Azərbaycan Respublikası Ali Məhkəməsi
Zəngilan rayonu

Rayon haqqında

 

Zəngilan rayonu — Kiçik Qafqaz dağ silsiləsinin cənub şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. Ərazisi – 707 km²-dir.
Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır.

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küb qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. "Zəngilan şəhəri" dedikdə əslində Pircavan şəhəri nəzərdə tutlmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə "Pir" sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır, və 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verildi.
Zəngilan rayonunda 1 şəhər, 5 qəsəbə və 79 kənddən olmuşdur.
Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Burada "Şəhri Şərifan" və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub.
Hacallı kəndindəki dairəvi bürc – bu tarixi memarlıq abidəsi də qorunurdu. Bu abidə dairəvi formada olmuşdur. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur.
Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə mövcud idi. Onun da üst hissəsi uçmuş ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır.
Rayon mərkəzində olan bu məscid XVII – XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m. idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi.

 

Qalereya