Azərbaycan Respublikası Ali Məhkəməsi

İnzibati mübahisələrə dair məhkəmə qərarlarından kassasiya şikayətinin verilməsi qaydası

XI fəsil

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT

 

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi

1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

1.3. Ələt azad iqtisadi zonasında inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxılması “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

 

Maddə 90. Kassasiya şikayəti vermək hüququ

90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

 

Maddə 93. Kassasiya şikayəti üzrə məhkəmə icraatının iştirakçıları və onların nümayəndələri 

Kassasiya şikayəti verən şəxs və apellyasiya instansiyası məhkəməsində inzibati məhkəmə icraatının iştirakçıları olmuş digər şəxslər həmin şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.

 

Maddə 99. Kassasiya şikayətinə yol verilməməsi

99.1. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

99.2. Məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz:

99.2.1. məhkəmə prosesinin aparılması haqqında məhkəmə qərardadlarının (sərəncamlarının);

99.2.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının;

99.2.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının;

99.2.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının;

99.2.5. məhkəmə üzvlərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının;

99.2.6. bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda.