Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılmasına dair tələblər və ərizənin verilməsi qaydası
XƏBƏRLƏRƏ YAZIL
Keçirilən tədbirlər və xəbərlər haqqında məlumat almaq üçün saytımıza yazılın.
XƏBƏR ARXİVİ
FOTO ARXİV
ƏLAQƏ MƏLUMATLARI
- (+99412) 489-07-07
- Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə
- contact@supremecourt.gov.az
-
LIII fəsil
Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat
Maddə 455. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar
455.0. Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
455.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
455.0.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi;
455.0.3. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi.
Maddə 456. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması
456.1. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması hüququna Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
456.2. Bu məcəllənin 455.0.1-ci və 455.0.2-ci maddələrində nəzərdə tutulan əsaslar olduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri hakimlərin birinə işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini tapşırır. İşə plenumun məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə baxılır.
456.3. Bu məcəllənin 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmə aktlarına ərizə əsasında hüquqi məsələlər üzrə yenidən baxır. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması haqqında ərizənin verilməsi, ərizəyə dair tələblər və ərizənin ilkin öyrənilməsi məsələləri bu məcəllənin 464-466-cı maddələrinə uyğun olaraq həll edilir. Ərizənin ilkin öyrənilməsi onun Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 1 aydan çox olmayan müddət ərzində həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin rəyi alındıqdan sonra Ali Məhkəmənin sədri 3 ay müddətində işə baxılması barədə məsələni plenumun gündəliyinə daxil edir.
Maddə 457. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxılması qaydası
İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq olaraq baxılır.
Maddə 458. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar
458.0. Bu məcəllənin 455.0.1-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
458.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
458.0.2. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
Maddə 459. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət təqibi üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın pozulduğunun müəyyən edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar
459.0. Bu məcəllənin 455.0.2-ci maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
459.0.1. müvafiq birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin, habelə əlavə kassasiya qaydasında hüquq və azadlıqların pozulması ilə çıxarılmış məhkəmə aktlarının tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə müvafiq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
459.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;
459.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə.
Maddə 460. Məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi ilə əlaqədar hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə işə yenidən baxmaq haqqında qərar
460.0. Bu məcəllənin 455.0.3-cü maddəsi ilə nəzərdə tutulan hallarda məhkəmə aktlarına yenidən baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul etmək hüququna malikdir:
460.0.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya uyğun olmayan normativ hüquqi akt əsasında birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktlarının, habelə əlavə kassasiya qaydasında çıxarılmış qərarın tam və ya qismən ləğv edilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yenidən baxılması üçün müvafiq olaraq birinci və ya apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə;
460.0.2. bu məcəllənin 421.1.2 və 421.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilməsi barədə;
460.0.3. kassasiya instansiyası məhkəməsinin qərarının və (və ya) əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və yeni qərarın çıxarılması barədə;
460.0.4. birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsinin aktlarının, yaxud əlavə kassasiya qaydasında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə.