Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Yevlax rayonunda vətəndaşları qəbul edib

Bölmə: Xəbərlər 13.01.2023 14:52
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, o cümlədən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daim diqqətdə saxlanılır.

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 13-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Yevlax rayonunda Yevlax, Goranboy, Naftalan və Xocalı rayonlarından, eləcə də digər bölgələrdən olan vətəndaşları qəbul edib.

    Qəbuldan öncə Yevlax şəhərində Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

    Qəbul zamanı Ali Məhkəmənin sədri qəbulda iştirak edən şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının qayğıları ilə maraqlanıb.

    Eyni zamanda hər bir vətəndaş diqqətlə dinlənilərək məhkəmələrin fəaliyyəti barədə onların müraciətlərinə baxılıb, qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

    Səfər çərçivəsində Ali Məhkəmənin sədri Yevlax Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Yevlax, Goranboy, Naftalan və Xocalı rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirmişdir.

    Müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial dövlətin yeni modelinin formalaşdırıldığı, insanların yüksək rifahının təmin olunmasının dövlət siyasətinin əsas məqsədi olduğu bildirilib. Dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ tədbirlərdən danışılıb.

    Məhkəmə fəaliyyəti üçün mühüm “yol xəritəsi” olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.

    Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, antikorrupsiya tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib.

    Həmçinin, müşavirədə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər və hazırki mövcud vəziyyət təhlil edilib,  gələcəkdə bu sahədə görülməli işlər barədə tövsiyələr verilib.

Baxılıb: 697
Paylaş