xəbərlər 8.04.2021 15:00
  • Aprelin 8-də Türkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Erkan Özoral Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Ali Məhkəmənin sədri Ramiz Rzayev səfirə diplomatik fəaliyyəti dövründə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə hüquq sahəsində də dost və işgüzar əlaqələrin daha da dərinləşməsində oynadığı mühüm rola görə təşəkkür etmişdir.

    Ali Məhkəmənin sədri zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində  ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyə xalqına,  hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana  təşəkkür  etmiş, bunun Ulu Öndər Heydər Əliyevin “Azərbaycan - Türkiyə bir millət, iki dövlətdir” ifadəsinin real həyatda təcəssümü olduğunu  vurğulamışdır. 

    Səfir iki dost və qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirərək, diplomatik fəaliyyəti müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirmiş, doğma Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd etmişdir.

    Görüşdə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xəttlə inkişaf etdiyi, ikitərəfli münasibətlərin regionda sülhün və inkişafın təmin olunmasına töhfə verdiyi qeyd olunmuşdur.

    Sonda Ali Məhkəmənin sədri Səfir Erkan Özorala gələcək diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Baxılıb: 2833
Paylaş