Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilmişdir

Bölmə: Xəbərlər 3.12.2021 15:48
  • “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində dekabrın 3-də Ali Məhkəmədə təlim keçirilmişdir.

    Təlimin məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası istiqamətində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə hüquqşünas tələbələri və gənc hüquqşünasları maarifləndirməkdir.

    Tədbirdə məhkəmə hakimləri, vəkillər, gənc hüquqşünaslar və tələbələr iştirak etmişdir.

    Tədbirin açılışında çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov gənc hüquqşünasları və tələbələri Ali Məhkəmədə salamlamış, onlara uğurlar arzulamışdır. Çingiz Əsgərov dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində görülən işlərdən, Ali Məhkəmənin fəaliyyəti və məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi istiqamətində gördüyü tədbirlər barədə danışmış, tədbirin təşkilinə verdiyi dəstəyə görə Gənclər Fonduna minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Ali Məhkəmənin binasında keçirilən təlim gələcək hüquqşünasların hazırlanması və məhkəmə hakimiyyəti barədə məlumatlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

    Vəkillər Kollegiyasının sədri Anar Bağırov ELSA Azərbaycan təşkilatının son illər uğurla fəaliyyət göstərməsini qeyd etmişdir. ELSA ilə Azərbaycanda fəaliyyət göstərən hüquq təsisatları arasında işgüzar əməkdaşlıq münasibətləri qurulmuşdur. Vəkillər Kollegiyası 2018-ci ildən hüquqşünas tələbələrlə sıx və çoxşaxəli və davamlı əməkdaşlıq edir, bu təşkilatın bir çox təşəbbüslərini dəstəkləyir.

    Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev təlim sessiyasında “Məhkəmə-hüquq sistemində islahatlar” mövzusunda təqdimatla çıxış edərək son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat vermişdir.

    Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Fond ELSA Azərbaycan təşkilatının bir neçə layihələrini, ideyalarını, təşəbbüslərini dəstəkləyib və bu iş davam etdirilir. 2019-cu ildə təşkilatın beynəlxalq tədbirinin keçirilməsinin Azərbaycanın gənclər siyasəti üçün əlamətdar hadisə olduğunu vurğulamışdır.

    Milli Məclisin deputatı Kamal Cəfərov bildirmişdir ki, bu gün Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var. Kamal Cəfərov ELSA Azərbaycan təşkilatının tədbirlərinin Ali Məhkəmənin binasında keçirilməsinin müsbət təcrübə olduğunu demişdir və layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna təşəkkür etmişdir.

    Sonda ELSA Azərbaycan təşkilatının üzvləri Ali Məhkəmənin binasında yaradılan iş şəraitlə tanış olmuşdurlar.

Baxılıb: 1334
Paylaş