Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin Plenumu 01.02.2013

Bölmə: Plenum iclasları 1.02.2013 12:35
  •          01 fevral 2013-cü ildə Ramiz Rzayevin sədrliyi iləAzərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur. 
    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2012- ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycan xalqı və dövləti öz tarixinə möhtəşəm zəfərlər həkk etmişdir. Dünyanın 155 dövlətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycanın may ayında bu mötəbər qurumun iclasına sədrliyini həyata keçirməsi, Trans-Anadolu Qaz Kəmərinə (TANAR) həyat vəsiqəsi verilməsi, ölkəmizin iqtisadiyyatının rəqabətədavamlılığına görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerə çıxması Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə xidmət etmişdir. Respublikamız üzrə bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. 2012-ci ildə ümumi daxili məhsul 2,2 faiz artmışdır. Əhalinin pul gəlirləri 13,8 faiz artdığına görə işsizliyin səviyyəsi 5,2 faiz aşağı düşmüş, yoxsulluğun səviyyəsi 7,6 faiz azalmışdır. Bütün bunlar çox gözəl göstəricilərdir.
     
                Ötən ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılmış,Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, Aparatda yeni texnologiyalar tətbiq edilmiş, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatı yaxşılaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2012-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir. Respublikamızın bir sıra rayonlarında yeni məhkəmə binaları tikilib istifadəyə verilmişdir.
     
                Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətin Avropa Məhkəməsinin yurisdiksiyasınıtanımasından, ilk növbədə Azərbaycan vətəndaşları faydalanmaqdadırlar. Vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir.
     
    Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2012-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.
     Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.
     Məruzə edən kollegiya sədrləri 2012-ci ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.
     Ali Məhkəmənin bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2012-ci ildə baxılmış işlər 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki kollegiyada 6 faiz, inzibati-iqtisadi kollegiyada 58,3 faiz, cinayət kollegiyasında 59 faiz, hərbi kollegiyada isə 5,6 faiz artma müşahidə olunmuşdur. Qeyd edək ki, Mülki Kollegiyada ailə, əmək, bank krediti ilə bağlı baxılan işlərin sayı nəzərəçarpacaq dərəcədə artmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 20,5 faiz artmışdır. 
     Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayı azalmışdır. Bu isə aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.
     2012- ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
     Ali Məhkəməyə edilən müraciətlərdə artma müşahidə olunmuşdur. Bunu, vətəndaşların məhkəmələrə olan inamının artması kimi qəbul etmək olar.
     Ali Məhkəmənin Plenumunun 2012-ci ildə 5 iclası keçirilmiş, 14 qərar çıxarılmışdır.
     Plenumda Ali Məhkəmənin 2013-ci ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.
     Plenumda konkret işlərə baxılmışdır.
     Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
    01 fevral 2013-cü il tarixli iclasında baxılmış
    cinayət və mülki işlər üzrə
    M Ə L U M A T
     1. Talıbov Seymur Novruz oğlunun 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 102-ci  maddəsinin 1-ci hissəsi,  207-ci maddəsinin 3-cü hissəsi   ilə məhkum edilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Baş Prokurorunun yeni açılmış hallar üzrə icraat açılması barədə ərizəsi əsasında baxılmış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin Talıbov Seymur Novruz oğlunun 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 3-cü hissəsi və 102-ci maddəsinin 1-ci hissəsi ilə məhkəməyə verilməsinə dair 18 avqust 1999-cu il tarixli qərarı və onun həmin maddələrlə məhkum edilməsinə dair 03 sentyabr 1999-cu il tarixli hökmünün yeni açılmış hallar üzrə ləğv edilməsi, işin hazırlıq iclası mərhələsindən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
     2. Talıbov Seymur Novruz oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Baş Prokurorunun yeni açılmış hallar üzrə icraat açılması barədə ərizəsi əsasında baxılmış, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Talıbov Seymur Novruz oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında 02 iyun 2006-cı il tarixli qərarı və onun həmin maddəsi ilə məhkum edilməsinə dair 28 iyun 2006-cı il tarixli hökmünün yeni açılmış hallar üzrə ləğv edilməsi, işin hazırlıq iclası mərhələsindən baxılması üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
     3.İddiaçı Dadaşov Azər Ağazəki oğlunun cavabdeh “OBA” MTK-ya və qeyrilərinə qarşı tikilinin bərpa edilməsi, kompensasiya ödənilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, sərəncamın icrasının dayandırılması tələbinə dair mülki işə Dadaşov Azər Ağazəki oğlunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizə təmin edilərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 22 aprel 2010-cu il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 dekabr 2010-cu il tarixli və Binəqədi rayon məhkəməsinin 20 oktyabr 2008-ci il tarixli qətnamələrinin ləğv edilməsi, işin yenidən baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
     
     
     
     
     
Baxılıb: 1012
Paylaş