Azərbaycan Respublikası Ali Məhkəməsi
Xocavənd rayonu

Rayon haqqında

 

Azərbaycan Respublikasının Xocavənd rayonu inzibati ərazi vahididir. İnzibati mərkəzi Xocavənd şəhəridir.
Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Yaşayış məskəninin adı ərazidəki Qaranlıq dağından götürülmüşdür. Ərazidə eyni adlı çay da vardır.
Xocavənd rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. 1991-ci il noyabrın 26-da DQMV ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var.
Azərbaycan Respublikasının qədim insan düşərgəsi, dünyanın ən qədim abidələrindən biri olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Azərbaycan Respublikasının Qarabağ regionunda mövcud olan Azıx mağarası ən qədim insan məskənlərindən biridir. Azıx mağarası (Azıx - qədim türk dillərində ayı deməkdir) – Azərbaycan Respublikası ərazisində ən iri karst mağarasıdır. Mağara Füzuli şəhərindən 14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m. hündürlükdədir.
Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən öyrənilmişdir. Mağara Paleolit (qədim daş) dövrünə aid nadir abidələrdən biridir. 1968-ci ildə Azıx mağarasında Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsinin tapılması (keçmiş SSRİ-də birinci, dünyada üçüncü tapıntıdır) Azərbaycan Respublikasının ən qədim insan məskənlərindən biri olduğunu sübut etmişdir.
Mağarada qalınlığı 10-14 metr olan 10 mədəni təbəqə yerləşir. Mağaradan 15 mindən çox daş məmulat aşkar edilmişdir.
Azərbaycan ərazisində təqribən 2 milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən Azıx mağarası ən qə¬dim insanlardan birinin - azıxantropların məskəni olmuşdur.
Qədim daş dövrünə aid insan düşərgələrindən biri olan Tağlar mağarası həmin rayonun ərazisində yerləşir. Tağlar mağarası - paleolit dövrünə aid arxeoloji abidədir. Abidə Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində Quruçayın sol sahilindədir. Tağlar mağarası Mustye abidələri içərisində çoxtəbəqəli nadir düşərgələrdəndir. Tağlar mağarasında altı mədəni təbəqə aşkar edilmişdir. Mədəni təbəqələrdən beş minə yaxın daş məmulat və altı mindən çox fauna qalığı tapılmışdır.
Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin Tuğ kəndi ərazisində I-V əsrlərə aid qəbiristanlıqlar V əsrə aid Alban məbədi, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı, Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində yerləşən qədim Alban qəbiristanlığı, Muğanlı kəndində yerləşən "Seyid Rza" türbəsi və Qaradağlı kəndi ərazisində yerləşən "Yel" piri erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılmışdır.

 

Qalereya