Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə 10-cu Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilmişdir

Bölmə: Xəbərlər 16.05.2021 15:00
  •  

    2021-ci il mayın 16-da Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının (ELSA Azərbaycan) birgə təşkilatçılığı ilə Milli Məhkəmə Müsabiqəsinin X buraxılışının final mərhələsi baş tutmuşdur.

    Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bu tip tədbirlərin təşkilində, gənclərin dərin bilik və təcrübələr əldə etməsində Vəkillər Kollegiyasının fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulamış, Ali Məhkəmənin bu sahədəki fəaliyyətindən söz açmış və ölkədə gənclərin inkişafı sahəsində görülən işlər barədə məlumat vermişdir.

    Daha sonra, çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil edilməsinə göstərmiş dəstəyinə görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkürünü bildirmiş, Kollegiyanın gənc hüquqşünasların vəkilliyə gəlmələrində maraqlı olduğunu qeyd etmiş, ELSA ilə bir neçə ildir davam edən əməkdaşlıqdan, “ProDemos – Xalq üçün” birgə layihəsindən bəhs etmiş, bundan sonra da mütəmadi olaraq belə faydalı tədbirlərin birgə təşkili barədə fikirlərini bölüşmüşdür.

    Müsabiqənin final mərhələsinə haqq qazanan Bakı Dövlət Universitetinin hüquq tələbələrindən ibarət “Salvatores” və “Lawspective” komandaları mülki iş üzrə prosesdə çəkişmişlər. Proses tərəflərinin çıxışları Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Elşanə Vəliyeva, Aqil Abbasov və Elşad Şamayev tərəfindən qiymətləndirilmişdir.

    Tədbirin sonunda final mərhələsində iştirak edən hər iki komandanın üzvləri Çingiz Əsgərov və Anar Bağırov tərəfindən sertifikat və xüsusi hədiyyələrlə təltif edilmişdirlər.

Baxılıb: 1421
Paylaş