Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. (AR Konstitusiyası, Maddə 81). Azərbaycan Respublikasının Milli Məclisi bir palatalı parlamentdir. Milli Məclis 125 deputatdan ibarətdir və Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
Milli Məclisin fəaliyyəti və səlahiyyəti statusu iki əsas istiqamətdə reallaşır: birincisi, Milli Məclis geniş məsələlər kompleksi üzrə ümumi qaydalar müəyyənləşdirir. Həmin qaydalar çərçivəsində icra hakimiyyəti konkret idarəçilik funksiyasını həyata keçirir. İkincisi, Milli Məclisin bilavasitə həll etdiyi məsələlər. Bura Milli Məclisin impiçment yolu ilə prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyətlərinə malik olması və digər məsələlər daxildir.
Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərini təsis edir; Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət edir, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilini seçir, Azərbaycan Respublikasının hərbi doktrinasını təsdiq edir, Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini təyin edir, Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir, hakimləri vəzifədən kənarlaşdırır, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verir. Bundan başqa Milli Məclis inzibati ərazi bölgüsü, dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi, Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə e`lan edilməsinə və sülh bağlanmasına icazə verilməsi, referendum təyin edilməsi, amnistiya kimi məsələləri də həll edir.
Qanunvericilik fəaliyyətindən əlavə Milli Məclis dövlət büdcəsini təsdiq və ona nəzarət edir.
Azərbaycan Respublikasının Milli Məclisi öz işini ildə iki dəfə çağırılan (yaz və payız) sesiyaları vasitəsi ilə həyata keçirir.
- PARLAMENTİN TARİXİ
- MİLLİ MƏCLİSİN STRUKTURU
<< Geri qayıt