İcra hakimiyyəti dövlət hakimiyyətinin üç qolundan biridir. O, bir-biri ilə sıx surətdə bağlı olan müəyyən dövlət orqanları sistemində təmsil edilir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqlara malikdir. Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır.
Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Azərbaycan Respublikasının siyasi sisteminə görə Prezident dövlətin başçısıdır. Bir dövlət başçısı kimi Azərbaycan Respublikası Prezidentinin statusu Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsində öz əksini tapmışdır. Burada deyilir:
Azərbaycan dövlətinin başçısı
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini tə`min edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının tə`minatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin tə`minatçısıdır. (Maddə 8).
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezidentə geniş səlahiyyətlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində öz əksin tapmışdır. O, Milli Məclisin razılığı ilə Baş naziri vəzifəyə təyin və vəzifədən azad edir, Nazirlər Kabinetini istefaya göndərir, Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Prezident Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir. Prezident Hökümətin fəaliyyətinə birbaşa nəzarət edir.
Prezident Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir, Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
Prezident Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna malikdir. Prezident ona təqdim olununmuş qanunları 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurarsa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.
Prezident hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.
Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasını yaradır və ona rəhbərlik edir. Dövlət başçısı fövqaladə və hərbi vəziyyət elan olunması barədə fərman verərək 24 saat ərzində Milli Məclisin təsdiqinə verir.
Azərbaycan Respublikasının Prezidenti Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Azərbaycan Respublikasının siyasi sistemində prezidentin xarici siyasət fəaliyyətində səlahiyyətləri genişdir. Prezident rəsmi səfərlərdə, beynəlxalq danışıqlarda ölkənin ən səlahiyyətli təmsilçisi kimi çıxış edir. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamələrini qəbul edir, dövlətin xarici ölkələrdə, beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.
Prezident Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin İcra Aparatını təşkil edir və onun rəhbərini təyin edir.
Prezidentin İcra Aparatı Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır. İcra Aparatı qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir. İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir. Prezidentin və İcra Aparatının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə Prezidentin İşlər İdarəsi məşğul olur. İşlər İdarəsi Prezidentin İcra Aparatının tərkibinə daxil deyil.
Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında cavabdehdir.
Nazirlər Kabinetinin tərkibinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Azərbaycan Respublikasında 20 nazirlik fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
Daxili İşlər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Ədliyyə Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Fövqaladə Hallar Nazirliyi
Gənclər və İdman Nazirliyi
Xarici İşlər Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Maliyyə Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi
Nəqliyyat Nazirliyi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Səhiyyə Nazirliyi
Sənaye və Energetika Nazirliyi
Təhsil Nazirliyi
Vergilər Nazirliyi
Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Neft Fondu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi kimi dövlət təşkilatları və komitələri fəaliyyət göstərir.
İcra hakimiyyəti sisteminin sonuncu pilləsinə yerli icra hakimiyyəti orqanları daxildir. Yerlərdə hakimiyyət dövlət hakimiyyəti sisteminə aid olmayan, tam müstəqil fəaliyyət göstərən yerli özünüidarə orqanları – bələdiyyələr və başçıları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən və onun qarşısında məsuliyyət daşıyan icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə ilə tənzimlənir.
<< Geri qayıt