Azərbaycan Respublikası Ali Məhkəməsi


Ulu öndərin anadan olmasının 98-ci ildönümü

Bölmə: Xəbərlər 8.05.2021 09:30
  • 2021-ci il mayın 8-də Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışmışdır.

    Ulu öndərin şərəfli ömrü xalqımızın bu günü və gələcək taleyi ilə bağlıdır.

    1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuşdur. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin yaradırdı.

    Böyük siyasi və dövlət xadimi Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş və onu inkişaf etdirmişdir.

    Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin əməllərinin və amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.

    Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağın Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev ideyalarının təntənəsidir.

    Bu gün Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir.

Baxılıb: 2361
Paylaş