Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev İsraildə səfərdədir

Bölmə: Xəbərlər 21.09.2022 16:38
  • 2022-ci il 18-22 sentyabr tarixlərində İsrailin Tel-Əviv şəhərində Beynəlxalq Hakimlər Assosiasiyasının 64-cü İllik Konfransı keçirilir.

    Konfransda ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralov təmsil edirlər.

    1953-cü ildə təsis edilmiş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas fəaliyyəti dünyada insan hüquq və azadlıqlarının təminatçısı olan məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunub saxlanmasına yönəlmişdir.

    70-dən artıq ölkənin hakimlərinin iştirak etdiyi konfrans işinə İsrail prezidenti İshaq Hersoqun iştirakçılara ünvanlanmış video müraciəti ilə başlamış və daha sonra açılış nitqi ilə İsrail Ali Məhkəməsinin sədri Ester Hayut, Baş nazirin müavini - ədliyyə naziri Gideon Saar, İsrail Məhkəmələrinin direktoru (inzibati idarəçilik üzrə) Yigal Marzel və digər rəsmi şəxslər çıxış etmişlər.

    Beynəlxalq Hakimlər Assosiasiyasının sədri Joze Matos ayrı-ayrı dövlətlərdə məhkəmə hakimiyyətinin üzləşdiyi problemlər haqqında iştirakçılara ətraflı məlumat verərək, xüsusilə, Qvatemala, Tunis, Əfqanıstan və Polşada hakimlərin müstəqilliyinin məhdudlaşdırılması ilə bağlı mövcud vəziyyətin narahatçılıq doğurduğu vurğulamışdır.

    Tədbirin ikinci günü müxtəlif üzv dövlətlərin nümayəndə heyətləri tərəfindən ölkələrində məhkəmə hakimiyyəti ilə bağlı vəziyyət, aparılan islahatlar və mövcud problemlər barədə məlumatlar təqdim edilib və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

    Konfransda çıxış edən Sənan Hacıyev tədbir iştirakçılarına hakimlərin, eləcə də sabiq hakimlərin maddi-hüquqi, funksional və prosessual toxunulmazlığının təmin edilməsi baxımından əhəmiyyətli olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin  53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 yanvar 2022-ci il tarixli qərarı haqqında məlumat vermişdir. İştirakçılar tərəfindən qeyd edilən qərar maraqla qarşılanaraq, katiblik tərəfindən qərarın ingilis dilinə təcrümə edilmiş xülasəsinin bu sahədə müsbət təcrübə kimi Assosiasiyanın bütün üzvlərinə göndərilməsi qərara alınmışdır.

    Növbəti gün 4 tədris qrupu üzrə: Məhkəmə hakimiyyətinin təşkili, hakimlərin statusu, hüququ və vəzifələri; Mülki hüququ və proses; Cinayət Hüququ və proses; Publik və sosal hüquqlar; faydalı müzakirələr aparılmış və hazırda konfrans öz işini “Hüquq, Texnologiyalar və Sosial Məsələlər” mövzusuna həsr olunmuş müzakirələrlə davam etdirir.

    Eyni zamanda, qeyd edilməlidir ki, tədbir çərçivəsində iştirakçıları İsrail Ali Məhkəməsi və Parlamentinin (Knesset) fəaliyyəti ilə yaxından tanış olmuşlar.

     

Baxılıb: 296
Paylaş