Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 10.02.2017

Bölmə: Plenum iclasları 10.02.2017 12:35
  •             10 fevral 2017-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

               Ali Məhkəmənin sədri Plenum iclasını açaraq  bildirmişdir ki, 2016-cı ildə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ədalət mühakiməsinin yüksək səviyyədə  həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılmışdır.

                Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamının icrası və  elektron məhkəməyə keçidin təmin olunması məqsədilə  Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsinin, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi  sistemi yenilənmişdir.  “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə ilə tərəflərin əlaqələrinin asanlaşdırılmasını, sənədlərin işlənməsinin sürətləndirilməsini və işlərin prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətlərdə baxılmasını  təmin edir. Ali Məhkəməyə daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınır, məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin Elektron Arxivinə inteqrasiya edilir. Həmçinin, “Elektron hökumət” portalı vasitəsi ilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir.

                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na   əsasən 2017-ci il yanvarın 1-dən Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası öz fəaliyyətini elektron qaydalar əsasında həyata keçirir. 

                  Daha sonra Ali Məhkəmənin sədri vurğulamışdır ki, mütəmadi olaraq “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent  hüququ müzakirə edilir, hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir.

            Əvvəlki illərlə müqayisədə 2016-cı il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir. Ali Məhkəməyə daxil olan işlərin sayı 25,7 faiz artmış, baxılan işlərin keyfiyyəti  yaxşılaşmışdır.  Ümumiyyətlə, Ali Məhkəmədə 2015-ci ildə 9404 işə baxılmışdısa, 2016-cı ildə bu rəqəm 10 530  olmuş,  yəni işlərin sayı 12 faiz artmışdır.  Baxılan işlərin sayının artmasına baxmayaraq  ləğv olunan məhkəmə qərarlarının sayında  1,5 faiz  azalma müşahidə olunur.  

                   Baxılan işlərdə  Mülki kollegiyada  10,4  faiz,  İnzibati-iqtisadi kollegiyada  28,8 faiz, cinayət kollegiyasında 1,6 faiz  artma müşahidə olunmuşdur. Hərbi kollegiyada  isə baxılan işlərin sayı 9,6 faiz azalmışdır.

               Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2016-cı ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir. Həmin məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.

                 Məruzə edən kollegiya sədrləri 2016-cı ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.

                 Mülki kollegiyada 2015-ci ildə 5657 işə baxılmışdısa, 2016-c- ildə 6246 işə baxılmışdır. Bu da baxılan işlərin sayının ötən ilə nisbətən 10,4 faiz artmasını  göstərir. Baxilmış işlərin sayının artmasına baxmayaraq ləğv edilmiş işlərin sayı 1,5 faiz azalmışdır ki, bu da ədalət mühakiməsinin düzgün həyata keçirilməsini göstərir.  2016-cı ildə bəzi kateqoriyalardan olan işlərin (ailə münasibətləri, əmək, mənzil,  bank-kredit  mübahisələri) sayı artmışdır.  Bu əsasən ailə münasibətləri üzrə mübahisələrə dair işlərdə 71,9 faiz, əmək mübahisələrində 2 dəfə, mənzil mübahisələrində 39,8 faiz, bank-kredit mübahisələrində  93,6 faiz təşkil edir.

      2016-cı il ərzində İnzibati-iqtisadi kollegiyanın icraatında ümumilikdə baxılmış 2247 işdə müxtəlif inzibati orqanlar və onların struktur qurumları tərəf qismində iştirak etmişdir. Baxılmış işlərdə inzibati orqanların fəaliyyəti zamanı qəbul etdiyi qərarlar və hərəkətlərdən olan şikayətlər üzrə yaranmış mübahisələr olmuşdur. Burada qeyd edilməlidir ki, inzibati məhkəmələrin fəaliyyətə başladığı dövrdən bəri (2011-ci ilin yanvarın 1-dən) vətəndaşların inzibati orqanlara olan iddiaların 82-84 % təmin edilmişdir.

     2016-cı ildə  Cinayət Kollegiyasının icraatında olan 2671 nəfər haqqında 2409 işdən 2126 nəfər haqqında 1886 işə baxılmışdır (2015-ci ildə 2110 nəfər haqqında 1856 işə baxılmış, bununla da 2015-ci illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 1,6% və 0,8% artma olmuşdur).

     2016-cı ildə Cinayət kollegiyasında kassasiya qaydasında baxılmış işlər üzrə  şəxslər əsasən mülkiyyət əleyhinə, həyat və sağlamlıq əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan, ictimai təhlükəsizlik əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət əməllərini törətdiklərinə görə məhkum olunmuş və kassasiya şikayətləri və kassasiya protestləri də ən çox məhz bu cinayətlərə görə məhkum olunmuş şəxslər haqqında qəbul edilmiş hökm və qərarlardan verilmişdir. Ləğv olunmuş və ya dəyişdirilmiş qərarlar sırasında isə mülkiyyət əleyhinə cinayət törətmiş şəxslər haqqında qəbul edilmiş qərarlar və ya çıxarılmış hökmlər daha çox olmuşdur.

                     Kassasiya qaydasında baxılmış işlər üzrə talama cinayətlərinə, bu cinayətlərin sırasında da dələduzluğa (CM-nin 178-ci maddəsi) görə məhkum edilmiş şəxslər çoxluq təşkil etmişdir. 

        Hərbi kollegiyanın icraatına 2016-cı ildə daxil olmuş 181 nəfər haqqında 154 işdən 146 nəfər haqqında 122 işə baxılmışdır (2015-ci ildə 151 nəfər haqqında 135  işə baxılmış, bununla da 2015-ci illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 3,3% və 9,6% azalma olmuşdur).

                  2016-cı ildə Hərbi kollegiyada kassasiya qaydasında baxılmış işlərin təhlili  göstərir ki, hərbi məhkəmələr tərəfindən baxılmış işlər üzrə şəxslər, əsasən həyat və sağlamlıq əleyhinə (41 nəfər), hərbi xidmət əleyhinə (27 nəfər), mülkiyyət əleyhinə (22 nəfər) olan cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar.

         Əvvəlki illərdən fərqli olaraq 2016-cı ildə həyat və sağlamlıq əleyhinə olan cinayətlərə dair işlər kassasiya qaydasında baxılmış işlər sırasında çoxluq təşkil etmişdir.

         Bununla belə, 2015-ci illə müqayisədə 2016-cı il ərzində mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, hərbi xidmət əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkum olunmuş şəxslərin sayında azalma müşahidə olunsa da, hərbi qulluqçuların başqa cinayətlərə - həyat və sağlamlıq əleyhinə, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərə görə məhkum olunmalarına dair kassasiya qaydasında baxılan işlərin sayında artma müşahidə olunur. Müsbət hal kimi qeyd edilməlidir ki,  n           arkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə, idarəetmə qaydası əleyhinə olan cinayətlərə dair işlərə  Hərbi kollegiyada 2016-cı il ərzində kassasiya qaydasında baxılmamışdır.

                Ali Məhkəmənin Plenumunun 2016-cı ildə 6 iclası keçirilmiş,   29 qərar  qəbul edilmışdır.  Konkret işlərə baxılmasına dair qərarlarla yanaşı, Plenum tərəfindən  “Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında” Qərarlar  qəbul edilmişdir.   

                 2016-cı ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, habelə digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsi qeyd edilmişdir. 

                 Plenumda Ali Məhkəmənin 2017-ci ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.

                Plenumda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilmişdir.

     

     

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    10 fevral 2017-ci il tarixli iclasında baxılmış mülki iş üzrə

    M Ə L U M A TI

    İddiaçı  Abdullayev Elşad Əliyusif oğlunun cavabdeh Abdullayeva Leyla Hüseyn qızına qarşı təmir xərclərinin əvəzinin ödənilməsi tələbinə dair mülki işə iddiaçı Abdullayev Elşad Əliyusif oğlu tərəfindən verilmiş əlavə kassasiya şikayətinə əsasən baxılmış, əlavə kassasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsi  Mülki Kollegiyasının iş üzrə 11 noyabr 2016-cı il tarixli, 2(102)-4828/2016 saylı qərarının və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli, 2(103)-2243/2016 saylı qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.

        

Baxılıb: 1264
Paylaş