Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin 2015 ci il fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir

Bölmə: Xəbərlər 1.04.2016 12:35
  •              Aprelin 1-də  Ali Məhkəmədə 2015-ci ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı  keçirilmişdir.

                Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki,  görüşün əsas məqsədi Ali Məhkəmənin 2015-ci ildə fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqdan, bu barədə ictimaiyyətə daha geniş məlumat verməkdən, ədalət mühakiməsinə inamı artırmaqdan ibarətdir.

                Ali Məhkəmənin sədri qeyd etmişdir ki, 2015-ci il Ali Məhkəmənin fəaliyyətində bir sıra məqamları ilə yadda qalacaq.

                2015-ci ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.    Ədalət mühakiməsinin yüksək səviyyədə  həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılmış, elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin və məhkəmə kassasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2015-ci il ərzində vətəndaşlarının hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.

                Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, inşan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent  hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir.  

             Son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar istifadəyə verilmiş,  bir o qədər də inşa olunmaqdadır. Bu binalarda vətəndaşların rahatlığı məqsədilə hər cür imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya  şəraitini  aradan qaldırır. 

            Ali Məhkəmənin sədri vurğulamışdır ki, 4 noyabr 2015-ci ildə  Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Şəki məhkəmə kompleksinin açılışını etməsi hakimlər, məhkəmə işçiləri, bütun hüquqşunaslar üçün tarixi hadisədir. Bu,  məhkəmə hakimiyyətinin cəmiyyətdə rolunun  və yerinin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilməsi  kimi qiymətləndirilməlidir.

               Açılış zamanı cənab Prezident İlham Əliyev dərin məzmunlu, proqram xarakterli çıxışında     məhkəmə və ədliyyə orqanları qarşısında mühüm vəzifələr qoymuş, korrupsiyanın aradan qaldırılmasında məhkəmələrin  rolunu xüsusi olaraq qeyd etmiş və bildirmişdir ki, korrupsiya ilə mübarizə aparmaq üçün ilk növbədə,  məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır.

           Ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara.

     dürüst əməl etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına,  məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar.

           Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli  qərarlar insanlarda dövlətə inamı artırır.

           Qeyd edilmişdir ki, müstəqil, qərəzsiz məhkəmə hakimiyyəti ilə kütləvi informasiya vasitələrinin əlaqələri və azad surətdə məlumat vermələri demokratik hüquqi dövlətin zəriri tərkib elementləridir.

           Məhkəmə ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı əməkdaşlıq genişləndirilməlidir. Bu əməkdaşlıq həm də məhkəmə və cəmiyyət arasında əlaqəni təmin edir. Cəmiyyətdə doğru, düzgün və ədalətli  fikir formalaşdırır. Məhkəmənin tərbiyələndirici funksiyasının həyata keçirilməsinə şərait yaradır. Buna görə məhkəmələrlə kütləvi informasiya vasitələri arasında nə qədər sıx münasibətlər yaranarsa, ictimaiyyət bir o qədər dolğun və ətraflı məlumata malik olar.

           Ali Məhkəmənin  mülki, inzibati-iqtisadi və cinayət  kollegiyalarında 2015- ci ildə baxılmış işlərin sayı 2014-cü illə            müqayisədə artmışdır. Mülki kollegiyada  15,2  faiz,  inzibati-iqtisadi kollegiyada  3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz  artma müşahidə olunmuşdur. Hərbi kollegiyada  isə baxılan işlərin sayı 17,2 faiz azalmışdır.

           Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdısa, 2015-ci ildə bu rəqəm 9404  olmuşdur.  Yəni 8,5 faiz artmışdır.  Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı 0,4  faiz  azalmışdır.  Bu, aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi sayəsində mümkün olmuşdur.

           Ali Məhkəmənin Plenumunun 2015-ci ildə 5 iclası keçirilmiş, 12 qərar  qəbul edilmışdır.

           2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.

           Mətbuat konfransında Ali Məhkəmənin “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı da ətraflı məlumat verilib. Həmçinin jurnalistlərə qurumun 2015-ci ildəki fəaliyyətinə dair məlumat kitabçası paylanılıb.

            Mətbuat konfransında Ali məhkəmənin sədri mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara ətraflı cavab vermişdir. 

Baxılıb: 1047
Paylaş