Azərbaycan Respublikası Ali Məhkəməsi
Füzuli rayonu

Rayon haqqında

 

Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal — Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.

 

uppod