Azərbaycan Respublikası Ali Məhkəməsi

AZƏRBAYCAN RESPUBLİKASININ SİYASİ SİSTEMİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyələnir. Onun meydana gəlməsində və fəaliyyətində çox müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir.
 
Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatdı. Konstitusiya ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan Respublikası dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublika parametrlərinə uyğundur.
 
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunverici hakimiyyət səlahiyyətlərini həyata keçirən Milli Məclis, icra hakimiyyətini həyata keçirən prezident və məhkəmə hakimiyyəti. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
 
Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarçılığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.
 
Azərbaycanın siyasi sistemində yerli özünü idarətmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.
 
Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plyuralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.