
1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6 min nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən Sovet qoşunlarının köməyi ilə bir gecədə darmadağın edildi, 613 nəfər dinc əhali vəhşicəsinə, qəddarlıqla qətlə yetirildi, 150 nəfər itkin düşdü. Bu qanlı faciədə 1000 nəfər dinc sakin müxtəlif dərəcədə şikəst oldu, 1275 nəfər isə - qocalar, qadınlar, uşaqlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə məruz qaldı.
Ermənistan silahlı qüvvəllərinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 %-i Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağın ətraf rayonlardan isə 600 min nəfərdən çox soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.

Azərbaycanda həmçinin 11 min nəfərədək "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, əfqanlar, İran, İraq, Fələstindən olan şəxslər təşkil edir.
Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın, məcburi köçkün və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.
1988-1992-ci illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir. Çünki talan və məhv edilmiş maddi-mənəvi sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. İlkin və tam müəyyənləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.
<< Geri qayıt