Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Plenumu 29.10.2009

Bölmə: Plenum iclasları 29.10.2009 12:35
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin
    Plenumu haqqında
    M Ə L U M  AT
     
        29 oktyabr 2009-cu ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti  Plenumu keçirilmişdir.

        Ali Məhkəmənin sədri Plenum iclasını açaraq respublikamızda uşaq hüquqlarının müdafiəsi sahəsində  görülən işlərdən danışmışdır. Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin Uşaq ili elan olunması ölkəmizdə uşaqlara qayğının artırılması üçün geniş imkanlar açmışdır. Oktyabrın 22-24-də  Azərbaycanda Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfransın keçirilməsi respublikamızda uşaqların hüquqlarının müdafiəsinə çox böyük önəm verilməsinin göstəriçisçdir.  Azərbaycanda uşaq və gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritet sahələrindəndir.

        Plenumda “Övladlıga götürmə və ya övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi  təcrübəsi haqqında” məsələ  geniş müzakirə olunmuşdur.

        Bildirilmişdir ki, son illər uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi kimi daim diqqət mərkəzində olmuş, uşaqların hüquqlarının təmini üçün səmərəli vasitələr yaradılmışdır. Ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təminini nəzərdə tutan normaları inkişaf etdirilmişdir. Azərbaycan “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyalara qoşulmuşdur.

        Çıxış edənlər vurğulamışlar ki, ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından olmaqla imkan dərəcəsində uşağın ailədə yaşaması və tərbiyə olunmasının təminatlarını nəzərdə tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və anlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlanır.

        Plenum konkret cinayət və mülki işjərə də baxmışdır.

        Plenum müzakirə olunan məsələlər və baxılan işlər barədə müvafiq qərarlar qəbul etmişdir.

        Plenumun işində Məhkəmə Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  təhsil  nazirinin  müavini  Elmar  Qasımov  iştirak etmişlər.
     
     
     
     
     
Baxılıb: 916
Paylaş