Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə AŞPA-nın nümayəndə heyəti ilə görüş keçirilib

Bölmə: Xəbərlər 23.11.2022 11:34
  • 2022-ci il noyabrın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsindən olan nümayəndə heyəti ilə görüşüb.

    Nümayəndə heyətinin üzvlərini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Çingiz Əsgərov qonaqlara ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar  barədə məlumat verib. Ali Məhkəmə sədrinin müavini bildirmişdir ki, kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması səlahiyyətlərinə toxunan Çingiz Əsgərov qeyd etmişdir ki, Ali Məhkəmənin kollegiyaları tərəfindən bir sıra məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərardadlar qəbul edilib.

    Həmçinin Ali Məhkəmənin sədr müavini vurğulamışdır ki, son zamanlar aparılmış islahatlar nəticəsində məhkəmələrin fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələrinə əsasən ölkəmizdə vətəndaşların məhkəmələrə inamı və etimadı daha da artmışdır.

    Çingiz Əsgərov Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd etmişdir. Avropa Şurasının əvvəlki Fəaliyyət Planlarının Azərbaycanda uğurla icra olunduğunu nümayəndə heyəti üzvlərinin nəzərinə çatdıran Ali Məhkəmə sədrinin müavini Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının ölkəmiz üçün olduqca əhəmiyyətli bir sənəd olduğunu və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ali Məhkəmənin Avropa Məhkəməsinin iş fəaliyyətinin və orada tətbiq olunan texnologiyanın öyrənilməsində və bununla da Ali Məhkəmənin fəaliyyətinin institusional olaraq artırılmasında maraqlı olduğunu bildirmişdir.

    Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən AŞPA-nın komitə üzvü Konstantinos Efstatiu Azərbaycan Respublikasının hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirildiyini vurğulayaraq, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin ölkəmizin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

    Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələrin qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılmışdır.

    Görüşdə, həmçinin Avropa Şurasının Bakı Ofisinin rəhbəri, səfir Petr Zix də iştirak edib.

Baxılıb: 662
Paylaş