Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olmuşdur

Bölmə: Xəbərlər 4.11.2022 14:32
  • 2022-ci il oktyabrın 31-dən noyabrın 4-dək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər etmişdir.

    Ali Məhkəmənin hakimləri Səyyad Kərimov və Rahib Nəbizadə, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Səadət Bəktaşi, Aida Hüseyn və Sumqayıt İnzibati Məhkəməsinin sədri İmran Burcayevdən ibarət nümayəndə heyəti Astana şəhərində Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri cənab Jakip Asanovla görüş keçirmişdir. Görüşdə Azərbaycan və Qazaxıstan Ali Məhkəmələri arasında yaradılmış səmərəli əməkdaşlıq, təcrübə və bilik mübadiləsi çərçivəsində həyata keçirilən və gələcək tədbirlər müzakirə edilmişdir. J.Asanov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin 2022-ci ilin may ayında Astanaya səfərini çox yüksək qiymətləndirmişdır.

    Daha sonra, nümayəndə heyəti Astana şəhərinin rayon məhkəmələri və inzibati məhkəməyə baş çəkərək, məhkəmələrin təşkili, elektron məhkəmə sisteminin fəaliyyəti və vətəndaşlar üçün yaradılmış şəraitlə tanış olmuşdur.

    Keçirilmiş görüşlərdə iki türkdilli qardaş dövlətin məhkəmə sistemləri arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün növbəti addımlar ətrafında fikir mübadiləsi aparılmışdır.

    Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzi ilə tanışlıq çərçivəsində Məhkəmə Katibliyinin rəhbəri cənab Kristofer Kempbell-Holtla beynəlxalq yurisdiksiyaya malik olan bu məhkəmənin fəaliyyətinin təşkili mövzusunda fikir mübadiləsi aparılmışdır.

    Astana şəhərinə səfər zamanı nümayəndə heyəti həmçinin, 2022-ci ilin avqust ayında öz qapılarını açmış, Mərkəzi Asiyada ən böyük məscid olan Yeni Məscidlə, habelə Qazaxıstan Milli Muzeyində Qazax xalqının zəngin tarixi əks etdirən sərgi ilə tanış olmuşdur.

    Almatı şəhərində olarkən 2022-ci il noyabrın 2-də nümayəndə heyəti apellyasiya instansiyası məhkəməsi olan şəhər məkəməsi ilə tanış olmuş, məhkəmənin sədri A.Smaylov ilə işgüzar görüş keçirmişdir.

    2022-ci ilin 3-4 noyabr tarixlərində nümayəndə heyəti Almatı şəhərində "İnzibati ərizələrin mümkünlüyü və əsaslılığı (inzibati işlərə baxılması metodikası)" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir.

    Ali Məhkəmənin hakimi S.Kərimov konfrasda məruzə ilə çıxış etmiş, nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edərək, Azərbaycanda bu sahədə məhkəmə təcrübəsi barədə məlumat təqdim etmişlər.

    Səfər Azərbaycan İxtisaslaşmış Məhkəmə Hakimlərinin Assosiasiyası tərəfindən təşkil edilmişdir.

Baxılıb: 868
Paylaş