Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə Zəfər Günü qeyd edilib

Bölmə: Xəbərlər 5.11.2022 11:20
  • 5 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib.

    Öncə Azərbaycanın suverenliyi və  ərazi bütövlüyü uğrunda mübarizə aparan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi,  rəşadətli Azərbaycan Ordusunun  şücaəti, Azərbaycan xalqının birliyi nəticəsində 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarının azad olunaraq ərazi bütövlüyümüzün bərpa olunduğu 8 Noyabr gününü  xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldığını vurğulayıb.

    Ali Məhkəmənin sədri qeyd edib ki, Ermənistan 30 ilə yaxın bir müddət ərzində  BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər aparıcı beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq ərazilərimizin 20 faizini işğal altında saxlayıb, şəhər və kəndlərimizi viran qoyub, bir milyondan artıq soydaşımızı evlərindən didərgin salıb, bu azmış kimi “Yeni müharibə - yeni ərazilər” strategiyasını elan edərək cəbhə xəttində vaxtaşırı təxribatlar törədib.  Münaqişənin pik həddi isə, 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi, yaşayış məntəqələrimizi və mülki əhalini qəsdən və məqsədyönlü şəkildə atəşə tutaraq təmas xətti boyunca Azərbaycana qarşı geniş miqyaslı hərbi kampaniyaya başlaması olub.

    Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini təkbaşına yerinə yetirmək məcburiyyətində qalıb. Ədaləti bərpa etmək, uzun illər düşmən tapdağında olan torpaqlarımızı azad etmək uğrunda Vətən müharibəsinə başlayıb.

    44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

    Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib. Ermənistan Kəlbəcər, Ağdam və Laçın rayonlarını hərbi-siyasi yolla Azərbaycana qaytarmağa məcbur edilib.

    Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən ideyaları, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyevin strateji düşüncəsi və sərkərdə qətiyyəti, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində şanlı qəhrəmanlıq salnaməsi yazaraq,  qalib xalq olduğunu  sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

    İşğal bitsə də erməni terroru hələ də davam edir. İşğal dövründə düşmən şəhər və kəndlərimizi tamamilə dağıdıb, ərazilərimizə bir milyondan çox mina basdırıb ki, bu da məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngitməklə yanaşı, müharibədən sonrakı müddətdə mina partlaması nəticəsində 250-dən artıq vətəndaşımızın həlak olması və ya ağır yaralanmasına səbəb olub.

    Ali Məhkəmənin sədri xüsusi vurğulayıb, Azərbaycan Ermənistanın törətdiyi müharibə cinayətləri, mina terroru, eləcə də hərbi təcavüz nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın yaşamaq, şəxsi və ailə həyatına hörmət, mülkiyyət, təhsil və digər hüquqlarının, habelə işgəncələrə məruz qalmamaq, dini etiqad, hərəkət azadlıqlarının pozulmasına görə Ermənistana qarşı həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, həm də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar üzrə işləri davam etdirir.

    Bununla yanaşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş regionlarımızda quruculuq işləri aparılır. Ərazilərimiz minalardan təmizlənir, müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilir. Qısa zaman ərzində Füzuli və Zəngilan rayonlarında müasir standartlara uyğun Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. Şəhər və kəndlər ən müasir üslubda yenidən tikilir və 30 il evlərindən didərgin düşmüş soydaşlarımız mərhələli şəkildə öz torpaqlarına qayıdırlar.

Baxılıb: 1076
Paylaş